Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Prezident İlham Əliyevin yeni idarəetmə texnologiyaları: Zəfərə aparan yol" mövzusunda il elmi-praktik konfrans keçirilib.
Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik, professor Urxan Ələkbərov Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərində imzaladığı dövlət sənədlərindən birinin ölkədə inklüziv inkişafla bağlı olduğunu xatırladıb. Rektor dünyanın yüksək inkişaf etmiş 30 ölkəsi içərisində 25-ci yerdə qərarlaşan Azərbaycanın olmasını ölkədə tətbiq edilən yeni idarəetmə texnologiyasının uğurlarından biri adlandırıb. Urxan Ələkbərov beynəlxalq təhlil mərkəzlərinin Azərbaycan və Vyetnamda dövlətin sosial siyasətinin səviyyəsinin iqtisadi inkişaf səviyyəsindən yüksək olduğu ilə bağlı rəyini vurğulayaraq deyib: "Bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni idarəetmə texnologiyasının Prezident İlham Əliyev tərəfindən uğurla tətbiq olunmasının nəticəsidir".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, tarix üzrə elmlər doktoru Fərid Şəfiyev Azərbaycandakı yeni idarəetmə texnologiyalarının öz konstruktivliyinə görə diqqəti cəlb etdiyini vurğulayıb. Bu konstruktivliyin xüsusilə dövlətin daxili və xarici siyasətində əks olunduğundan danışan İdarə Heyətinin sədri deyib: "İndiki həssas məqamda o konstruktivlik özünü Cənubi Qafqazın başlıca aktoru olan ölkəmizin Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Qərb münasibətlərində əyani surətdə göstərdi".
Konfrans Milli Məclisin üzvü, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlunun "İlham Əliyev: milli hədəflərə aparan praqmatizm və strateji baxış", BMTM-NİN şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Vəliyevin "Qarabağ zəfərindən sonra siyasi-diplomatik proseslər", Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin "Ermənistan dövlətinin məsuliyyətə cəlb edilməsinin beynəlxalq hüquqi mexanizmləri", BMTM-in şöbə müdiri Fuad Çıraqovun “Azərbaycanın xarici siyasəti zəfərə aparan yol”, DİA-nın “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri Dos. Rəcəb Rəhimlinin “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsində liderin rolu” və BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Azərbaycanın enerji siyasəti” mövzularında məruzələri ilə davam edib.