BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Müharibə sonrası Cənubi Qafqaz” mövzusunda vebinar keçirilib

2021-02-24 18:45

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyənin Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) birgə təşkilatçılığı ilə “Müharibə sonrası Cənubi Qafqaz” mövzusunda vebinar keçirilib. Vebinara moderatorluq edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, tədbir 29 il əvvəl törədilmiş Xocalı faciəsinin ildönümü ərəfəsində keçirilir. O deyib ki, ötən ilin sentyabrında başlamış və 44 gün davam etmiş müharibədən sonra regionda yeni geosiyasi vəziyyət yaransa da, 30 illik işğalın nəticələri, o cümlədən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqına qarşı törədilən soyqırımı və digər cinayətlər hələ də gündəmdə qalır.

Fərid Şəfiyev 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi qeyd edib. O bildirib ki, bu münaqişə bizim regional layihələrimiz üçün əngəl olmayıb, amma Ermənistan bu layihələrdən məhrum qalıb. Torpaqlar ermənilər üçün dəyərli yerlər olsaydı, bu əraziləri darmadağın etməzdilər.

Daha sonra çıxış edən AVİM-in rəhbəri Alev Kılıç Azərbaycanı əldə etdiyi Qələbə münasibətilə təbrik edərək müharibənin Azərbaycan üçün önəmli bir dönüş nöqtəsi və layiq olduğu bir zəfər olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan və Türkiyə hər şeydən öncə “iki dövlət, bir millət” anlayışının artıq sözdə deyil, fəaliyyətdə də böyük bir məna qazandığını sübut edib: “Bu müharibə türk dünyasının geosiyasi önəminin qarşısına qoyulmuş əngəlləri ortadan qaldırıb. Bu mənada Azərbaycan-Türkiyə işbirliyi daha böyük əhəmiyyət kəsb edir”.

BMTM-in şöbə müdiri Fuad Çıraqov deyib ki, 10 noyabr atəşkəs razılaşmasından sonra hər kəsin gözü Ermənistanın daxili siyasətindədir. Onun sözlərinə görə, Ermənistanın daxili siyasi mübarizəsi indiki tək hakimiyyət və müxalifət arasında deyil, ölkənin keçmişi və gələcəyi arasında gedir.

AVİM-in eksperti Turqut Tuncel II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi durumda ən əsas istiqamətin iqtisadi bağlantıların açılması olduğunu vurğulayıb. Onun sözlərinə görə, bununla yeni dəhliz fürsətləri açılır və ortaya çıxır. O, Cənubi Qafqazın “Şimal-Cənub”, “Cənub-Qərb”, “Şərq-Qərb” dəhlizlərinin inkişafı baxımından əhəmiyyətini xüsusi qeyd edib. Ekspert əlavə edib ki, bu layihələr Ermənistan üçün yeni bir fürsət yaradıb.

BMTM-in aparıcı məsləhətçisi Orxan Bağırov deyib ki, azad olunmuş ərazilərdə bərpa prosesi təkcə Azərbaycan deyil, bütün regionun inkişafı üçün vacibdir: “Əsas məqam texnoloji baxımdan əraziləri inkişaf etmək, "yaşıl enerji” regionuna çevirməkdir. Ərazilərdə bərpa prosesinə başqa ölkələr də qoşulub və onlardan ən mühüm rol oynayan Türkiyə şirkətlərdir. Gələcəkdə müharibə zamanı Azərbaycana dəstək göstərən daha çox ölkə bu prosesə qoşulacaq”.

AVİM-in eksperti Oğuzhan Tulun Ermənistanla Türkiyə münasibətlərinin gələcəyinə toxunub. Onun sözlərinə görə, Ermənistan keçmişdən doğru dərslər götürsə, ölkəsi münasibətlərin normallaşmasını istəyəcək. Lakin Ermənistan üstü qapalı şəkildə Türkiyə torpaqlarına qarşı iddialar qaldırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Ermənistan-Azərbaycan münaqişəsi ətrafında baş verən son proseslərin Azərbaycanın Türkiyə ilə əməkdaşlığını daha da möhkəmləndirdiyini deyib. Onun sözlərinə görə, artıq Türkiyə regionda təsir gücünə malikdir və tezliklə regionda yeni layihələr reallaşacaq.

AVİM-in eksperti Tutqu Dilaver müharibədən sonra regionda altıtərəfli platformanın yaradılması təklifləri barədə danışaraq bildirib ki, bu təşəbbüs regionda sülhün daha davamlı olması məqsədi ilə meydana çıxıb: “Belə platformanın işləməsi üçün bütün ölkələr koordinasiyalı hərəkət etməlidirlər”.

Ekspert bildirib ki, Ermənistan Minsk qrupu çərçivəsində özünü çox rahat hiss edirdi. Minsk qrupuna üzv bəzi ölkələrin bu münaqişəyə öz siyasi yanaşmasından sonra bu, artıq qrupun fəaliyyətinə də təsir göstərməyə başlayıb.