BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum keçirilib

2022-04-29 15:23

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə Şuşa şəhərində “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum keçirilib.

Forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak ediblər.

Forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Aeroportla yaxından tanış olduqdan sonra Füzuli rayonu ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Qabil Babayev qonaqları ərazidə aparılan işlərin gedişatı ilə bağlı məlumatlandırıb.

Sonra qonaqlar Zəfər yolu ilə Şuşaya səfər ediblər.

Şuşa forumunun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsi olub.

Forumda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşanın son bir il ərzində müxtəlif önəmli tədbirlərə ev sahibliyi etdiyini bildirib. Qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi regionun gələcək inkişafı və uzunmüddətli sülh üçün vacib töhfədir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Şuşanın ölkəmiz üçün önəmli şəhər olduğunu bildirərək, Azərbaycan hökumətinin burada genişmiqyaslı infrastruktur layihələri həyata keçirdiyini qeyd edib. Deyib ki, Azərbaycan tərəfi sülh prosesinin başlanılması məqsədilə ilkin addımları atıb və sülhün bərqərar olması üçün işləri davam etdirir. Hikmət Hacıyev Qarabağın işğaldan azad olunması ilə Azərbaycanın regionda yeni reallıq yaratdığını diqqətə çatdırıb.

Prezidentin köməkçisi, həmçinin bildirib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad olunması zamanı heç bir artilleriyadan istifadə etməyib və döyüş Şuşanın işğaldan azad olunmasından sonra Azərbaycanın qələbəsi ilə başa çatıb.

Hikmət Hacıyev Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həllinin vacibliyini də vurğulayıb.

Sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov çıxış edib. Bildirib ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməkdən hələ də boyun qaçırır. Ermənistanın təqdim etdiyi xəritələrdə qeyd olunan minaların yerlərinin doğruluğunun 25 faiz olduğunu deyən Emin Hüseynov minaların hələ də insanların həyatına son qoyduğunu qeyd edib. O, müharibənin başa çatdığı vaxtdan bu günədək 150-dən çox insanın minaların qurbanı olduğunu, onların arasında gənclərin, mülki şəxslərin, media nümayəndələrinin də olduğunu diqqətə çatdırıb. E.Hüseynov, həmçinin 1992-ci ildən indiyədək 35 mindən çox insanın minalara düşərək öldüyünü və ya əlil olduğunu bildirib. O, mina probleminin həllinin Azərbaycan üçün önəmli olduğunu, Ermənistanın minaların dəqiq xəritələrini verməsinin uzunmüddətli, qarşılıqlı inam yaradacağını qeyd edib.

Daha sonra forum çərçivəsində “Şuşa-dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən “Şuşa-dirçəlişə gedən yol” adlı paneldə Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel, Roma Sapienza Universitetinin tədqiqatçısı Daniel Pommier Vinçelli, Yuta Universitetinin professoru Hakan Yavuz və Prinston Universitetinin Yaxın Şərq Tədqiqatları kafedrasının dosenti Maykl Reynolds iştirak ediblər.

İştirakçılar postmüharibə dövründə quruculuq və bərpa prosesləri ilə bağlı müzakirələr aparıblar. Paneldə Azərbaycanın Qarabağ bölgəsinin yenidən qurulmasına və gələcək rifahına kömək edəcək mühüm infrastruktur layihələrini necə həyata keçirməli olması barədə fikirlər irəli sürülüb. Həmçinin regionda davamlı sülhün təmin edilməsi, ənənəvi rəqabətin aradan qaldırılması və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni reallıq yaradıb və bu reallıq ölkəmizin regionda sabitliyin qorunmasına, bölgənin iqtisadi inkişafına təsir etməsinin göstəricisidir.

Panel çərçivəsində Roma Sapienza Universitetinin tədqiqatçısı Daniel Pommier Vinçellinin Şuşa haqqında yazdığı kitabın təqdimatı da keçirilib.

Tədbirdə çıxış edən müəllif qeyd edib ki, bu kitab nəşr olunduqdan sonra İtaliyada erməni icmasının nümayəndələri tərəfindən təzyiqlərə məruz qalıb.

Forum çərçivəsində “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzusunda keçirilən ikinci panel iclası isə ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilib.

Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov, ABŞ Hərbi Dəniz Qüvvələri Aspirantura Məktəbinin professoru Brenda Shaffer, IMEMO-nun Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin, Xəbərlər və aktual məsələlər şöbəsinin rəhbəri, Gürcüstan İctimai Yayımçısı George Gvimradze və Rumıniya Baş nazirinin dövlət müşaviri Iulian Chifu iclasda çıxış ediblər.

Paneldə münaqişədən sonrakı regional əməkdaşlıq və bölgədə ölkələrarası əlaqələr müzakirə edilib, bununla bağlı mövcud və gələcək imkanlardan danışılıb. Bildirilib ki, Azərbaycan və Ermənistanın birgə əməkdaşlıq edə bilməsi üçün hər iki ölkənin üzərinə böyük öhdəliklər düşür. Bu öhdəliklərin yerinə yetirilməsi etnik qruplar arasındakı təzyiqin aradan qalxması və regionda sülhün təmin olunması ilə nəticələnəcək.

azertag.az