29.05.2024-cü il tarixində İtaliya Senatının binasında “İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli münasibətlər: enerji təhlükəsizliyi və xarici siyasət” mövzusunda tədbir keçirilib.
Tədbir İtaliya Asiya İnstitutu beyin mərkəzinin (ISIA) baş katibi Domenico Palmierinin moderatorluğu ilə keçirilib.
Giriş nitqi ilə çıxış edən ISIA-nın vitse-prezidenti Sergio Divina Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini vurğuladı:
“Azərbaycanın enerji təhlükəsizliyimizə töhfələri fundamentaldır və Ukraynadakı müharibə bunun əhəmiyyətini daha da artırdı. Ümid edirəm ki, iki ölkə arasındakı tərəfdaşlıq daha da güclənəcək”.
Deputatlar Palatasının Əmək Məsələləri Komitəsinin katibi Luca Squeri enerji tranziti məsələlərinə toxundu və karbon neytrallığı mövzusunda müqayisələr apardı:
“Bu məqsədlərə çatmaq üçün bizim iqtisadi və sosial dayanıqlılığa ehtiyacımız var. Bərpaolunan enerji mənbələrinin tam potensialından istifadə etmək üçün çox iş görülməlidir”.
Luca Squeri, həmçinin iqlim gündəliyində duran vacib məsələlərlə bağlı məlumatlılığın artırılmasında COP29-un əhəmiyyətini vurğuladı.
“Yaşıl enerji hədəflərinə nail olmaqda COP29 vacib rol oynayacaq”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan və İtaliya arasındakı yüksək səviyyəli strateji münasibətlərin məmnunluq doğurduğunu bildirib:
“Azərbaycan və İtaliya arasında möhkəm siyasi əlaqələr, iqtisadi və enerji əməkdaşlığı mövcuddur”.
Onun sözlərinə görə, enerji əməkdaşlığı ikitərəfli münasibətlərlə daha böyük paya malik olsa da, tərəfdaşlığın miqyası yalnız xüsusi bir sahə ilə məhdudlaşmır:
“İtaliya şirkətləri fəal şəkildə Azərbaycanın azad edilmiş torpaqlarında bərpa-quruculuq proseslərinə cəlb ediliblər və müharibədən öncəki dövrdə də İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətiyyətli mövqe sərgiləmişdir”.
BMTM sədri çıxışında, həmçinin cari regional vəziyyət və Avropa İttifaqı-Azərbaycan münasibətləri ilə bağlı məsələlərə toxundu. F. Şəfiyev Azərbaycan Aİ ilə qarşılıqlı faydalı əməkdaşlığın artmasında maraqlı olduğunu bildirdi. O, İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin bəzi Aİ liderlərinə Cənubi Qafqaz və Azərbaycanla bağlı dar çərçivəli açıqlamalardan çəkinməklə bağlı şərhlərinə diqqət çəkdi. F. Şəfiyev əlavə edib ki, Ermənistan-Azərbaycan sülh prosesi ümumilikdə müsbət məcrada irəliləyir.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə bağlı qısa məlumat verib. O qeyd etdi ki, Azərbaycan və İtaliya qarşılıqlı faydalı əməkdaşlıq və yaxşı ənənələrə əsaslanan strateji tərəfdaşlıq münasibətləri ilə bir-birinə bağlıdır:
“Son bir neçə il ərzində iki ölkə arasında mədəni və humanitar sferalarda əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edib. Pandemiyadan öncə Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil edilən tədbirlər bu əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermişdir”.
Açılış nitqlərindən sonra nüfuzlu ixtisaslaşmış ekspertlərin təqdimatları dinlənildi.
ISIA və Siena Universitetinin geosiyasət üzrə analitiki Fabio Indeo enerji təhlükəsizliyi baxımından Azərbaycanı vacib tərəfdaş adlandırdı. Onun sözlərinə görə, Bakı etibarlı tərəfdaş olduğunu artıq sübut edib və Aİ-nin diversifikasiya siyasətinə dəstəyini ifadə edib:
“Azərbaycan və Aİ arasında imzalanan enerji tərəfdaşlığına dair Anlaşma Memorandumu ixrac ediləcək qazın həcminin artmasına və Rusiyadan enerji asılılığın azalmasına xidmət edəcək”.
F. Indeo Azərbaycandan Avropaya elektrik enerjisi ixracını nəzərdə tutan Qara dənizin dibi ilə çəkiləcək kabel layihəsinin önəminə diqqət çəkdi:
“COP29 Azərbaycanın dekarbonizasiya strategiyasına Avropa şirkətlərinin cəlbi və dəstəyinin müzakirə olunması üçün ideal məkan olacaq”.
BMTM-in şöbə müdiri Cavid Vəliyev təqdimatında beynəlxalq nəqliyyat dəhlizlərinin mobilliyi və davamlılığı məsələlərinə aydınlıq gətirdi, həmçinin Azərbaycanın tranzit imkanları ilə bağlı ətraflı məlumat verdi.
BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev isə COP29-un bərpaolunan enerji mənbələrindən iqtisadiyyatda geniş istifadəsi və yaşıl keçidin sürətləndirilməsi baxımından Azərbaycan üçün vacib imkan olacağını dedi.
“Azərbaycanın yaşıl inkişaf strategiyası və yaşıl enerji layihələri ölkəni regionun yaşıl enerji habına çevirəcək.”
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva Azərbaycanda iqtisadi mühit və dinamik biznes potensialı barədə məlumat verdi:
“Azərbaycan, həqiqətən də etibarlı ticarət tərəfdaşıdır. Dünyanın 190-dan çox ölkəsi ilə ticarət münasibətləri qurulub. 2023-cü ildə ümumi ticarət dövriyyəsi 52 milyard ABŞ dollarını ötüb. Əsas ixrac bazarlarımız İtaliya, Türkiyə, Hindistan və Yunanıstandır”.
İtaliya ilə münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirən S. Yəhyayeva bildirdi ki, İtaliyaya qeyri-neft sektoru məhsullarının da ixracı artmaqdadır.
Sonda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ISIA, həmçinin Bakı Politoloqlar Klubu və ISIA arasında əməkdaşlıq barədə Memorandumlar imzalandı.