Noyabrın 23-də Doha şəhərində yerləşən Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzində Azərbaycanın Qətərdəki səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Cənubi Qafqazda geosiyasi vəziyyət: çağırışlar və fürsətlər” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə Azərbaycanın tarixi haqqında qısa məlumat verilərək milli kimliyinin formalaşması, Ermənistan-Azərbaycan münaqişəsinin başlanma səbəbləri və sonrakı danışıqlar prosesi, həmçinin Azərbaycanın həyata keçirdiyi bərpa işləri haqqında dinləyicilərə məlumat verilib. Eyni zamanda Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsindən sonra regionda yeni geosiyasi mühit yarandığı, sülh və əməkdaşlıq üçün imkanlar açıldığı, bu kontekstdə regionlar nəqliyyat və kommunikasiyaların açılmasının əhəmiyyətli rol oynayacağı bildirilib. Sonda mövzu ətrafında dinləyicilərin sualları cavablandırılıb. Qeyd edək ki, münaqişə və Humanitar Tədqiqatlar Mərkəzinin əməkdaşları ilə yanaşı mühazirədə Türkiyə, Qazaxıstan və Ukraynanın səfirləri, Doha İnstitutunun tələbələri və Qətərdə yaşayan Azərbaycanın diaspor nümayəndələri də qonaq qismində iştirak edib.