BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib

2023-03-17 10:15

BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Tədbirdə islamofobiya ilə mübarizədə kəsişən yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılır.

Konfransın açılış mərasimində əvvəlcə BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Videomüraciətdə Migel Anxel Moratinos bildirib ki, BMT Baş Assambleyası 15 mart tarixini islamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edib. İslamofobiyanın termin kimi istifadə olunduğunu söyləyən Migel Anxel Moratinos təəssüflə qeyd edib ki, bu irqçiliyin ifadəsidir: “Dünyada İslama sülh dini kimi baxılır. Təkallahlılıq dini kimi bu məfhumlar qorunmalıdır. İslamofobiyanın qərb dünyasında, dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır, qorxudur”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ötən il BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinə dair qətnamənin qəbulunun birinci ildönümündə tanınmış ekspertlərin iştirakı ilə belə genişmiqyaslı beynəlxalq konfransın Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfransın keçirilməsini şərtləndirən əsas səbəblərdən biri islamofobiyanın artması və dünyada bu istiqamətdə vəziyyətin getdikcə pisləşməsidir: “Təbii ki, biz də hamı kimi vəziyyətdən çox narahatıq. İkincisi, Azərbaycan da İslam mədəniyyətinin və tarixinin bir parçasıdır. Dünyəvi və multikultural dövlət olmağımıza rəğmən, cəmiyyətimizin əksəriyyəti müsəlmandır. Ən vacib səbəblərdən biri isə Azərbaycanın və Bakının mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı mühüm roldur”.

Son vaxtlar demokratik dəyərlərin daşıyıcısı adlandırılan bəzi Qərb cəmiyyətlərində islamofobiyanın sürətlə yayıldığını qeyd edən R.Həsənov bildirib: “İslamofobiya media tərəfindən təbliğ edilir və müxtəlif ekstremist qrupların şüarlarına daxil edilir. Məsələn, Fransada islamofobiya təkcə cinayətlərə nifrət və ayrı-seçkiliklə məhdudlaşmır, həm də yerli müsəlmanların gündəlik həyatına təsir göstərir. Fransada bir çox müsəlman məşğulluq və əməkhaqqı məsələsində ayrı-seçkilik və ədalətsiz rəftarla üzləşir ki, bunlar da getdikcə daha çox yayılır. Xüsusilə müsəlman qadınlar hicabları və dini baxışlarına görə təhsil və iş sahəsində çətinliklərlə üzləşirlər. Bəzən bir sıra ölkələrdə demokratiyanın gücləndirilməsi adı altında qəbul edilən yeni qanunlar dini etiqad azadlığını ciddi şəkildə pozur”.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq Baş katibi Ekmələddin İhsanoğlu konfransda çıxış edərək bildirib ki, İslam dini Qərb üçün yad deyil, Avropada müsəlmanların sayı milyonlarladır. Yerli müsəlmanlar əsrlər əvvəl Avropa ölkələrinə gəliblər. Müsəlmanlar Qərb cəmiyyətlərini dəyişdirməyi qarşılarına məqsəd qoymayıblar. “Elə etməliyik ki, hamı çoxmədəniyyətlilik məfhumunu qəbul etsin. Bu, çox vacibdir. Özümüzü həmişə tənqid etməyə çalışmalıyıq. Bizim ritorikamız dəqiq və düzgün olmalıdır. Münaqişələr göstərir ki, sülh çox asanlıqla dağıdıla bilər. Burada bizə qarşılıqlı etimad yaratmaq lazımdır. Müsəlmanlar da yeni sülh erası istəyirlər”, - deyə Ekmələddin İhsanoğlu vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, müsəlmanlara qarşı mədəni və siyasi baxımdan qərəzli münasibət var. Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsini xüsusi vurğulayan Fərid Şəfiyev bildirib ki, bu münaqişənin heç bir dini tərəfi olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüblər. Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı təcavüzünə məruz qalıb. Biz tarix boyu müsəlmanların təcrid olunmasını görürük.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham bu gün dünyada islamofobiyanın öz aktuallığını saxladığını söyləyib. İslamofobiyaya qarşı mübarizədə dialoq və müzakirələrin önəmini qeyd edən Kol Durham bu baxımdan rəhbərlik etdiyi Fondun fəaliyyətindən danışıb. Hazırda qarşıda duran çağırışlardan birinin dini liderlərin bu prosesə səfərbər edilməsi olduğunu söyləyən qonaq deyib: “Dini liderlər də çox vaxt təhdidlərlə üzləşirlər. G20 dinlər arasında sülhün bərqərar olmasına xüsusi diqqət ayırır. Biz qütbləşmiş dünyada yaşayırıq və bundan əziyyət çəkirik. Ona görə də qütbləşmənin azaldılması istiqamətində fəaliyyətimizi artırmalıyıq”.

