Polşanın Karpaç şəhərində keçirilən 32-ci İqtisadi Forum çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə sentyabrın 7-də Cənubi Qafqaz ölkələri və Avropa İttifaqı arasında əlaqələr və bu kontekstdə nəqliyyat dəhlizləri və enerjinin roluna dair panel müzakirəsi təşkil olunub. Müzakirələrdə Belçikada yerləşən “New Direction” fondunun direktoru Vitold de Çevilli (Witold de Chevilly), Gürcüstanın İctimai Məsələlər İnstitutun professoru Tengiz Pkaladze, Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun (SWP) eksperti Daria İsaçenko, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin eksperti Orxan Bağırov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ekspertləri Vasif Hüseynov və Nağı Əhmədov iştirak ediblər.
V.Hüseynov çıxışında Orta Dəhlizin xüsusilə Mərkəzi Asiya və Şərqi Avropa ölkələri arasında həm nəqliyyat, həm də geosiyasi baxımdan yaxınlıq yaratdığını qeyd edib. O, Cənubi Qafqazın, xüsusilə Azərbaycan və Gürcüstanın Şərq və Qərb arasında körpü rolunu oynadığını vurğulayıb. Avropa İttifaqının maraqlarından bəhs edən Vitold de Çevilli Azərbaycan və Aİ arasındakı enerji və nəqliyyat sahəsində əməkdaşlığın ittifaq ölkələrinin milli təhlükəsizliyində əhəmiyyətindən bəhs edib. O, Rusiya və Ukrayna arasındakı müharibə fonunda Azərbaycanın Aİ üçün vacib tərəfdaş olduğunu və bu əməkdaşlığın müharibədən sonra da davam edəcəyini bildirib.
Daha sonra çıxış edən T.Pkaladze Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin strateji tərəfdaşlıq səciyyəsi daşıdığını qeyd edib və iki dövlətin Orta Dəhlizi inkişaf etdirmək üçün təşəbbüslərindən bəhs edərək, Bakı və Tiblisi tərəfindən bu istiqamətdə addımların Ukrayna müharibəsindən çox daha əvvəl atıldığını bildirib. D.İsaçenko Türkiyənin Cənubi Qafqazda geosiyasi çəkisinin İkinci Qarabağ Müharibəsindən sonra artdığını qeyd edib və bunun Orta Dəhliz üçün yeni imkanlar vəd etdiyini bildirib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti N.Əhmədov Azərbaycanın Orta Dəhlizin öz ərazisinə düşən seqmetində eyni zamanda Gürcüstan seqmetində infrastruktun yaradılması və dəhlizin yükgötürmə qabiliyyətini artırmaq üçün mühim təşəbbüslər göstərdiyini deyib, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin bu baxımdan xüsusi rol oynadığını vurğulayıb.
O.Bağırov öz çıxışında Azərbaycan və Aİ arasındakı eneji əlaqələrinin Ukrayna müharibəsindən sonra da aktuallığını qoruyub saxlayacağını qeyd edib. Azərbaycan və Şərqi Avropa ölkələri arasında enerji sektorunda əməkdaşlığa toxunan O.Bağırov bildirib ki, tərəflər arasındakı əlaqələrdə yaşıl enerjiyə keçidlə bağlı yeni dövrün tələbləri də nəzərə alınır.
Qeyd edək ki, Şərqi Avropanın ən böyük forumlarından biri hesab olunan 32-ci İqtisadi Forum sentyabrın 5-7-də Polşanın Karpaç şəhərində keçirilib.