Noyabrın 24-26-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı və 30-dan çox beynəlxalq ekspertin iştirakı ilə “Orta Dəhliz boyunca – Geosiyasət, Təhlükəsizlik və İqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın ilk günü ADA Universitetində konfrans iştirakçılarının Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü keçirilib. Nazir qonaqlara regionda baş verən son proseslər barədə məlumat verib, onların suallarını cavablandırıb. Noyabrın 25-də konfrans iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutub. Ölkə başçı görüşdə Orta dəhlizin regionun inkişafı baxımından vacibliyi, dəhlizin inkişafı istiqamətində görülən işlər, regional proseslər, post müharibə dövründə sülh quruculuğu və yenidənqurma işləri barədə məlumat verib, qonaqların müxtəlif mövzulara dair suallarını cavablandırıb. Günün ikinci yarısı beynəlxalq ekspertlərin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfəri baş tutub. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov qonaqlara limanın ümumi fəaliyyəti, regionun logistika və nəqliyyat mərkəzinə çevrilmə strategiyası ilə bağlı məlumat verib və beynəlxalq yükdaşımaların həcmində ciddi artım müşahidə edildiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov beynəlxalq nəqliyyat təşəbbüsləri kontekstində Zəngəzur Koridorunun əhəmiyyətinə toxunub, həmçinin işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi nəqliyyat infrastrukturunun bərpası ilə bağlı görülmüş işlər barədə məlumat verib.
Daha sonra qonaqlar ayrı-ayrı terminalların iş prinsipi və hazırda istifadə edilən yükaşırma vasitələri və növləri ilə əyani tanış olublar. Qonaqlara gəmi-bərələrin texniki imkanları və limanda operativ yükaşırmanın təmin edilməsi üçün tətbiq edilən texnologiyalarla bağlı məlumat verilib.
Noyabrın 26-da konfrans iştirakçıları Ağdam şəhərinə səfər ediblər. Səfər çərçivəsində qonaqlar Qarabağ xanı Pənahəli xan tərəfindən 1751–1752-ci illərdə inşa etdirilmiş Şahbulaq qalasını ziyarət ediblər və abidədə ermənilər tərəfindən aparılmış “bərpa” işləri nəticəsində qalanın tarixi görkəminin dəyişdirilməsinin şahidi olublar. Qonaqlar həmçinin Ağdam Cümə məscidində gedən təmir-bərpa işləri və yeni inşa edilmiş Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bundan başqa, Ağdam Dövlət Dram Teatrı və Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksini ziyarət edən qonaqlara işğal dövründə Ermənistan tərəfindən törədilmiş urbisid və kultursid haqqında məlumat verilib.