BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Suverenliyin yenidən bərpa olunduğu Xankəndidə İƏT toplantısı

2025-07-10 09:40

4 iyul 2025-ci ildə Azərbaycanın tarixi şəhəri Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvəsi keçirildi.13 ölkənin dövlət və hökumət rəhbərlərinin qatıldığı bu toplantıda regionda baş verən proseslərlə bağlı mühüm mesajlar verildi və yekunda qəbul edilən bəyanatda vacib qərarlar qəbul olundu.

İƏT-in kökləri 1964-cü ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılan Regional İnkişaf üçün Əməkdaşlıq Təşkilatına gedib çıxır. 1985-ci ildə İzmir sazişi ilə qurumun yerini İƏT vermişdir. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan da İƏT-ə qoşuldu. Daha sonra Əfqanıstan da təşkilata üzv oldu. İzmir sazişi ilə təsis edilmiş təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, texniki və mədəni əməkdaşlığı inkişaf etdirməkdir.

Pezeşkian iddiaların əsassız olduğunu sübut etdi

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən toplantısı zamanı regionda iki mühüm hadisə yaşanırdı. Birincisi, Rusiyanın Yekaterinburq şəhərində iki azərbaycanlının Rusiya hüquq-mühafizə orqanları tərəfindən qətlə yetirilməsi nəticəsində iki ölkə arasında yaranan gərginlik, ikincisi isə 12 günlük İsrail-İran müharibəsinin bölgədə yaratdığı əks-səda. Zirvəyə qatılan dövlət və hökumət rəhbərlərinin əksəriyyəti İsrailin İrana hücumunu qınamış və qəbul edilən bəyanatda bu hücumun bütün üzv dövlətlər tərəfindən narahatlıqla qarşılandığı vurğulanmışdı.

Lakin bu zirvə Azərbaycan-İran münasibətləri baxımından xüsusi əhəmiyyət daşıyırdı. Belə ki, İsrail İranı hədəf aldıqda Azərbaycan bu hücumu pisləmiş və heç bir dövlətin Azərbaycanın qonşusu olan İran ərazisindən ona qarşı baza kimi istifadə edilməsinə yol verilməyəcəyini bildirmişdi. Buna baxmayaraq, İranda və regionda bəzi siyasi dairələr davamlı olaraq İsrail təyyarələrinin Azərbaycanın hava məkanından istifadə etdiyinə dair əsassız və yalan məlumatlar yayırdılar. Bu yanlış məlumatların məqsədi həm İranda yaşayan Azərbaycan türkləri arasında, həm də regionda Azərbaycanın nüfuzuna xələl gətirmək idi. Bununla yanaşı, son dövrlərdə Azərbaycan və İran arasında inkişaf edən münasibətləri pozmaq istəyən qüvvələr İranda da mövcud idi.

Bu əsassız xəbərlərə və İrandan gələn etirazlara baxmayaraq, İranın Azərbaycan türkü olan Prezidenti Məsut Pezeşkian Xankəndidə keçirilən zirvədə iştirak edərək iddiaların əsassız olduğunu nümayiş etdirdi. Zirvə zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi geniş tərkibli görüşdə İsrailin hücumlarına qarşı Azərbaycanın verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Pezeşkian ölkəsinə qayıtdıqdan sonra isə bəzi şəxslərin iddia etdiyi kimi səfər zamanı nə gedərkən, nə də dönərkən hər hansı bir təhdid hiss etmədiyini açıqladı. Pezeşkian hökuməti hesab edir ki, qonşularla təhdid dilində danışmaq İranın rəqibləri üçün fürsətlər yaradır.

Üç lider türk dilində ünsiyyət qurdu

Zirvə boyunca Azərbaycan, Türkiyə və İranın türk dilində ünsiyyət quran üç liderinin tərcüməçiyə ehtiyacı olmadı. Bu, hər üç ölkə arasında etimadın möhkəmlənməsi baxımından mühüm irəliləyiş hesab olunur. Qarabağ Zəfərindən sonra Azərbaycan və Türkiyə kimi iki türk dövləti regiondakı vəziyyəti türk dövlətləri xeyrinə dəyişdirdi və İran da bu məntiqi münasibətdə birgə yer almağa çalışır. Xüsusilə, İsrailin İran üzərinə hücumu fonunda, Özbəkistan, Qırğızıstan da daxil olmaqla digər türk dövlətlərinin İranı dəstəkləməsi İran ilə türk dövlətləri arasında münasibətlərin normallaşması üçün imkanlar yaradır.

