Noyabr Bəyannaməsinin həyata keçirilməsi regional təhlükəsizlik və sülh üçün olduqca əhəmiyyətlidir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyevin "Eurasia Review" nəşrində "Noyabr Bəyannaməsinin həyata keçirilməsi regional təhlükəsizlik və sülh üçün olduqca əhəmiyyətlidir" başlıqlı məqaləsi dərc edilib. Müəllif yazır ki, 2020-ci il Cənubi Qafqaz regionunda COVID-19 pandemiyasının yayılması və Ermənistanla Azərbaycan arasında yeni bir müharibə ilə daha çox yadda qalan qarışıq bir il olub. Bildirilir ki, İkinci Qarabağ müharibəsi zamanı hər iki tərəf bütün silah-sursatdan istifadə edib və altı həftəlik şiddətli döyüşlərdən sonra minlərlə insan həyatını itirib və ya yaralanıb.

Müəllif daha sonra xatırladır ki, Rusiya Federasiyasının vasitəçiliyi ilə 10 noyabr 2020-ci il tarixində Ermənistan, Azərbaycan və Rusiya Federasiyası rəsmi olaraq atəşkəsi təmin edən və bütün hərbi əməliyyatlara son qoyan "Üçtərəfli Bəyannamə" ni (noyabr razılaşması  olaraq da bilinən) imzalayıb: "Üçtərəfli Bəyannamə uzunmüddətli düşmənçiliyə son qoymalı və regionun  tarixində yeni bir səhifə açmalı idi. Belə ki, Ermənistan və Azərbaycan nəqliyyat dəhlizlərinin yenidən açılması və regional iqtisadi inteqrasiyanın dəstəklənməsi barədə razılığa gəlmişdilər. Münaqişə sona çatsa da, lakin noyabr razılaşmasının bütün bəndlərinin həyata keçirilməsində, konkret olaraq, dördüncü maddə – “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” maddəsinin içrasında çətinliklər mövcuddur. Ermənistan silahlı qüvvələrinin Laçın dəhlizi ilə Qarabağa qeyri-qanuni tranzitinin davam etməsi eskalasiyaya səbəb ola və sülh səylərinə zərbə vura bilər".

Bildirilir ki, noyabr razılaşmasının başqa bir vacib maddəsi, doqquzuncu bənddir və orada qeyd edilir ki,  Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. "Bu məqamda isə ən vacib sual budur ki, Ermənistan noyabr razılaşmasının bütün bəndlərini yerinə yetirmək istəmir. Sənəd Ermənistan cəmiyyətində fərqli qarşılandı. Belə ki, noyabr razılaşmasının şərtlərini tənqid edənlər əsasən iyirmi il Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı"nı (keçmiş prezidentlər Robert Köçəryan (1998-2008) və Serj Sarkisyanı (2008-2018)) dəstəkləyənlərdir. İşğal siyasəti Ermənistanı 2020 -ci il müharibəsində fəlakətə sürükləsə də, erməni cəmiyyətinin böyük bir hissəsi İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti hələ də qəbul edə bilmir və buna görə də revanşizm ideyasını dəstəkləyirlər. Erməni millətçiləri Zəngəzur dəhlizinin yenidən açılmasını növbəti siyasi məğlubiyyət kimi qiymətləndirirlər. Bu məqsədlə Ermənistan Zəngəzur dəhlizinin yerinə İcevan -Qazax -Bakı dəmir yolu xəttinin açılması ideyasını da dəstəkləyirlər. Lakin noyabr razılaşmasına əsasən, bütün regional kommunikasiyalar, o cümlədən İcevan-Qazax-Bakı dəmir yolu marşrutu onsuz da bərpa olunmalıdır",- deyə Ş.Hacıyev bildirir.

Qeyd olunur ki, Rusiya bölgədəki sabitliyin və təhlükəsizliyin əsas qarantı olaraq, noyabr razılaşmasının tam həyata keçirilməsini təmin etməlidir, çünki sənədin hər hansı bir maddəsinin pozulması Rusiyanın sülhməramlı statusuna mənfi təsir göstərəcək. Xüsusilə vurğulanır ki, əgər Ermənistan qanunsuz silahlı qüvvələrini Qarabağa yerləşdirməyə davam edərsə və Zəngəzur dəhlizinin yenidən açılmasını rədd edərsə, bu proses Rusiyanın vasitəçiliyi ilə imzalanan noyabr razılaşmasını pozacaq: "Son olaraq, Türkiyə ilə Rusiya arasında əməkdaşlıq davamlı sülh üçün əsas olmalıdır və Zangezur dəhlizinin yenidən açılması bütün tərəflər üçün yeni iqtisadi imkanlar və faydalar gətirəcək".

Daha ətraflı: https://www.eurasiareview.com/17082021-implementation-of-november-declaration-critically-important-for-regional-security-and-peace-oped/?fbclid=IwAR3UKB97z9onkbfpHeZfCoHJ1X0D79W5E2N72TumcRr-1v67Lsfj2Txv8sU