Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə xarici siyasət, region və region ətrafında baş verən hadisələrlə bağlı toxunduğu məsələlərə dair detallı şərhlər verib. O qeyd edib ki, son müsahibə zamanı dövlət başçısı bir sıra yeni məqamlara toxunub. F.Şəfiyev prezidentin hakimiyyətə gəldiyi ilk illərdə beynəlxalq hüququn vasitəsiylə problemlərin həllinə inandığı, daha sonra isə güc amilinin ön plana çıxdığını və bizim buna hazır olmalı olduğumuzla bağlı fikrinə istinadən vurğulayıb ki, Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü öz təsdiqini açıq şəkildə tapsa da, təəssüf ki, danışıqlar zamanı beynəlxalq aktorlar Qarabağı Azərbaycandan necə ayırmaqla bağlı formula tapmağa cəhd edirdilər. O əlavə edib ki, beynəlxalq münasibətlərdə bu gün bir çox məsələləri gücün həll etməsi hələ o demək deyil ki Azərbaycan beynəlxalq hüquq və diplomatiyay fikir verməməliyik. Gücün tətbiqi də bir növ diplomatik ustalıq tələb edir – onu necə və hansı zamanda tətbiq etmək vacib məqamdır.
F.Şəfiyev bildirib ki, hazırda Azərbaycanın əsas hədəfinin diplomatik yolla Ermənistan tərəfindən ərazi bütövlüyümüzün tanımasına nail olmaqdır. Bu məsələdə prezidentin çıxışında diqqətçəkən yeni məqam Ermənistanın Azərbaycanının ərazi bütövlüyünü tanımayacağı təqdirdə bizim də eyni addımı atacağımızı açıq şəkildə bəyan etməsi olub.
Zəngəzurla bağlı ölkə başçısının şəxsi və ailə nöqteyi-nəzərindən məsələyə yanaşmasını F.Şəfiyev tarixi Azərbaycan torpaqlarından çıxardılmış Azərbaycanlıların bu və ya digər formada həmin ərazilərə qayıtmalı olduğunun bir mesajı kimi şərh edib. O erməni ekspertlərlə müxtəlif beynəlxalq platformalardakı dialoqlarına istinadən bildirib ki, ermənilərin ən çox müzakirə etməkən qaçdığı məsələ azərbaycanlıların İrəvana və digər tarixi torpaqlarımıza qayıtmaq məsələsidir.
Zəngəzur koridoru ilə bağlı qeyd edilib ki, ermənilər daha əvvəl bu yolun açılmasına qarşı idilərsə diplomat təzyiq vasitəsiylə ilk əvvəl dəmiryolu nəqliyyatının, daha sonra isə avtomobil yollarının açılması ilə bağlı razılığa gəliblər. İndi əsas hədəf bu yolların icra edilməsidir. Zəngəzur dəhlizi ilə bağlı dövlət başçısının çıxışında daha bir yeni məqam bu koridor vasitəsiylə Azərbaycanın enerji xəttləri, boru kəmərləri keçirmək istəyinin açıqlanması olub. Eyni zamanda, humanitar məsələlərlə bağlı qeyd edilib ki, Ermənistan ötən il may ayına qədər mina xəritələrinin onlarda olmadığını bildirsələr də daha sonra yenə də diplomatik təzyiq nəticəsində Azərbaycan bunları əldə edib. F.Şəfiyev indi itkin düşmüş şəxslərlə bağlı məsələlərin beynəlxalq təşkilatların gündəminə salmağın əsas hədəf olduğunu qeyd edib. Türkiyə-Ermənistan arasında normallaşma prosesinə toxunan F.Şəfiyev bunun Azərbaycan-Ermənistan arasında sülh danışıqları ilə paralel irəliləyəcəyini vurğulayıb.
Daha sonra çıxış edən BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təminatındakı roluna dair məsələləri şərh edib. E.Cəfərova qeyd edib ki, Azərbaycanın Avropa ölkələrinə ixrac etdiyi qazın həcmi kiçik olsa da enerji şəbəkələrinin şaxələndirilməsi nöqteyi-nəzərindən bu çox vacib əhəmiyyət kəsb edir. O əlavə edib ki, son illərdə Azərbaycanın həm qaz ixracının, həm də daxili istehlakı artır.
BMTM-in şöbə müdiri Fuad Çıraqov öz çıxışında ABŞ-Rusiya və NATO-Rusiya görüşləri və bunun region üçün təsirlərinə toxunub. F.Çıraqov hazırda yaranmış beynəlxalq vəziyyəti ikinci Kuba böhranı kimi dəyərləndirib. O qeyd edib ki, bəzi böyük dövlətlər üçüncü dövlətlərin taleyini onların iştirakı olmadan həll etməyə cəhd göstərir. O əlavə edib ki, bu gün dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və Azərbaycan özünü bu vəziyyətə uzun illər əvvəldən hazırlayıb. F.Çıraqov bildirib ki, dövlət başçısının son müsahibəsindəki əsas konseptual mesaj da bu olub.
BMTM-in baş məsləhətçisi Vasif Hüseynov öz çıxışında Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı danışıqlarla bağlı dövlət başçısının son müsahibəsinə istinadən bildirib ki, ikitərəfli müqavilənin imzalanması üçün məsələlərin 92%-i razılaşdırılıb. V.Hüseynov qeyd edib ki, qalan məsələlərlə bağlı cari ildə proqresin olacağı gözlənilir. O əlavə edib ki, Aİ Fransa və ABŞ-dan fərqli olaraq Ermənistan-Azərbaycan münaqişəsində daha neytral mövqe tutduğuna görə danışıqlar prosesində bəzi məsələlərdə vasitəçilik rolunu oynaya bilər.