Çıxışlardan sonra islamofobiyaya dair filmin təqdimatı olub.

Konfrans çərçivəsində “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti” mövzusunda plenar sessiya keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil daimi insan haqları komissiyasının üzvü Aydın Səfixanlı konfransın məhsuldar və effektiv müzakirələr üçün mühüm platforma olduğunu vurğulayaraq deyib: “Heç kimin dini azadlığını məhdudlaşdırmaq olmaz. Bu beynəlxalq hüquqa da ziddir. İslamofobiya dedikdə İslama qarşı müəyyən ölkələrdə bəzi alçaldıcı davranışlar, müsəlmanlara qarşı təhqiredici hərəkətlər nəzərdə tutulur. Fransa, İsveç kimi ölkələr buna nümunədir. Təəssüf ki, Fransada irqçilik institutlaşdırılır və bu proses getdikcə dərinləşməkdədir. Bəzi ölkələrdə təxribat xarakterli fotoşəkillər hazırlanır, müsəlmanlar alçaldılır, “Qurani-Kərim” yandırılır. Bütün bunlar qəbuledilməzdir. İnsanların həssas olduğu dəyərlərə, inanclarına toxunmaq yolverilməzdir”.

Son dövrlər islamofobiya hallarına daha çox rast gəlindiyini vurğulayan A.Səfixanlı xüsusilə Ermənistanın işğal dövründə Azərbaycanın tarixi-dini abidələrini məhv etməsinə diqqət çəkib. Bildirib ki, Ermənistan işğal dövründə İslam dininə aid mədəniyyət nümunələrini, məscidləri təhqir edib, dağıdıb. Ən dəhşətlisi odur ki, müsəlmanlar dini inanclarına və türk olduqlarına görə ermənilər tərəfindən soyqırımına məruz qalıblar. Dünyada mövcud olan ikili standartlar bu cür faciələrə yol açır. Ermənistan bu hərəkətləri Fransadan örnək götürüb. Fransa Əlcəzair xalqına və Afrikanın bir sıra ölkələrində müsəlmanlara qarşı qəddar soyqırımları həyata keçirib. Bu cür əməlləri həyata keçirən insanlar mütləq cəzalandırılmalıdır”.

Lids Universitetində Sosiologiya və sosial siyasət məktəbinin rəhbəri Salman Sayyid islamofobiyanın sürətlə yayılmasının ciddi və ağır nəticələr doğurduğunu qeyd edib, bu baxımdan belə müzakirələrin önəmini vurğulayıb. “İslamofobiya gündəlik hadisələrdən soyqırımına qədər dəyişə bilər. Hicabın insanların üzərindən qəsdən çıxarılması, “Qurani-Kərim”in yandırılması və digər əməllər yayılmaqda davam edir. Müsəlman qadınlara qarşı islamofobiya hallarına daha çox rast gəlinir. Yadda saxlamaq lazımdır ki, islamofobiyanın artmasına bəzən hökumətlər də səbəb olur. Fransa, Avstriya buna nümunədir. İslamofobiya qlobal məna alıb və müxtəlif vasitələrlə həyata keçirilir. İslamofobiya İslam dini ilə bağlı deyil, müsəlmanlara qarşıdır, onların alçaldılması, diskriminasiyaya məruz qalması məqsədi güdür. İslamofobiyaya qarşı mübarizə aparmaq üçün birləşməliyik. Bu, siyasi mübarizədir”.

