BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Niyə bəzi müharibələr digərlərindən daha dağıdıcıdır?

2022-03-31 16:01

ABŞ-ın nüfuzlu  “National Interest” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Fuad Çıraqovun “Niyə bəzi müharibələr digərlərindən daha dağıdıcıdır?” adlı məqaləsi dərc edilib.

Məqalədə bildirilir ki, iki ordu arasında amansız və şiddətli toqquşmalara baxmayaraq 2020-ci il Ermənistan və Azərbaycan arasında baş vermiş müharibədə mülki itkilər Ukraynada davam edən müharibədə şahidi olduğumuzdan qat-qat az idi. Müəllif yazıda münaqişədə mülki itkilərin bu qədər aşağı nisbətdə olmasından siyasətçilər və hərbi planlaşdırıcıların hansı dərsləri çıxara biləcəyi ilə bağlı fundamental sual qoyur.

Silahlı münaqişələrdə mülki itkilərin döyüşçü itkilərinə və ya ümumi itkilərə nisbətindən hər hansı bir münaqişənin nə qədər dağıdıcı olduğunu ölçmək üsulu kimi istifadə edildiyinə istinad edilərək diqqətə çatdırılır ki, 2020-ci ildə 44 günlük müharibə zamanı hər iki tərəfin rəsmi hesabatlarına görə, tərəflərin hərbi qulluqçuları arasında itkilər təxminən 10 min nəfər təşkil etdiyi halda 60 mülki erməni və 100 mülki azərbaycanlının ölümü və Azərbaycan tərəfdən 416, Ermənistan tərəfdən isə 165 mülki şəxsin yaralanması faktı qeydə alınıb. Bu isə o deməkdir ki, mülki əhalinin tələfat nisbəti görünməmiş həddə – 2 faizdən aşağı olub. Müəllif vurğulayır ki, əgər Ermənistan Gəncə (münaqişə zonasından 100 kilometr aralıda), Bərdə, Qaşaltı (Naftalan yaxınlığında) və Qarayusufli də daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə bir sıra qanunsuz raket zərbələri endirməsəydi, bu göstərici daha da aşağı ola bilərdi.

Məqalədə mülki əhali arasında itki nisbətinin aşağı olması bir neçə arqumentlə əsaslandırılır: “Əvvəla sübutlar göstərir ki, bütün hərbi əməliyyatlar Ermənistanın işğalçı qüvvələrinə qarşı Azərbaycanın işğal olunmuş (və beynəlxalq səviyyədə tanınmış) əraziləri daxilində aparılıb və Azərbaycan ordusunun bütün hədəfləri münaqişə zonası ilə məhdudlaşıb. İkincisi, Azərbaycan ordusu bütün hərbi üstünlüklərinə baxmayaraq, Qarabağda ermənilərin sıx məskunlaşdığı ərazilərə daxil olmayıb”.

 Daha sonra müəllif müqayisə üçün qeyd edir ki, 1990-cı illərdəki müharibə Qarabağda dinc sakinlər üçün daha qəddar olub, minlərlə insan həlak olub, minlərlə insan hələ də itkin düşmüş hesab edilir.

Müəllif sonda təəssüflə qeyd edir ki, 2020-ci il müharibəsi ilə bağlı yuxarıda qeyd olunan, yaxşı sənədləşdirilmiş faktlar beynəlxalq müzakirələrdə qəsdən diqqətdən kənarda qalır; əvəzində biz “soyqırımı”, “mülki əhalinin qətliamı” və “mülki insanlara qarşı ayrı-seçkilik olmadan atəşə tutulması” ilə bağlı əsassız ittihamları görürük. Buradan belə bir qənaətə gəlinir ki, əslində, heç bir bəhanə və qərəz olmadan 44 günlük müharibə etik kodekslərə riayət etməklə müasir müharibənin minimum mülki itkilərlə necə aparıla biləcəyini nümayiş etdirən beynəlxalq humanitar hüququn və müasir müharibənin çox gözəl nümunəsidir.

Daha ətraflı: https://nationalinterest.org/blog/buzz/why-are-some-wars-more-destructive-others-201552