BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Sülh prosesi Əbu-Dabi sammiti ilə yeni mərhələyə qədəm qoyur

2025-07-18 17:05

10 iyul tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabidə görüş keçirdilər və bu, davam edən sülh prosesi baxımından tarixi mərhələ oldu. Bu sammit son onilliklər ərzində böyük güclərin vasitəçiliyi olmadan keçirilmiş ilk ikitərəfli görüş kimi Bakı və Yerevan arasında birbaşa dialoqun yeni mərhələsinə keçidi ifadə edir və 2024-cü ilin dekabrında Bakı tərəfindən təklif edilmiş yeni münasibətlər formatına uyğun şəkildə həyata keçirildi. Daha əvvəllər Aİ paytaxtları, Moskvada keçirilən danışıqlardan fərqli olaraq, Birləşmiş Ərəb Əmirlikləri neytral və geosiyasi cəhətdən bitərəf platforma təqdim etdi ki, bu da danışıqların həm etibarlılığını, həm də əsas məqamlara yönəlməsini təmin etdi. Azərbaycanın təklifi ilə Əbu-Dabinin seçilməsi uğursuzluqla nəticələnmiş xarici vasitəçilik cəhdlərindən imtinanı və danışıqlar prosesində daha çox müstəqillik əldə etməyə yönəlmiş addımı əks etdirirdi.

Təxminən beş saat davam edən Əbu-Dabi görüşündə həm nümayəndə heyətləri ilə geniş müzakirələr aparılıb, həm də Paşinyan və Əliyev arasında təkbətək danışıq olub. Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirliklərinin yaydığı eyni məzmunlu açıqlamalarda bildirilir ki, hər iki lider normallaşma məsələlərinin həlli üçün ikitərəfli danışıqları ən uyğun yol hesab edir və bu istiqamətdə nəticəyönlü dialoqu davam etdirməkdə həmfikirdirlər. Həmçinin, tərəflər qarşılıqlı etimadı artırmaq və sərhədlərin delimitasiyası prosesini davam etdirmək barədə razılığa gəliblər.

Ermənistan Baş nazirinin Aparat rəhbərinin müavini Taron Çaxoyanın sözlərinə görə, bir sıra məsələlər üzrə razılıq əldə olunub və bu barədə ətraflı məlumat yaxın günlərdə açıqlanacaq. Çaxoyan bildirib ki, danışıqlarda müzakirə olunan mövzular və razılaşdırılmış məqamlarla bağlı bəzi detalları əks etdirən bəyanatlar tezliklə yayımlanacaq. Həm Yerevan, həm də Bakı tərəfindən bildirildiyi kimi, bu konstruktiv atmosfer sülh prosesində əhəmiyyətli irəliləyişin göstəricisidir.

Sammit həm də Cənubi Qafqazda daha geniş dəyişikliklərdən xəbər verir. Belə ki, Ermənistan və Azərbaycan böyük güclərin vasitəçiliyinə güvənməkdənsə, suverenliklərinə daha çox önəm verməyə başlayıblar. Azərbaycan-Rusiya münasibətləri iyunun sonunda Yekaterinburqdakı reydlər və 2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus 8243 saylı reysin qəzaya uğramasının hələ də aydınlaşdırılmaması kimi hadisələrlə daha da gərginləşib və bu, Bakını xarici siyasətdə daha böyük müstəqillik axtarışına sövq edib. Eyni qaydada, Paşinyanın rəhbərliyi altında Ermənistan da Rusiya rəhbərliyindəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşaraq yeni tərəfdaşlıqlar qurur və bu, Bakı və Yerevan arasında maraqların nadir hallarda üst-üstə düşməsinə səbəb olub. Rusiya-Ukrayna müharibəsi və İran-İsrail arasında gərginliyin artması Cənubi Qafqazın strateji əhəmiyyətini və regionda sülh prosesinin imperativliyini artırır.

Əbu-Dabi sammiti sülh müqaviləsinin imzalanmasına doğru növbəti mühüm addım oldu. Bu müqavilədə qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, zorakılıqdan istifadə edilməməsi və daxili işlərə müdaxilə olunmaması kimi müddəalar yer alır və bu, Bakı tərəfindən 2022-ci ilin martında irəli sürülmüş təklif əsasında hazırlanıb. Lakin hələ iki əsas problem həllini tapmayıb. Birincisi, Azərbaycanın Ermənistanın konstitusiyasındakı Qarabağla bağlı ərazi iddialarından açıq şəkildə imtina edilməsini tələb etməsidir. Bakı bu hüquqi boşluğu, Ermənistanda mövcud olan millətçilərin səbəb ola biləcəyi gələcək qarşıdurmanın potensial qaynağı kimi görür. Paşinyan konstitusiya islahatlarına açıq olduğunu bildirsə də, Ermənistan daxilində hüquqi və siyasi çətinliklər, o cümlədən millətçi qüvvələrin müqaviməti bu prosesin 2026-cı ildən sonra da uzanmasına səbəb ola bilər. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə sammitdən bir neçə gün əvvəl vurğulayıb ki, bu dəyişiklik olmadan sülh müqaviləsi imzalanmayacaq. O, həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin gündəliyində artıq hərbi qarşıdurma elementləri yoxdur ki, bu da əvvəllər müharibə etmiş iki ölkə üçün mühüm nailiyyətdir.

*Məqalənin ingilis dilində olan tam, orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://jamestown.org/program/armenia-azerbaijan-peace-process-gains-momentum-with-abu-dhabi-summit/