Beynəlxalq Münasibətlərin Təhlili Mərkəz (BMTM) və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qadın, sülh və təhlükəsizlik: Post münaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfrans keçirilib. Açılış zamanı tədbirin moderatoru, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev post münaqişə dövründə bərpa işlərində qadınların rolu və BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi barədə məlumat verib. Onun sözlərinə görə, regionda yaranmış yeni vəziyyətlə əlaqədar bərpa və sülh prosesinə qadınların daha çox cəlb edilməsinə ehtiyac var. Birinci Vitse Prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində məcburi köçkünlərin 50 faizini qadınlar təşkil edir. Onun sözlərinə görə, qadınlar sülh və etimadın qurulması tədbirlərinə öz töhfəsini verə bilərlər və Azərbaycan hökuməti buna şərait yaratmağa hazırdır.
Elçin Əmirbəyov əlavə edib ki, hazırda regionda sülh, sabitlik və inkişafa yol açan yeni geosiyasi reallıq formalaşıb və Azərbaycan inanır ki, Ermənistanla dinc birgə yaşamanın alternativi yoxdur.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva BMT Təhlükəsizlik Şurasının 22 ildir qətnamə qəbul etməsinə baxmayaraq qadınlarla bağlı qlobal səviyyədə ciddi irəliləyişin olmadığını deyib. Onun sözlərinə görə, qadınlar nəinki danışıqlar masası arxasında əyləşməli, həm də bərpa işlərində aktiv iştirak etməlidirlər. O əlavə edib ki, BMT bu sahədə Azərbaycan hökumətinin davamlı səylərini dəstəkləyəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, mövcud vəziyyətdə yeni standartlara uyğun addımların atılması, qadınların biznes layihələrində fəal iştirakı vacibdir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu məsələləri nəzərə alaraq, 2022-2026-cı il üçün müvafiq milli fəaliyyət planı hazırlayır və komitə BMT-nin müvafiq strukturlarının tövsiyələrini nəzərə alaraq layihə üzərində işləyir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qadın biznesmenlərin azad edilmiş ərazilərlə bağlı layihələr təqdim etdiyi barədə məlumat verib.
Daha sonra iki panel müzakirəsi keçirilib. “Qadınların iştirakı” mövzusunda birinci paneldə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinini İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Ombudsman aparatının informasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyyə Zeynalova, “Qadınlar, sülh və təhlükəsizlik” gündəliyi və onun mərhələləri, eləcə də Azərbaycanda bu sahədəki vəziyyət, normativ-hüquqi çərçivə və onun icra üsulları barədə məlumat veriblər. Müzakirə zamanı mütəxəssislər BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi və onun dörd fəsli: iştirak, qabaqlayıcı tədbirlər, qorunma, yardım və bərpa barədə danışaraq qeyd edilən sahələrdə cari vəziyyəti təqdim ediblər.
“Yardım və bərpa – yenidənqurma” mövzusunda ikinci panel müzakirələri zamanı Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin təcrübəsini bölüşüb, millət vəkili Vüqar Bayramov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Eldəniz Əmirov azad olunmuş ərazilərdə “ağıllı kəndlər” və “ağıllı şəhərlər”-in qurulması zamanı qadınların təhlükəsizliyi, hərəkət və iqtisadi imkanları barədə danışıb, ağıllı şəhərlərin tikintisi prosesində qadınların rolunu müzakirə ediblər. Panel müzakirəsi BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə aparılıb.