“The Nation” nəşrində oktyabrın 2-də dərc olunan “İnqilab, yoxsa inqilab yoxdur” (“Revolution or No Revolution”) adlı məqaləsində Pietro A. Şakaryan Nikol Paşinyanın Ermənistanda səkkiz illik hakimiyyətinə qiymət verməyə çalışır. Ermənilərin öz hökumətlərini, ölkənin iqtisadi modelini və kilsə ilə yaşanan mübahisəni necə qiymətləndirməsi onların öz işidir və azərbaycanlı analitikin bu məsələlərə hökm verməsi doğru olmazdı.
Lakin məqalənin mənəvi əsaslandırması Azərbaycan haqqında irəli sürülən fikirlərə söykənir və bu iddialar cavabsız qalmamalıdır. Məqalədə Qarabağ “Artsax” adlandırılır, guya yalnız bir yerli xalqın yaşadığı və vahid tarixə malik ərazi kimi təqdim edilir. Bakı ilə İrəvan arasında hazırda formalaşmaqda olan sülh prosesi isə regiona qarşı yönəlmiş Qərb konspirasiyası kimi qələmə verilir. Halbuki faktlar bu iddiaların heç birini təsdiqləmir.
Əvvəlcə məqalədə nələrin çatışmadığına diqqət yetirək. Oxucu heç bir yerdə 1990-cı illərin əvvəllərində baş vermiş müharibə zamanı Ermənistan silahlı qüvvələrinin yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini deyil, həm də azərbaycanlıların yaşadığı və ermənilərin demək olar ki, heç vaxt məskunlaşmadığı Azərbaycanın ətrafdakı yeddi rayonunu işğal etdiyi barədə məlumat almır. Qeyd edək ki, Ermənistanın işğalı nəticəsində təxminən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. 1992-ci ilin fevralında Xocalıda bir gecə ərzində 600-dən çox mülki şəxs öldürülüb. Vaxtilə on minlərlə insanın yaşadığı Ağdam və Füzuli şəhərləri isə bünövrəsinədək dağıdılıb.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib. Bu qətnamələr 27 il ərzində icra olunmayıb. Nəhayət, Azərbaycan 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi zamanı hərbi güc tətbiq etməklə onların icrasını təmin edib.
Şakaryan bütün bu hadisələri bir cümlə ilə ümumiləşdirərək Ermənistanın “Qarabağ ermənilərinə müstəqillik uğrunda mübarizələrində uğurla dəstək verdiyini” iddia edir. Lakin abolitionistlər - köləliyin ləğvi uğrunda mübarizə aparanlar tərəfindən təsis edilmiş və başqa mövzularda doğma yurdlarından didərgin salınmış xalqların geri qayıtmaq hüququnu müdafiə edən bir nəşr işğalı öz adı ilə ifadə etməkdə çətinlik çəkməməlidir.
Müəllifin işğalçı tərəfə rəğbət bəsləməsi hərbi işğalı milli azadlıq mübarizəsinə çevirmir. Eyni zamanda, onun istinad etdiyi “demokratik iradə” arqumenti də ciddi araşdırmaya tab gətirmir. Qarabağda 1991-ci ildə keçirilən və müstəqillik referendumu kimi təqdim olunan səsvermə bölgənin azərbaycanlı sakinləri qovulduqdan sonra baş tutub. Ermənistan da daxil olmaqla, heç bir dövlət onun nəticələrini tanımayıb.
Paşinyanın Praqadakı mövqeyinə görə xəyanətdə ittiham olunması da məhz bu səbəbdən məsələnin mahiyyətini əks etdirmir. Ermənistanın Baş naziri 2022-ci ilin oktyabrında iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıdığını təsdiqləyərkən bunu Avropa İttifaqının rəğbətini qazanmaq üçün irəli sürülmüş yeni mövqe kimi təqdim etmirdi. Əksinə, o, Ermənistanın da imzaladığı 1991-ci il Alma-Ata Bəyannaməsinin müddəalarını bir daha təsdiqləyirdi. Həmin sənədə əsasən, keçmiş sovet respublikaları bir-birinin mövcud sərhədlərini tanıyırdılar.
Şakaryanın Ermənistanın tərəfdaşı kimi görməyə üstünlük verdiyi Moskva və Tehran da daxil olmaqla, dünyanın bütün dövlətləri münaqişə boyunca eyni mövqedən çıxış edirdilər.
Şakaryan “etnik təmizləmə” ifadəsini məqaləsində dörd dəfə işlədir və hər dəfə bunu Azərbaycanın ünvanına yönəldir. Lakin bu münaqişədə həmin praktikanı nailiyyət kimi təqdim edənlərin kim olduğunu xatırlamaq yerinə düşər.
2025-ci ilin yanvarında üzə çıxan və 1993-cü ilin iyulunda “Yerkrapa” Könüllülər İttifaqının ilk qurultayında çəkildiyi bildirilən video görüntülərdə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan toplaşan veteranlara belə deyib: “Ermənistan və Dağlıq Qarabağ digər etnik qrupları ərazidən tamamilə təmizləməklə 600 illik problemi həll etdilər”.
