BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının dördüncü iclası keçirilib

2023-11-27 18:05

27 noyabr 2023-cü il tarixində Moskva şəhərində Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) IV iclası keçirilmişdir. “Cənubi Qafqazda post-münaqişə inkişafı şəraitində Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələr” mövzusuna həsr edilmiş tədbir Rusiya Beynəlxalq Məsələlər Şurası və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin MDB ölkələri Departamentinin direktor müavini Mixail Kaluqin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, Cənubi Qafqazda postkonflikt dövründə, xüsusilə də son zamanlar qeyri-regional dövlətlər tərəfindən artan destruktiv müdaxilələrin neytrallaşdırılması ilə bağlı Moskva və Bakının mövqelərinin yaxınlığını qeyd etdilər. XİN rəsmiləri Şuranın fəaliyyətinin ikitərəfli münasibətlərin  möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirmiş, gələcək fəaliyyətilə bağlı töhfələrini bildirmişlər.

Daha sonra çıxış edən RBMŞ-nin baş direktoru İvan Timofeyev və BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Şuranın yarandığı gündən ötən qısa müddət ərzində nümayiş etdirdiyi ekspert fəaliyyətinin yüksək səviyyəsini qeyd etdilər. Onlar iki ölkənin ekspertlərinin birbaşa əlaqələrinin və regionda gedən proseslər haqqında ölkələrinin ictimaiyyətlərini məlumatlandırılmasının vacibliyini vurğuladılar.

İnteraktiv dialoq şəraitində keçən iclasın qapalı sessiyalarında regional təhlükəsizlik problemləri, qlobal çağırışlar fonunda əməkdaşlıq, xüsusilə Cənubi Qafqaz regionunda yeni geopolitik risklərin qarşısının alınması məqsədilə 3+3 formatı çərçivəsində regional əməkdaşlığın gücləndirilməsi müzakirə olundu. Şimal-Cənub İTC, Şərq-Qərb yolu və Zəngəzur dəhlizi kimi regional kommunikasiya məsələləri də tədbirin diqqət mərkəzində idi.

İclasda həmçinin iki ölkə arasında əlaqələrin inkişafına dair müxtəlif aspektlər ilə bağlı Şuranın praktiki tövsiyələrini əks etdirən kommünike qəbul edilib. Hər iki ölkənin müvafiq dövlət qurumları qarşıdan gələn Xİİ Rusiya-Azərbaycan Regionlararası Forumuna təqdim ediləcək sənəddə həmçinin Şuranın fəaliyyətinin daimi əsaslarla təşkilini məqsədəuyğyn hesab edib.