BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

"Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

2024-03-12 12:16

8 mart 2024-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Açılış mərasimi zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini  oxuyub.

Müraciətdə dünyada artan İslamofobiya hallarına və Azərbaycanın bu mənfi tendensiya ilə üzləşməsinə diqqət çəkilib:

“Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. İlkin araşdırmalara görə işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır”.

Müraciətdə, həmçinin multikultural dəyərlərə hörmətin Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olması vurğulanıb:

“Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə milli sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir”.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov konfransda müzakirə ediləcək məsələlərin yol xəritəsi kimi çıxış edə biləcəyini bildirib. Onun sözlərinə görə, ayrı-seçkilik, nifrət nitqi və təcridolunma hazırda dünyanın əsas problemləri sırasındadır.

“Sözügedən hallara, xüsusən Qərb ölkələrində rast gəlinir. Sülh şəraitində birgə yaşamaq mümkün olduğu halda, müsəlmanlara qarşı bu mənfi hallar davam etməkdədir”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, İslamofobiya ilə effektiv mübarizə üçün beynəlxalq səviyyədə siyasi addımlar atılmalı və akademik çevrələr arasında məlumatlılıq artırılmalıdır.

F. Şəfiyev Qərb mətbuatı tərəfindən qərəzli informasiyaların yayılmasına da diqqət çəkib:

“Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırlaşdığı zaman tənqidlərə məruz qalır. Bizim ayrı-seçkiliklə bağlı təcrübələrimiz çox olub. Ermənistanla son üç onillik davam edən münaqişə bizə göstərib ki, həqiqətən də biz çox yaxşı təşkil olunmuş media və akademik çevrələrin kampaniyası ilə üzləşmişik”. 

Bəzi Qərb universitetlərində birtərəfli ritorikanı təşviq edən, mədəni abidələrə selektiv yanaşma nümayiş etdirən tədbirlərin təşkilinin yolverilməz olduğunu deyən F. Şəfiyev Fransanın Evian-Lö-Bən şəhərində azərbaycanlı şair, xeyriyyəçi Xurşudbanu Natəvanın abidəsinə qarşı törədilən vandalizm aktına da diqqət çəkib:

“Bu məsələdə Fransa hakimiyyəti tərəfindən tamam fəaliyyətsizliyin şahidi olduq. O ölkədə ki, orda UNESCO-nun mənzil-qərargahı yerləşir. Bu yaxınlarda heykəl Azərbaycanın Parisdəki səfirliyinə gətirildi. Deməliyəm ki, bu, təsadüfi küçə vandalizmi deyildi. Bu, Fransa hakimiyyətin siyasəti və fəaliyyətsizliyinin nəticəsidir. Fransa hökuməti tərəfindən də üzrxahlığın şahidi olmadıq. Bu cür insidentlər bir çox ölkə və ekspert üçün həyəcan təbili olmalıdır”.

Açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına müraciəti də səsləndirilib.

Müraciətdə bildirilib ki, dünyada bir çox müsəlmanın İslamofobiyanın qurbanı olması təəssüf doğurur. Onun sözlərinə görə, sülh içində bir dünya yaratmaq üçün bütün insanlar qeyri-tolerantlığa qarşı mübarizə aparmalıdır: “Dünyada bütün dinlərin əsasında mərhəmət və qarşılıqlı hörmət dayanır. Bunu qorumaq isə bizim borcumuzdur”.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusif Əl-Dubei konfransda çıxış edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatının 15 mart tarixini “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” elan etməsi İslamofobiyaya qarşı mübarizədə mühüm addımdır.

O qeyd edib ki, Azərbaycan bu illər ərzində İslamofobiya ilə mübarizəyə həsr olunan yüksək səviyyəli müxtəlif tədbirlər keçirib, nümunəvi addımlar atıb. Bu tədbirin keçirilməsi də Azərbaycanın öhdəliklərinə sadiqliyini göstərir. O, diqqətə çatdırıb ki, dünyada təxribat xarakterli aktların törədilməsi davam edir, insanlar dini inanclarına səbəbindən hədəfə alınırlar.

G20 Dinlərarası Dialoq Forumunun Prezidenti Kol Durham deyib ki, dünyada İslam dininə qarşı qərəzli münasibətə, mənfi tendensiyalara adekvat cavablar verilməli və bu səbəbdən, İslamofobiya ilə mübarizənin əhatə dairəsi genişləndirilməlidir.

Beynəlxalq elmi konfrans çərçivəsində “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış”, “Qərbi Avropada Müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" plenar iclasları, eləcə də “Fransada anti-müsəlman siyasəti: İslamofobiyanın normallaşdırılması”, “İctimai rəyin formalaşdırılması: Rəqəmsal İslamofobiya”, “Ali təhsil kontekstində İslamofobiyaya qarşı mübarizə”, “Genderləşdirilmiş İslamofobiyanın Matrisi: Müsəlman Qadınlarının Repressiyası və Müqaviməti, Gender və Cəmiyyət” mövzularında bölmə sessiyaları baş tutub.

Konfransın yekununda Birgə Kommünike qəbul olunub.

Sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.

Martın 10-da isə konfrans iştirakçılarının Şuşa şəhərinə səfəri təşkil edilib.

Xatırladaq ki, konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarından 130-dan çox nümayəndə iştirak edib.

Qeyd edək ki, BMT Baş Assambleyası 2022-ci ildə martın 15-ni “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” kimi qəbul edib.