Rusiya-Azərbaycan böhranı

Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanları tərəfindən iki azərbaycanlının öldürülməsi və doqquz nəfərin saxlanılaraq işgəncəyə məruz qalması ilə bağlı digər böhran ortaya çıxdı. Azərbaycanın cavabdeh şəxslərin cəzalandırılması və məsələnin etnik əsaslı problem kimi təqdim edilməməsi tələbi Rusiya tərəfindən qəbul edilmədi və problem qarşılıqlı ittihamlarla davam etdi. Belə bir şəraitdə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkə lider və hökumət başçılarının Xankəndidə toplanması Azərbaycan üçün siyasi dəstək kimi dəyərləndirilməlidir.

Prezident Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə görüşündə Türkiyənin Azərbaycanın yanında olduğunu və bundan sonra da dəstəyini davam etdirəcəyini açıqladı. Türkiyəyə qayıdarkən isə Azərbaycan-Rusiya-Türkiyə strateji münasibətlərinin çox dərin məna kəsb etdiyini və mövcud böhranın uzadılmasının düzgün olmadığını, münasibətlərin normallaşdırılmasının vacibliyini vurğuladı. Həqiqətən də İƏT zirvəsi başa çatdıqdan sonra Rusiya-Azərbaycan arasındakı böhran tədricən sakitləşməyə başladı.

Əfqanıstan da Zirvədə iştirak etdi

Sammitdə diqqətçəkən məqamlardan biri də Əfqanıstan nümayəndə heyətinin iştitakı idi. Azərbaycan Əfqanıstanın Taliban hökuməti ilə əlaqələr qurmaqdadır. Zirvədən bir neçə həftə əvvəl isə Əfqanıstanın diplomatik nümayəndəliyi Azərbaycanda fəaliyyətə başlamışdı.

Məlumdur ki, Əfqanıstan üçün ən böyük problemlərdən biri xarici dünya ilə ticarət əlaqələrindəki maneələrdir. Bu problemi aradan qaldırmaq və Əfqanıstanı dünyaya bağlamaq məqsədilə Azərbaycan tərəfindən bir nəqliyyat dəhlizi təklifi irəli sürülüb. Türkmənistan-Azərbaycan-Türkiyə marşrutu üzrə keçən bu dəhlizin Əfqanıstandan Xəzər dənizinə qədər olan hissəsinə “Lapis-Lazuli” adı verilib. Zirvəyə qatılan Əfqanıstan nümayəndə heyəti Azərbaycanda Bakı limanını ziyarət edərək mümkün dəhlizin yük daşımaları imkanlarını müzakirə etmişdi.

Suriyaya dəstək davam edəcək

Zirvə zamanı liderlər arasında keçirilən ikitərəfli görüşlər Azərbaycan-İran, Azərbaycan-Türkiyə, Türkiyə-İran, Pakistan-İran kimi region ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılması və əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyırdı. Məsələn, Prezident Rəcəb Tayyib Ərdoğan zirvədən qayıdarkən verdiyi açıqlamada Suriyada enerji böhranının həlli üçün Prezident İlham Əliyevin Suriyaya Azərbaycan təbii qazının verilməsi ilə bağlı müsbət xəbər verdiyini bildirdi. Bu məqamda Azərbaycan Suriyanın yeni hökumətinə dəstəyini davam etdirir.

Nəticə etibarilə, antiterror tədbirləri nəticəsində suverenliyini yenidən bərpa edən Azərbaycan Xankəndidə ilk beynəlxalq toplantıya ev sahibliyi etməklə uğurlu diplomatiya nümayiş etdirdi. Dünyada və regionda müharibə və gərginliklərin hökm sürdüyü bir dövrdə liderlərin Cənubi Qafqazda toplanaraq sülh, sabitlik, əməkdaşlıq və həmrəylik mesajları verməsi bölgəmiz üçün ümidverici gələcək vəd edir. Bu prosesdə isə Azərbaycanın və Türkiyənin dövlət başçılarının aparıcı rol oynadığı açıq şəkildə müşahidə olunur.

*Məqalənin türk dilində nəşr olunan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.yenisafak.com/dusunce-gunlugu/egemenligin-yeniden-tesis-edildigi-hankendide-eit-zirvesi-4726708