BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

"İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq konfrans keçirilib

2025-05-29 14:39

Bakıda 26–27 may tarixlərində "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilib.

Konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu konfransın xarici tərəfdaşları sırasında yer alır.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub.

Daha sonra islamofobiya haqqında qısametrajlı filmin təqdimatı olub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, nifrət cinayətləri və müsəlman irsinə məxsus abidələrin məhv edilməsi də daxil olmaqla, müsəlman icmalarına qarşı həm dövlət tərəfindən, həm də cəmiyyət daxilində baş verən ayrı-seçkilik halları ilə mübarizə aparmaq üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsi zərurəti daha da aktuallaşır.

O bildirib ki, Avropada ifrat sağçı siyasi qüvvələrin yüksəlişi İslam ənənələrini məhdudlaşdıran tədbirlərin görülməsinə səbəb olur. Bunu da tez-tez “assimilyasiya” və ya “inteqrasiya”nı təşviq etmək bəhanəsi ilə pərdələməyə çalışırlar. Milli diskurslar getdikcə daha çox müsəlmanları hədəf alan və onların dini kimliyini ekstremizmlə eyniləşdirən populist ritorikanın təsiri altına düşür. Cənubi Asiyada qıcıqlandırıcı ritorika və nifrət cinayətlərinin artması dövlət səviyyəsində təşviq edilən antimüsəlman millətçiliyinin narahatlıq doğuran tendensiyaya çevrildiyini göstərir. Bu tendensiyanı mədəni vahidliyin qorunması narrativləri ilə əsaslandırırlar.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, islamofobiya bu dövrün narahatedici reallıqlarından biri və ayrı-seçkiliyin açıq təzahürüdür. Təəssüf ki, bir çox Qərb cəmiyyətində bu ayrı-seçkilik forması artıq normallaşır. Xüsusilə Fransa kimi ölkələrdə sekulyarizmin adı altında müsəlman icmalarının damğalanması ciddi narahatlıq doğurur. Eyni şəkildə Hindistanda dini millətçiliyin yüksəlişi nəticəsində müsəlmanlara qarşı artan təcrid və düşmənçilik müşahidə olunur.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Azərbaycanın dini müxtəlifliyə verdiyi dəyər, multikulturalizm ənənələri və islamofobiyaya qarşı tutduğu prinsipial mövqe bütün dünya üçün nümunəvidir.

Konfransın açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin xüsusi elçisi Mehmet Paçacı Baş katib Hissein İbrahim Tahanın konfrans iştirakçılarına müraciətini oxuyub. Bildirilib ki, islamofobiya təkcə dini ayrı-seçkilik deyil, həm də qərəzli münasibətin, yanlış təsəvvürlərin və nifrət ritorikasının təzahürüdür.

Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl Naimi diqqətə çatdırıb ki, islamofobiyaya qarşı stereotiplərin kökündən sarsıdılması üçün hamımız məsuliyyət daşıyırıq. Bu, praktiki tədbirlərin görülməsini zəruri edir.

İnsan Qardaşlığının Ali Komitəsinin Baş katibi Xalid Əl Qaiti  Azərbaycanın multikulturalizmə, dinlərarası harmoniyaya yanaşması, həmçinin islamofobiyaya qarşı apardığı ardıcıl və səmərəli mübarizənin olduqca nümunəvi olduğunu qeyd edib.

Qeyd edək ki, beynəlxalq elmi konfransın keçirilməsində məqsəd beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 40-a yaxın ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Yüzdən artıq xarici qonağın iştirak etdiyi konfransda “İslamofobiyada qlobal trendlər: Çağırışlar və cavablar”, “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları”, “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər”, “İslamofobiya media və rəqəmsal platformalarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər”, “Qadınlar, kimlik və stereotiplər: Dini və mədəni önyarğıların kəsişməsində naviqasiya”, “Avropada müsəlmanlara qarşı qanunvericiliyin institusionallaşdırılması: İslamofob təbliğatın radikallaşması fonunda müsəlmanlara qarşı ritorika”, “Dəyişən dünyada İslam mədəni irsinin qorunması”, “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzularında müzakirələr aparılacaq.