Azərbaycan postsovet dövründə ərazi bütövlüyünün pozulması, müxtəlif geosiyasi çağırışlarla üzləşməsi və xarici qüvvələrin təsirindən asılı olması ilə xarakterizə olunurdu. Ərazisinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmiş, 700 minə yaxın vətəndaşı isə öz doğma yurdlarından didərgin salınmışdı. Sülh danışıqları dəfələrlə nəticəsiz qalmışdı, çünki Rusiya ilə müttəfiqlik münasibətlərindən güc alan Ermənistan beynəlxalq hüququ, habelə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmağı tələb edən dörd qətnaməsini görməzdən gəlirdi. Lakin artıq bu mərhələ geridə qalıb və Bakı bu gün regionda özünəinamlı güc mərkəzi kimi yeni rol üstlənib.
Bu uzunmüddətli ədalətsizlik 2020-ci ilin sentyabrınadək davam etdi. Həmin vaxt Azərbaycan müasirləşdirilmiş ordusuna və şaxələnmiş beynəlxalq tərəfdaşlıqlarına arxalanaraq öz torpaqlarını azad etmək məqsədilə İkinci Qarabağ müharibəsini başlatdı. 2023-cü ildə ərazi bütövlüyünü uğurla bərpa etdikdən sonra, 2024-cü ilin mayında Rusiya sülhməramlı qüvvələri Qarabağdan vaxtından əvvəl çıxarıldı.
Bu hadisə yeni geosiyasi mərhələnin başlanğıcını qoydu. Azərbaycan Şərqi Avropa və Cənubi Qafqaz regionunda Rusiya hərbi mövcudluğundan tam azad olan yeganə postsovet ölkəsinə çevrildi. Bu fakt bərpa olunmuş suverenliyin və strateji muxtariyyətin güclü rəmzi sayılır. Beləliklə, bu transformasiya Azərbaycanın xarici siyasət identikliyini köklü şəkildə dəyişdi. Rəsmi Bakı artıq regional siyasətdə passiv iştirakçı deyil, rəqib qüvvələr arasında münasibətləri tarazlaşdıra bilən təşəbbüskar, özünəinamlı və praqmatik aktor kimi formalaşdı.
Azərbaycanın diplomatiyası suverenlik, qoşulmama və çoxvektorlu əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu yanaşma ölkəyə Rusiya-Qərb qarşıdurması şəraitində müstəqilliyini qorumağa, müsəlman dünyası ilə əlaqələri dərinləşdirməyə, eyni zamanda Avropa və ABŞ ilə əməkdaşlığı genişləndirməyə imkan verir. Prezident İlham Əliyevin rəhbərliyi altında rəsmi Bakı qarşı duran ölkələr arasında dialoqu təşviq edə bilən və qlobal sülhün bərqərar olunmasına töhfə verən, neytral, lakin qətiyyətli bir güc kimi mövqelənib.
Praqmatiklik və neytrallığın bu tarazlığı Azərbaycana etibarlı tərəfdaş və Şərqlə Qərb arasında formalaşmaqda olan diplomatik körpü kimi beynəlxalq nüfuz qazandırıb.
Güc mərkəzləri arasında manevr: Rusiya və Qərb arasında tarazlığın qorunması
Ukrayna müharibəsindən sonra yaranan geosiyasi təlatümləri Azərbaycan qədər məharətlə idarə edən dövlət çox az olub. Rusiya Ukraynaya təcavüzə başladığı ilk andan etibarən, Bakı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, təxminən 50 milyon dollarlıq humanitar və enerji yardımı göstərib, eyni zamanda birbaşa hərbi iştirakdan çəkinib.
Hətta 2025-ci ildə Ukraynaya təbii qaz tədarükünü nəzərdə tutan saziş də imzalanıb. Bu cəsarətli addım Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə sadiqliyini aydın şəkildə nümayiş etdirib. Bununla yanaşı, Azərbaycanın Rusiya ilə münasibətlərində müəyyən gərginliklər yaşanıb. Xüsusilə də 2024-cü ilin dekabrında Rusiya ərazisində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin vurulması və nəticədə göyərtədəki 38 nəfərin həlak olması bu münasibətlərə ciddi təsir göstərib.
Davam edən böhran diplomatik gərginliklər, kiberhücumlar və qarşılıqlı ittihamlarla yadda qalıb və Azərbaycan-Rusiya münasibətlərində gərginliyin pik nöqtəsinə çevrilib. Buna baxmayaraq, Bakı qətiyyətli mövqe nümayiş etdirib. Prezident İlham Əliyev məsuliyyətin müəyyənləşdirilməsini və kompensasiyanın ödənilməsini tələb edərək Azərbaycanın Cənubi Qafqazda Rusiya dominantlığına artıq dözməyəcəyini açıq şəkildə bəyan edib.
Dönüş nöqtəsi 2025-ci ilin oktyabrında, Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində Düşənbədə Vladimir Putinlə görüşü zamanı baş verib. Aylarla davam edən gərginlikdən sonra keçirilən bu görüşdə Putin hadisəyə görə Rusiyanın məsuliyyət daşıdığını açıq şəkildə etiraf edib. Moskvanın bu nadir etirafı təkcə Bakı üçün diplomatik uğur deyil, həm də Azərbaycanın artan nüfuzunun göstəricisi olub.
