BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransında səsləndirdiyi əsas mesajlar müzakirə olunub

2021-03-03 10:23

Martın 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident İlham Əliyevin xarici və yerli media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında qeyd olunan Azərbaycanın xarici siyasət prioritetləri, Cənubi Qafqazda yeni reallıqlar və sülhə dair vebinar təşkil edib. Vebinarda politoloqlar Fikrət Sadıxov, Nazim Cəfərsoy, Əhməd Əlili və Zaur Məmmədov  iştirak ediblər. 

Tədbirin moderatoru olan BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Cənubi Qafqazda baş verən vəziyyət, post-müharibə dövründə yaranmış imkanlar və təhdidlər məsələsinə toxunub və prezident İlham Əliyevin müsahibəsindən irəli gələn Azərbaycanın xarici siyasət prioritetləri barədə danışıb. 

Daha sonra çıxış edən politoloq Fikrət Sadıxov Prezident İlham Əliyevin mətbuat konfransında bir çox vacib məsələlərə toxunduğunu deyib. Onun sözlərinə görə, bu məsələlər arasında siyasi, geoiqtisadi və ən vacibi isə gələcəklə bağlı fikirlər və sülhə çağırış xüsusilə qeyd edilməlidir. Siyasi ekspert əlavə edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq Dağlıq Qarabağ ifadəsi yoxdur, ümumilikdə Azərbaycanın tərkibində olan Qarabağ ərazisi mövcuddur: “Ermənilər artıq reallıqla barışmalı və revanşizm məsələsini kənara qoymalıdırlar. Azərbaycan heç bir revanşizmə imkan verməyəcək və ermənilər də bunu dərk etməlidirlər”. Fikrət Sadıxov bildirib ki, Azərbaycan tərəfdən Ermənistana iqtisadi əməkdaşlıq və reinteqrasiya kimi mühüm təkliflər irəli sürülür.  

Digər ekspert Nazim Cəfərsoy deyib ki, Cənubi Qafqazda artıq yeni reallıqlar formalaşıb və Qarabağ erməniləri Azərbaycana reinteqrasiya olunmalıdır. O, qeyd edib ki, Tərtər, Ağdam, Şuşa və Fizuli istiqamətinin yüksək inkişaf etdirilməlidir ki, Qarabağda Xankəndinin statusu azalsın: “Artıq bu istiqamətdə mühüm qərarlar qəbul edilib və bu baxımdan Fizuli şəhərində hava limanının tikintisi olduqca vacibdir. Digər əsas məqam  Azərbaycan-Ermənistan sərhədinin təhlükəsizliyinin qorunmasıdır”. Zəngilanın əhəmiyyətinə toxunan ekspert bildirib ki, İranla sərhədin qorunması və təhlükəsizliyi və bunun üçün də Zəngilan, Cəbrayıl, Fizuli istiqamətinin inkişaf etdirilməsi vacib məsələdir. 

Politoloq Əhməd Əlili Avropanın regiona qarşı mövqeyinə toxunaraq bildirib ki, Azərbaycan Avropa ilə artıq uğurlu əməkdaşlıq edir və bu əməkdaşlıq xüsusilə enerji sahəsində müşahidə olunur. Onun sözlərinə görə, Prezident İlham Əliyevin mətbuat konfransına  avropalı jurnalistlərin də iştirakı ermənilərin Avropada maraq dairələrinə qarşı edilmiş ən effektli cavabdır və bu proses davam etdirilməlidir. Ekspertin fikrincə, yeni kadrların yeni informasiya siyasətində rolu da çox vacibdir. 

Politoloq Zaur Məmmədov isə Azərbaycan -Rusiya münasibətlərinə toxunub O qeyd edib ki, Prezident İlham Əliyevin çıxışı ekspertlər üçün də bir yol xəritəsidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, post-müharibə dövründə Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi Rusiya üçün maraqlı olmamalıdır. Rusiya sülhməramlıların fəaliyyətinə toxunan ekspert qeyd edib ki, sülhməramlı qüvvələr 4 il yarımdan sonra bölgəni tərk edə bilər. 

Sonda Fərid Şəfiyev və iştirakçılar informasiya sahəsində fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və bildiriblər ki, ermənilərə qarşı  təzminat,  Xocalı soyqırımı, azərbaycanlıların Ermənistandan qovulması məsələləri daim qaldırılmalı və ermənilərlə informasiya sahəsində təzyiqlər artırılmalıdır.