BMTM-in baş məsləhətçisi Yunis Qurbanovun “Rusiya-Ukrayna danışıqlarının Avrasiya diplomatik tarazlığındakı strateji təsirləri” sərlövhəli məqaləsi “The European Geopolitial Forum” beyin mərkəzi tərəfindən dərc edilib.
Məqalədə Rusiya və Ukrayna nümayəndələri arasında 2025-ci il iyulun 23-də İstanbulda keçirilən yüksək səviyyəli görüşə diqqət çəkilir.
“Bu mühüm diplomatik təşəbbüsə Türkiyə ev sahibliyi etmiş və əsas diqqət məhdud atəşkəs dəhlizlərinin yaradılması, əsirlərin mübadiləsi, həmçinin Qara dəniz vasitəsilə taxıl ixracının təmin olunması məsələlərinə yönəldildi. Məzmun baxımından dar çərçivəli görünsə də, bu görüş daha geniş geosiyasi müstəvidə qüvvələr balansının yenidən formalaşmasının təzahürü kimi qiymətləndirilir.
Türkiyənin vasitəçilik rolu Ankaranın regional diplomatiyanın mərkəzində yer almaq istiqamətində yenidən canlanan istəklərinin bariz göstəricisidir. Digər tərəfdən, Qərb liderləri Rusiyanın uzunmüddətli məqsədlərinə etimad etmirlər, çünki Moskva danışıqlarda sərt və güzəştsiz tələblər irəli sürür. Eyni zamanda, hərbi əməliyyatlarını davam etdirir. Bu isə Rusiyanın danışıqlar prosesinə real sülh marağından deyil, yalnız taktiki fasilə və ya güzəşt qazanmaq məqsədilə yanaşdığına dair ciddi suallar doğurur”.
Məqalədə qeyd edilir ki, İstanbulda keçirilən görüş, ümumi strateji balansda əsaslı bir dəyişiklik yaratmasa da, Moskvanın regional diplomatik proseslərdə aktiv iştirakını davam etdirmək niyyətinin olduğunu nümayiş etdirdi.
“Rusiyanın danışıqlarda iştirakı əsas xarici siyasət hədəflərinin böyük ölçüdə dəyişməz qalmasına baxmayaraq, diplomatik kanalları açıq saxlamaq marağında olduğunu göstərən bir mesaj idi. İstanbulun neytral və region üçün strateji əhəmiyyətə malik məkan olaraq seçilməsi Rusiyaya imkan verdi ki, Qərbi rəsmi vasitəçi kimi danışıqlara cəlb etmədən, özünü Avrasiya regionunda əvəzolunmaz və vacib danışıq tərəfdaşı kimi təqdim etsin. Bu yanaşma Moskvanın regional mərkəzliyini qorumaqla yanaşı, diplomatik çevikliyini saxlayan lokal dialoqa üstünlük verən strateji xəttinə tam uyğundur.
Daha geniş miqyasda, Rusiya postsovet məkanında özünü hələ də mühüm siyasi və təhlükəsizlik aktoru kimi görməkdə davam edir. Rusiya həm KTMT kimi təhlükəsizlik qurumları vasitəsilə, həm də enerji və ticarət sazişləri kimi çoxtərəfli və ikitərəfli təşəbbüslərlə fəaliyyət göstərərək qonşu ölkələr arasındakı dəyişən münasibətləri idarə etməyə və bu yolla bölgədəki təsirini qoruyub saxlamağa çalışır. Bununla belə, Qazaxıstan, Azərbaycan və Özbəkistan kimi ölkələrin ənənəvi regional çərçivələrdən kənara çıxaraq yeni formatlar yaratmaq cəhdləri bu təsiri əlavə sınaqlarla üz-üzə qoyur”.
*Məqalə “The European Geopolitical Forum” beyin mərkəzi tərəfindən dərc edilib. Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
http://gpf-europe.com/upload/from_istanbul_to_Influence_dr_gurbanov_120825.pdf


