BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Rusiya-Azərbaycan gərginliyi misli görünməmiş səviyyədə artır

2025-07-08 16:20

27 iyun tarixində Rusiya xüsusi təyinatlı qüvvələri Yekaterinburq şəhərində azərbaycanlılara qarşı zorakı reyd həyata keçirib. Bu hadisə Bakı ilə Moskva arasında onsuz da kövrək olan ikitərəfli münasibətlərin daha da gərginləşməsinə səbəb olub. Əməliyyat 2000-ci illərin əvvəlində törədilmiş qətldə şübhəli bilinən bir qrup azərbaycanlının hədəf alınması ilə bağlı idi və nəticədə Ziyəddin və Hüseyn Səfərov adlı iki qardaşın mühakiməsiz öldürülməsi, bir neçə nəfərin xəsarət alması və doqquz nəfərin həbs olunması ilə nəticələndi. Azərbaycan mediasının məlumatına görə, reyd zamanı xüsusi amansız üsullardan istifadə olunmuş, o cümlədən döyülmə, elektrik cərəyanı ilə işgəncə və alçaldıcı rəftar halları qeydə alınmışdır. Bu isə Bakının kəskin reaksiyasına səbəb oldu.

Azərbaycan Xarici İşlər Nazirliyi kəskin reaksiya verərək hadisənin dərhal araşdırılmasını və məsul şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi. Eyni zamanda, Baş Prokurorluq iki qardaşın işgəncə verilərək qəsdən öldürülməsi ilə bağlı Rusiya polisi barəsində cinayət işi açdı. Azərbaycan rəsmiləri və medianın təqdimatında bu hadisə qəsdən törədilmiş etnik zorakılıq aktı kimi dəyərləndirilmiş, Baş Prokurorluq qardaşların güclü döyülmədən sonra posttravmatik şok səbəbilə vəfat etdiklərini bildirmişdir. Rusiya tərəfinin ölümü ürək tutması ilə izah etməsi isə Bakıda şübhə ilə qarşılanmış, hadisə şahidləri və ailə üzvləri tərəfindən işgəncə və alçaldıcı rəftar barədə ifadələr verilmişdir. Hər iki tərəf qarşılıqlı olaraq səfirlərini Xarici İşlər Nazirliklərinə çağırmış və “dostluqdan uzaq hərəkətlər”lə bağlı etiraz notaları təqdim etmişdir.

Yekaterinburq reydlərinə cavab olaraq Azərbaycan narazılığını açıq şəkildə nümayiş etdirmək üçün bir sıra addımlar atdı. Hökumət Rusiya Baş nazirinin müavini Aleksey Overçukun planlaşdırılan səfərini ləğv etmiş, Moskvada keçirilməsi nəzərdə tutulan ikitərəfli parlamentlərarası komissiyanın iclasını təxirə salmış və Azərbaycanda təşkil olunacaq bütün Rusiya mədəni tədbirlərini dayandırmışdır. Dövlətə məxsus media qurumları- AzTV və AZƏRTAC- Rusiya və onun rəhbərliyinə qarşı görünməmiş səviyyədə tənqid kampaniyasına başlamış, Moskvanı “etnik zorakılığa yönəlmiş sistemli siyasət” aparmaqda ittiham etmiş və bu hərəkətləri tarixi imperiya zülmü ilə, hətta 1930-cu illərdəki nasist Almaniyası ilə müqayisə etmişdir.

Bu tənqidlər və Azərbaycanın Sputnik-in Bakı ofisindən iki rusiyalı jurnalistin həbs etməsi iki ölkə arasındakı münasibətlərin daha da pisləşdiyini göstərdi. Yerli media həmin iki şəxsin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları olduğunu iddia etsə də, onlara qarşı rəsmi ittihamlar böyük miqyaslı dələduzluq, qanunsuz biznes və mütəşəkkil pul yuyulması ilə bağlıdır. Bu ilin əvvəlində, fevralın 24-də Azərbaycan Sputnik-in Azərbaycan bölməsinin bağlanmasını elan etmiş və akkreditasiya sayını yalnız bir müxbirə endirmişdir. Lakin agentlik Azərbaycan hökumətinin göstərişlərini nəzərə almamış və fəaliyyətini davam etdirmişdir. İyulun 1-də Azərbaycan rəsmiləri agentliyin qeyri-qanuni fəaliyyət göstərdiyini bəyan etdilər.

Bundan əlavə, iyulun 1-də Azərbaycanın Daxili İşlər Nazirliyi İran vasitəsilə narkotik qaçaqmalçılığı, onlayn narkotik satışları və kiberdələduzluqla məşğul olan iki Rusiya vətəndaşlarından ibarət cinayətkar qrupu həbs etdi. Onların həbsinin görüntüləri çəkilərək geniş yayılmış və bu addım əsasən Yekaterinburqdakı zorakı reydlərə cavab olaraq görülmüşdür.

Yekaterinburq hadisəsi Azərbaycan-Rusiya münasibətlərində son zamanlar baş verən gərginliklərin ən yeni mərhələsidir. Bu münasibətlər 2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarının 8243 saylı reysinin qəzaya uğramasından sonra kəskin şəkildə pisləşmişdi. Müxtəlif kanallar vasitəsilə verilən təkrar tələblərə baxmayaraq, Rusiya hələ də Azərbaycanın təzminat, ətraflı araşdırma və rəsmi üzr tələbini yerinə yetirməyib. Bu vəziyyət ikitərəfli münasibətlərdə mənfi təsir etmiş və Bakı tərəfindən Rusiyanın Azərbaycanla bərabərhüquqlu münasibət qurmaq istəməməsi kimi dəyərləndirilmişdir. Bu vəziyyət və digər son hadisələr etimadın davamlı şəkildə azalmasına gətirib çıxarmışdır.

*Məqalənin ingilis dilində olan tam, orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://jamestown.org/program/russia-azerbaijan-tensions-escalate-to-unprecedented-level/