Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Bakıda "Orta Şərq-Qafqaz: Təhlükəsizlik və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Gürcüstan, İsrail, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyədən olan beynəlxalq ekspertlər regional təhlükəsizliyə təhdid təşkil edən məsələlər və əməkdaşlıq imkanları barədə müzakirə aparmaq üçün bir araya gəliblər.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev açılış nitqi zamanı bildirib ki, Orta Şərq və Qafqaz böyük regionun bir parçasıdır və Qafqaz şərqlə qərb əməkdaşlığının, mədəniyyətinin kəsişməsində yerləşir. Onun sözlərinə görə, iki region arasında yaxşı ticarət və iqtisadi əlaqələr formalaşıb. Fərid Şəfiyev Qafqaz regionundakı proseslərdən danışaraq bildirib ki, Azərbaycanla Ermənistan arasında 30 il davam edən münaqişənin başa çatmasından sonra hazırda sülh müqaviləsi üzərində iş aparılır.
Fərid Şəfiyev regional əlaqələrin inkişafı baxımından Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars nəqliyyat xətlərindən danışıb və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanları barədə məlumat verib.
Daha sonra “Təhlükəsizliyə çağırışlar və Orta Şərq-Qafqaz regionu “, “Orta Şərq və Qafqaz regionu və qlobal güc dəyişiklikləri”, “Orta Şərq-Qafqaz regionu ölkələri arasında əməkdaşlıq imkanları” adlı panel müzakirələri keçirilib. Müzakirələr zamanı region ölkələri qarşısında dayanan təhlükəsizlik məsələləri, əməkdaşlıq imkanları, nəqliyyat dəhlizlərinin regional əlaqələrin inkişafı üçün açdığı imkanlar, stabillik və sülh məsələləri müzakirə olunub.