Azərbaycan Respublikasında dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən institusional islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2026-cı il tarixli Fərmanı ilə “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə yenidən təşkil edilərək “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2026-cı il tarixli Fərmanı ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilmişdir. Mərkəzin fəaliyyət istiqamətləri, vəzifələri və idarə olunması ilə bağlı məsələlər Nizamnamədə müəyyən edilmişdir.
Kütləvi informasiya vasitələrinin və ictimaiyyət nümayəndələrindən Mərkəzə istinad edilərkən aşağıdakı rəsmi adlardan istifadə olunması xahiş edilir:
Azərbaycan dilində: Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM)
İngilis dilində: Center for Analysis of International Relations and Multiculturalism (AIR Center)
Rus dilində: Центр анализа международных отношений и мультикультурализма (ЦАМОМ)
Mərkəz Nizamnaməsinə uyğun olaraq dünyada və regionda baş verən proseslərin təhlili, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə fundamental tədqiqatların aparılması, bu məsələlərə dair Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, dövlət orqanlarının (qurumlarının) elmi-analitik materiallarla təmin edilməsi istiqamətində fəaliyyət göstərəcək.
Bununla yanaşı, Mərkəz azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini və linqvistik müxtəlifliyin qorunması və təşviqi, Azərbaycanın dünyada multikulturalizm mərkəzi kimi tanıdılması, habelə mövcud multikultural modellərin öyrənilməsi və təbliği sahəsində fəaliyyətini davam etdirəcək.
Mətbuat və digər informasiya resurslarında Mərkəzlə bağlı məlumatlar yayımlanarkən yuxarıda göstərilən rəsmi ad və abbreviaturalardan istifadə olunması xahiş olunur.