Müsəlman İnstitutu Düşüncə Mərkəzinin sədri Sultan Əhməd Sahibzadə islamofobiyanın Cənubi Asiyanın bəzi ölkələrində də sürətlə artmaqda olduğunu vurğulayaraq deyib: “Müsəlmanlara qarşı qərəzli münasibət göstərilir. Milyonlarla müsəlman vətəndaşlığını buna görə itirib. Müsəlmanların bizneslərinin dağıdılması ilə bağlı məlumatlar var. Eyni zamanda, müsəlmanlara qarşı təcavüz halları da xeyli artıb. Ümumiyyətlə, dünyada İslam mədəniyyəti və müsəlmanlara qarşı müxtəlif siyasətlər həyata keçirilir”.

İslam Mədəniyyəti Misir İnstitutunun rektoru Mohamed Al Sahhat Al Cindi hazırda dünyanın müxtəlif ölkələrində xeyli çətinliklərlə üzləşən müsəlmanlara qarşı təhqiredici hərəkətlər edildiyini deyib. Bildirib ki, İslam dini dünya dinlərinə hörmət göstərir və qarşılığını tələb edir. İslamda qadınlara yüksək ehtiram göstərilir.

İslamofobiyanın düşmənçilik yaratmaq məqsədilə ortaya atıldığını və qızışdırıldığını qeyd edən rektor bildirib: “Bəzi ölkələrdə İslam haqqında insanlara yanlış məlumat verilir, müsəlmanların hüquqları tapdalanır, onlar öldürülür. Bütün bunlar qəbuledilməzdir. İnsanlar sülh içində yaşamalıdırlar. Kimsə müsəlmanı öldürərsə, İslamı təhqir edərsə, geyimlərə qarşı olarsa bu, onlarda fikir və ifadə azadlığı sayılır. Bu, xüsusən Qərb ölkələrində baş verir. Müsəlmanlar dünya əhalisinin mühüm hissəsini təşkil edirlər. Biz istəyirik ki, hər birimiz dinc şəraitdə yaşayaq. Müsəlman olaraq dini inancımızla qürur duyuruq və bu, bizim hüququmuzdur”.

Veyn Dövlət Universitetinin Yaxın Şərq, Asiya və qlobal tədqiqatların tədrisi üzrə dosenti Saed Ahmed Xan çıxışında müsəlmanların bir çox ölkələrdə qorxu altında yaşadıqlarını qeyd edib: “Müsəlmanlara qarşı ayrı-seçkilik hallarına şərait yaradan qanunların qəbul olunması, onların alçaldılması cəhdləri qeyri-insani addımlardır. Biz bəzi dövlətlərin bunu qəsdən daha da qızışdırdığını görürük. Dövlətin roluna gəldikdə, bu barədə onlar düşmənçilik siyasətini pərdələnmiş şəkildə həyata keçirirlər. Təəssüf ki, müsəlman təşkilatlarının fəaliyyəti media tərəfindən daha az işıqlandırılır. Müsəlmanlar islamofobiyaya qarşı birgə mübarizə aparmalıdırlar”.

Bosniya və Herseqovinanın Elm və İncəsənət Akademiyasının prezidenti Ferid Muhik dünyanın bir çox ölkələrində müsəlmanlara qarşı açıq şəkildə zorakılığın həyata keçirildiyini qeyd edib: “İslamla bağlı bir çox ölkələr tərəfindən saxtalaşdırma cəhdləri edilir. İslamofobiya müsəlmanlara qarşı ayrı-seçkiliklə nəticələnir və bütün bunlar hazırda dövlətlər tərəfindən sui-istifadə olunmaqdadır. Ancaq unutmaq lazım deyil ki, Avropa bəzi dəyərləri İslam dinindən götürüb”.

