BMTM-in eksperti Vüsal Quliyevin “ŞƏT çərçivəsində Azərbaycan-Çin enerji əməkdaşlığının inkişaf etdirilməsi” sərlövhəli məqaləsi “The European Geopolitical Forum” beyin mərkəzinin nəşrində dərc edilib.
Məqalədə Prezident İlham Əliyevin Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdəki çıxışına nəzər salınır. Qeyd edilir ki, enerji sektoru Azərbaycan iqtisadiyyatının təməlini təşkil edir və Çinlə yanaşı, digər ŞƏT ölkələri ilə də əməkdaşlığımızın əsas istiqamətlərindən biridir:
“Xəzər dənizi sahilində yerləşən və zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan, istənilən tərəfdaşlığa mühüm neft və qaz resursları ilə töhfə verir. Azərbaycan ŞƏT-də dialoq tərəfdaşı statusundan istifadə edərək enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyə çalışır. Məqsəd ixrac bazarlarını şaxələndirmək, enerji infrastrukturuna sərmayə cəlb etmək və yeni enerji texnologiyalarını inkişaf etdirməkdir. Bu təməl əsasında Azərbaycan enerji siyasətindəki diqqətini tədricən ənənəvi Avropa tərəfdaşlarından inkişaf edən Asiya bazarlarına yönəldib.
Ənənəvi olaraq, Azərbaycanın neft və qazı (BTC və TANAP kimi boru kəmərləri vasitəsilə) Qərbə - Avropaya ixrac olunub, lakin hazırda Asiya bazarları getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Xüsusilə Çin son illərdə Azərbaycan xam neftinin idxalına başlamışdır. Həcm baxımından Azərbaycanın Avropaya ixracı ilə müqayisədə nisbətən az olsa da, bu, Uzaq Şərqdə artan tələbatın göstəricisidir. Əlavə olaraq, ŞƏT-in digər üzvləri, məsələn, Hindistan, öz neft emalı zavodları üçün Azərbaycan neftinə maraq göstərmiş, Pakistan isə Bakı ilə potensial qaz təchizatı layihələrini müzakirə etmişdir. Azərbaycan ŞƏT ölkələri ilə əlaqələrini davam etdirməklə bu kimi imkanları açıq saxlayır”.
Müəllif əlavə edir ki, enerji sahəsində əməkdaşlıq yalnız mövcud layihələrin icrası ilə məhdudlaşmır, həm də gələcəyə yönəlik innovasiyaları əhatə edir. Yeni günəş və külək elektrik stansiyalarının tikintisi, ağıllı enerji sistemlərinin inteqrasiyası, yaşıl hidrogen və suyun təmizlənməsi sahələrində layihələr, eləcə də təlim və bilik transferi proqramları planlaşdırılır. Çin həmçinin Azərbaycana rəqabətqabiliyyətli günəş panelləri və külək turbinləri təqdim edir. Bu əməkdaşlıq Azərbaycan-Çin münasibətlərini gücləndirməklə yanaşı, ŞƏT çərçivəsində regional enerji əməkdaşlığına da töhfə verir. Azərbaycan etibarlı enerji təchizatçısı və tranzit ölkə kimi ŞƏT dialoq tərəfdaşı olaraq enerji təhlükəsizliyi, vahid enerji sistemləri və transxəzər layihələri kimi təşəbbüslərdə iştirak edir. Beləliklə, Azərbaycan enerji diplomatiyasını Rusiya, Çin və Mərkəzi Asiya ölkələrinin siyasətləri ilə uzlaşdıraraq regionda mühüm enerji körpüsünə çevrilir. Enerji əməkdaşlığı Azərbaycanın ŞƏT-lə strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri kimi qarşılıqlı fayda yaradır.
*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:


