Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və GLOBSEC2024-ün birgə təşkilatçılığı ilə "COP29 və yaşıl üfüqlər: İqlim dəyişikliyinin idarə edilməsi" mövzusunda panel keçirilib.
The VONA & The Tide təhsil və məşvərət platformasının təsisçisi Sofiia Shevchukun moderatorluğu ilə keçirilən paneldə iqlim dəyişmələrinə qarşı fəaliyyətlərin və dünyada yaşana biləcək arzuolunmaz ssenarilərin qarşısının alınması üçün regionlarası əməkdaşlığın vacibliyi vurğulandı.
Azərbaycan Respublikasının energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov indiyədək Azərbaycan tərəfindən danışıqlar və praktiki addımlar istiqamətləri üzrə görülən işlər barədə məlumat verdi. O bildirdi ki, sözügedən istiqamətlər arasında sinerjinin qurulması vacibdir. Azərbaycan tərəfindən irəli sürülən 14 təşəbbüs barədə danışan E. Soltanov qeyd etdi ki, onlardan 3-ü maliyyə məsələləri ilə bağlıdır , 4-5 bənd isə enerji və "yaşıl" keçid məsələlərini ehtiva edir.
E.Soltanov həmçinin bildirdi ki, bu ilki COP29 atəşkəs dövrü olacaq:
"Bizim COP atəşkəsi kimi ideyamız mövcuddur. Biz hər kəsə atəşkəsə riayət olunması ilə bağlı çağırış edəcəyik. Çünki 1 saatlıq olsa da, atəşkəs bizim üçün vacibdir. Müharibələr istixana qazlarının əsas mənbəyidir".
Su çatışmazlığı sahəsində vəziyyətin digər iqlim məsələləri müqayisədə daha çox narahatlıq yaratdığını deyən E. Soltanov bunun kənd təsərrüfatı, qida sistemləri, turizm və digər sahələrə də mənfi təsirlərini diqqətə çatdırdı.
İqlim dəyişikliyi ilə mübarizə sahəsində maliyyə vasitələrinin əhəmiyyətini qeyd edən nazir müavini Azərbaycanın bütün tərəflərlə ikitərəfli, üçtərəfli, çoxtərəfli və hökumətlərarası səviyyələrdə əməkdaşlıq etdiyini vurğulayıb.