Forum çərçivəsində keçirilən “İslamofobiya: Avropa və milli qanunvericilik” mövzusunda birinci aralıq sessiyasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova moderatorluq edib.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan iclasda çıxış edərək bildirib ki, islamofobiya xüsusilə Avropada geniş vüsət alıb və müsəlmanlar bununla bağlı ciddi travmalara məruz qalırlar. Avropanın bəzi ölkələrində “Qurani-Kərim”in yandırılmasının beynəlxalq ictimaiyyət tərəfindən qınandığını qeyd edən T.Ayhan deyib: “Bizim qurumun əsas məqsədi sülhə dəstək göstərməkdir. İslamofobiyanın köklü şəkildə aradan qaldırılmasını arzu edirik. İslamofobiya ilə mübarizə üçün hökumətlər bəzi qərarlar qəbul etməlidirlər. Cəmiyyətlər daxilində müzakirələr təşkil olunmalıdır. İslamofobiya insanlığa qarşı ciddi problemdir. Beynəlxalq təşkilatlar tolerantlığı təşviq etməlidir”.

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri və daimi müşahidəçisi İsmet Cahan Avropada yayılan islamofobiya hallarının qarşısının alınması üçün ciddi həll yollarının tapılmasının vacibliyini bildirib: “İslamofobiyaya qarşı ən yüksək səviyyədə tədbirlər görülməlidir. Biz bununla bağlı müəyyən işlər görməliyik. Xüsusilə qadınlar İslam dininin buyurduğu geyimlərdə olduqda onlara qarşı alçaldıcı və zorakı hərəkətlərə daha çox rast gəlinir. Hətta onların guya “azad edilməsi” ilə bağlı çağırışlar da eşidilir. Avropalıların İslamla bağlı bilikləri artırılmalıdır. Bakıdakı konfrans yaxşı fürsətdir”.

Avropa-Türk-İslam İttifaqının Prezidenti, Asiya Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Musa Sərdar Çələbi İslam dininin Avropaya yayılmasından, həmçinin müsəlmanların müxtəlif sahələrdə fəaliyyətindən söhbət açıb: “Avropanın bir çox ölkələrində İslam dininə qarşı nifrət artmaqda davam edir. Müsəlmanların ölkələrindən getməyini istəyirlər və bu dinlərarası problemlər yaradır. Avropaya sırf işləmək üçün gedən bəzi türklərə qarşı terror hadisələri həyata keçirildi. İslamofobiyanın olduğu ölkələrə ciddi çağırışlar, müraciətlər edilmədikcə bu hallar davam edəcək. Bununla bağlı ciddi qərarlar qəbul olunmalıdır”.

Türk Alman Universitetinin Beynəlxalq əlaqələr və siyasi elm departamentinin rəhbəri Enes Bayraklı hazırda dünyada islamofobiyanı qlobal trendə çevrilməkdə olduğunu qeyd edib: “Bu trend hazırda təhlükəli vəziyyət almaqdadır. Bəzi qərb ölkələrində islamofobiya ilə bağlı hadisələrə göz yumulur və bununla bağlı məlumatlar qeydə alınmır. Bu konfrans İslam dinini hədəfə alan belə əməllərin qarşısının alınması ilə bağlı qərarların qəbulu baxımından çox faydalıdır. Avropada müsəlmanlara qarşı yaranmış ayrı-seçkilik milyonlarla insanın həyatına ciddi təsir göstərir. Bu istiqamətdə geniş maarifləndirmə tədbirləri həyata keçirilməlidir”.

AMEA-nın Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi Leyla Məlikova çıxışında hazırda dünyada plüralizm probleminin yaşandığını qeyd edərək deyib: “Hazırda Fransa kimi ölkələrdə islamofobiya geniş yayılır. Bir çox ölkələrdə antimüsəlman tendensiyası bir neçə il öncə də özünü şiddətli şəkildə büruzə vermişdi. Fransız cəmiyyətində müsəlmanlar barbar olaraq təsvir edilir və nəticədə onlar zorakılığa məruz qalırlar. İslamofobiya ilə bağlı araşdırmalar nəticəsində məlum olur ki, bu proses Fransada hələ orta əsrlərdən başlayıb. Onlar İslamı müasirliyə qarşı maneə hesab edirlər. Bəzi ölkələrdə bununla bağlı konkret hadisələr yaşanıb. Fransızlar demək olar ki Əlcəzair əhalisinin üçdəbirini qətlə yetiriblər və bunu xüsusi amansızlıqla törədiblər. Onlar digər müstəmləkələrdə də qəddar siyasət həyata keçiriblər. Fransa Nigeriyada da vəhşiliklər həyata keçirib”.

