BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Özbəkistan-Azərbaycan münasibətlərinin 25 ili: nailiyyətlər və perspektivlər” mövzusunda vebinar keçirilib

2021-12-14 13:01

Dekabrın 14-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun (SRAİ) birgə təşkilatçılığı ilə “Özbəkistan-Azərbaycan münasibətlərinin 25 ili: nailiyyətlər və perspektivlər” mövzusunda vebinar keçirilib. BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayevanın moderatorluğu ilə keçirilən tədbirdə iki ölkə arasında qarşılıqlı münasibətlərin son illərdəki vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Giriş nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan və Özbəkistan arasında ikitərəfli əlaqələri regionlararası əlaqələr kontekstində qiymətləndirib. O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının bu əlaqələrin inkişafında müstəsna rolu var. F.Şəfiyev əlavə edib ki, iki ölkə arasında ticarət əlaqələrinin inkişafında Orta Koridor böyük potensiala malikdir. SRAİ-nin direktoru Eldor Aripov öz çıxışında bildirib ki, Özbəkistan və Azərbaycanın dövlət başçıları səviyyəsində siyasi təmaslar ikitərəfli əlaqələrin inkişafına təkan verir. E.Aripov son beş ildə Özbəkistan və Azərbaycan arasında ticarət əlaqələrinin təxminən beş dəfə artdığını bəyan edib. O qeyd edib ki, Özbəkistan və Azərbaycan beynəlxalq təşkilatlarda, xüsusən BMT-də bir-birinin təşəbbüslərinə dəstək verir. Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov video müraciətində Özbəkistan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasını tarixi hadisə kimi dəyərləndirib. Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev öz nitqində bildirib ki, iki ölkə tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlıdır. O əlavə edib ki, buna görə də Azərbaycan-Özbəkistan münasibətləri strateji tərəfdaşlıqla yanaşı qardaş münasibətləri xarakteri daşıyır. 

Vebinarda həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın birləşməsində Azərbaycanın rolu, Bakı və Daşkənd arasında siyasi dialoq, müasir mərhələdə Azərbaycan-Özbəkistan dialoqunun təkmilləşdirilməsinin aktual aspektləri, Özbəkistan və Azərbaycan arasında nəqliyyat və logistika layihələri çərçivəsində əməkdaşlığın perspektivləri və Zəngəzur dəhlizinin regional əməkdaşlığın inkişafına potensial təsirləri ilə bağlı çıxışlar da olub.