Eyni zamanda, Azərbaycan diplomatiyası zərurət yarandıqda tənqid etməyi, maraqlar üst-üstə düşdükdə isə əməkdaşlıq etməyi bacaran diqqətəlayiq çevikliyini nümayiş etdirib. Moskva ilə yaşanan gərginliklərə baxmayaraq, Azərbaycan hələ də Rusiyanın Şimal–Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Cənubi Qafqaz və İran üzərindən Cənubi Asiya ilə əlaqə yaratmaq planlarında mühüm rol oynayır.
Bu ikiqat rol - Qərbin Mərkəzi Asiyaya Orta Dəhliz vasitəsilə çıxışını təmin etməklə yanaşı, Rusiyanın cənub istiqamətində əlaqə qurmasına imkan yaratması - Azərbaycana misilsiz strateji üstünlük qazandırır.
Eyni zamanda, Azərbaycanın Qərblə əlaqələri də sürətlə inkişaf edir. 2025-ci ilin avqust ayında Bakı və Vaşinqton arasında Strateji Əməkdaşlıq Xartiyası üzərində işə başlanıb və bununla da ikitərəfli münasibətlər misli görünməmiş səviyyəyə yüksəlib.
Vaşinqton sammitində Azərbaycan Ermənistanla uzun müddətdir gözlənilən Zəngəzur dəhlizi barədə razılığa gəlib. Bu dəhliz Azərbaycanın əsas ərazisi ilə Naxçıvan eksklavı arasında, Ermənistanın cənub hissəsi vasitəsilə nəqliyyat əlaqəsini təmin edəcək keçiddir. Əvvəllər qarşıdurma içində olan iki ölkə Prezident Trampın vasitəçiliyi ilə illərdir davam edən silahlı münaqişəyə son qoyaraq sülh müqaviləsinin mətnini paraflayıblar.
Prezident İlham Əliyevin son iki həftə ərzində həyata keçirdiyi diplomatik görüşlər - 2 oktyabrda Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitindən tutmuş, 7 oktyabrda Qəbələdə təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) sammitinə, 10 oktyabrda Düşənbədə keçirilən MDB sammitinə və 12 oktyabrda Misirdə baş tutan Yaxın Şərq Sammitinə qədər -Azərbaycanın çoxşaxəli xarici siyasət fəaliyyətini əyani şəkildə göstərib. Cəmi on gün ərzində Azərbaycan eyni vaxtda Avropa, Avrasiya və Yaxın Şərq diplomatik platformalarında effektiv fəaliyyət göstərmək qabiliyyətini nümayiş etdirib.
Azərbaycanın Yaxın Şərqdə və onun xaricində genişlənən rolu
Avrasiya regionundakı mövqeyini möhkəmləndirən Azərbaycan eyni zamanda Yaxın Şərqdə təsirli diplomatik aktor kimi də ön plana çıxır. Əgər əvvəllər Bakı əsas diqqətini Cənubi Qafqaz regionuna yönəldirdisə, bu gün artıq daha geniş coğrafiyada fəal rol oynayır. Azərbaycan bu fəaliyyəti hərbi güclə deyil, vasitəçilik, yenidənqurma və etimad quruculuğu yolu ilə həyata keçirir.
Bu meyl xüsusilə 2025-ci ilin oktyabrında Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində Azərbaycanın iştirakı zamanı aydın şəkildə özünü göstərib. ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması aylarla davam edən münaqişədən sonra zəif, lakin ümidverici bir sülh mərhələsinin əsasını qoyub.
Bu razılaşmadan sonra Qəzza zolağında beynəlxalq sülhməramlı missiyanın yerləşdirilməsi barədə yeni müzakirələr başlanıb. Mətbuat məlumatlarına görə, İndoneziya, Azərbaycan və Pakistan bu missiyada iştirak etmək üçün əsas namizədlər kimi qiymətləndirilir. Qəzzada postmünaqişə vəziyyətinə nəzarət məqsədilə danışıqlar aparılsa da, hələlik heç bir rəsmi öhdəlik götürülməyib.
ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 20 maddədən ibarət Yaxın Şərq sülh planına əsasən, bu beynəlxalq qüvvələr Fələstin polis qüvvələrinə təlim keçəcək və ictimai təhlükəsizliyin təmininə nəzarət edəcək, lakin əraziyə ABŞ qoşunları yerləşdirilməyəcək.
Əgər bu plan həyata keçərsə, Azərbaycanın belə bir missiyada iştirakı mühüm mərhələnin başlanğıcı olacaq. Bu həm onun artan qlobal etibarlılığının göstəricisi, həm də Vaşinqtonun və regional tərəfdaşların Bakıya olan inamının təzahürü kimi dəyərləndirilir.
*Məqalənin ingilis dilində olan orijinal və tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://theliberum.com/post-conflict-azerbaijan-transforms-into-a-confident-regional-power/