Ter-Petrosyan əlavə edib ki, 1988-ci ilədək Ermənistanda yaşayan digər etnik qruplara mənsub 170 min nəfər ölkədə qalsaydı, “bizim dövlətimiz olmazdı”. “Yerkrapa”a rəhbərlik edən Vazgen Sarkisyan isə bu çıxışın lent yazısının heç vaxt ictimaiyyətə açıqlanmamalı olduğunu bildirib.
Uzun müddət Qərbdə Ermənistan siyasətinin mötədil simalarından biri kimi qəbul edilən şəxs beləliklə, məqsədyönlü şəkildə həyata keçirilmiş siyasətlə öyünürdü. Şakaryanın təriflədiyi Qarabağ hərəkatının “demokratik irsi” də məhz bu siyasətin üzərində qurulmuşdu.
2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda Ermənistanın dəstəklədiyi separatçı rejimə qarşı keçirdiyi antiterror tədbirləri ilə müqayisə edilə biləcək vəziyyətdən söhbət gedə bilməz. Azərbaycanın əməliyyatı təxminən 24 saat davam edib və 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən, üç il əvvəl Azərbaycan ərazisini tərk etməli olan silahlı birləşmələrə qarşı yönəlib.
Əhalinin köçürülməsi ilə bağlı hər hansı əmr verilməyib, əksinə, Bakı Qarabağın erməni sakinlərinə Azərbaycan vətəndaşları kimi reinteqrasiya olunmağı təklif edib. 2023-cü il oktyabrın 1-də Xankəndiyə səfər edən BMT missiyası xəstəxanalara, məktəblərə və yaşayış evlərinə ziyan dəydiyini müşahidə etməyib. Missiya, həmçinin atəşkəsdən sonra mülki şəxslərə qarşı zorakılıq halları barədə məlumatlarla qarşılaşmayıb.
Azərbaycanın Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşlığına qəbul olunmaq və bölgəyə qayıtmaq üçün müraciət etmələri məqsədilə yaratdığı onlayn reinteqrasiya portalına isə Ermənistan ərazisindəki hakimiyyət orqanları tərəfindən blok qoyulub.
Eyni zamanda, Qarabağda hazırda həyata keçirilən və məqalədə heç xatırlanmayan başqa bir proses də var: keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı. Otuz il əvvəl evlərini tərk etmək məcburiyyətində qalmış ailələr dövlətin “Böyük Qayıdış” proqramı çərçivəsində yenidən doğma torpaqlarına köçür, dağıntılar üzərində yenidən qurulan şəhər və qəsəbələrə qayıdırlar. Bu ərazilərin bir milyondan çox mina ilə çirkləndirildiyi bildirilir.
Azərbaycanın minatəmizləmə agentliyinin məlumatına görə, 2020-ci ilin noyabrından bəri həmin minalar 437 nəfərin ölümünə və ya xəsarət almasına səbəb olub.
Şakaryanın “bir neçə Qərb diplomatının” iştirakını vahiməli bir “ölüm rəqsi” kimi təqdim etdiyi diplomatik səfərin mahiyyətini anlamaq üçün məhz bu konteksti nəzərə almaq lazımdır. Əslində, sentyabrın 11-12-də baş tutan səfər çərçivəsində 58 ölkənin və doqquz beynəlxalq təşkilatın 150 nümayəndəsi Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olub. Bu, 2020-ci ildən bəri təşkil edilən sayca 22-ci belə səfər idi.
Diplomatların təmsil etdikləri dövlətlər tərəfindən tanınan suveren əraziyə səfər etməsi, daha əvvəl də qeyd etdiyim kimi, diplomatik fəaliyyətin adi tərkib hissəsidir. Bunu şəriklik və ya ortaq məsuliyyət kimi təqdim etmək isə dünya ictimaiyyətindən Azərbaycanın ərazisinin bir hissəsini qeyri-müəyyən müddətə səfərlər üçün qapalı zona hesab etməyi tələb etmək deməkdir.
Salamat qalmış Gəncəsər və Xudavəng monastırlarına gəlincə, bu abidələr Qafqaz Albaniyası kilsəsinin irsinə aiddir. Qafqaz Albaniyası kilsəsinin katolikosluq mərkəzi də Gəncəsərdə yerləşib. Erməni alimləri bu yanaşmanı qəbul etmir və tarixçilər bu məsələ ətrafında mübahisə aparmaqda sərbəstdirlər.
Lakin işğal dövründə Azərbaycanın mədəni irsinin hansı aqibətlə üzləşdiyi mübahisə mövzusu deyil. İşğal altındakı ərazilərdə yerləşən 67 məsciddən 65-i dağıdılıb, salamat qalan digər iki məscid isə təhqir olunaraq heyvanların saxlanılması üçün istifadə edilib. Bütün bunlar məqalə müəllifinin müdafiə etdiyi hakimiyyətlərin nəzarəti dövründə baş verib, lakin məqalədə bu barədə bir kəlmə də deyilmir.
*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://aircenter.az/en/single/peace-or-no-peace--response-to-the-nation-2275