Sosial Dayanıqlılıq İnstitutunun nümayəndəsi İbrahim Yerden çıxışında Qərbi Avropada siyasətin və dövlətin islamofobiyaya təsirindən danışıb. Qeyd edib ki, islamofobiya irqçiliyin geniş yayılmış növlərindən biridir. Qərbdə baş verən hadisələri birbaşa İslam dininə aid etmək absurddur. Bu mənada Bakıda keçirilən bu konfrans İslam aləmi üçün xüsusi əhəmiyyət daşıyır.

Beynəlxalq konfransın növbəti aralıq sessiyası “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspiroloji nəzəriyyələr: Böyük yerdəyişmə nəzəriyyəsi” mövzusuna həsr olunub.

“Haider Global” şirkətinin baş icraçı direktoru Saccad Kərimin moderatorluğu ilə aparılan müzakirələrdə çıxış edən Sivilizasiyaların Mübadilə və Əməkdaşlığı Fondunun təsisçisi və prezidenti Mohamed Başar Arafat hazırda dünyanın müxtəlif bölgələrində ciddi münaqişələrin yaşandığını qeyd edib. O, münaqişələrin qarşısının alınması üçün ciddi səy göstərilməsinin və mühüm qərarların qəbul edilməsinin önəmini vurğulayaraq bildirib: “Müsəlmanlar islamofobiyaya qarşı uğurla mübarizə aparmaq üçün ilk növbədə, gənclərin İslamı yaxşı tanımalarına fürsətlər və şərait yaradılmalıdır. Bu məqsədlə aparıcı beyin mərkəzləri ilə səmərəli əməkdaşlıq həyata keçirilməlidir”.

Notr-Dam Universitetinin İslam düşüncəsi və müsəlman cəmiyyətləri departamentinin əməkdaşı, professor İbrahim Musa fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Qeyd edib ki, müsəlmanlar əvvəlcə öz aralarında müəyyən məsələlərdə razılığa gəlməlidirlər. Əks halda islamofobiya hallarının güclənməsinin qarşısını almaq mümkün olmayacaq. İslam dininin tarixindən danışan İ.Musa çıxışında digər dinlər ilə İslam arasında bənzərlik və fərqliliklərdən bəhs edib.

Corctaun Universitetinin Müsəlman-xristian anlaşması üzrə Alvaled Mərkəzinin “Körpü təşəbbüsü”nün baş tədqiqatçısı Arsalan İftixar bildirib ki, dünyanın bir çox yerində müsəlmanlara “ikinci dərəcəli” insanlar kimi davranılır. Bəzi ölkələrdə müsəlmanlarla bərabər yəhudilərə qarşı da ayrı-seçkilik nümayiş olunur. Məscidlərə, sinaqoqlara hücumlar törədilib. Avropalılar və digər Qərb ölkələri fikirləşirlər ki, İslam dininin nümayəndələri onların ölkələrinə köçərək gələcəkdə oranı müsəlman etmək niyyətindədir. Müsəlmanlar öz dinini qorumalı, digər dinlərin nümayəndələrinə, gənclərə və gələcək nəsillərə düzgün şəkildə çatdırmalıdırlar.

“Monitor İslamofobiya” layihəsində müstəqil tədqiqatçı İneke van der Valk qeyd edib ki, son illər irqçiliyin bir forması kimi müsəlmanlara qarşı da təhqiredici hərəkətlərə yol verilməsi sürətlə yayılmaqdadır. Bir çox ölkədə İslam dininə etiqad edən şəxslərə müəyyən maneələr yaradılır, onların cəmiyyətdən təcrid olunmasına cəhdlər göstərilir. İslamofobiya radikal ideologiyalardan irəli gəlir. Qərbi Avropada artıq 20 ilə yaxındır ki, İslama qarşı müəyyən kampaniyalar təşkil olunur.

Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbəri Ahmet Uysal qeyd edib ki, əksər dövlətlər müsəlman ölkələrinin inkişafını və müsəlmanların güclü olmasını istəmirlər. İslam dininin nümayəndələri kifayət qədər elmli olmalı və müasir dünyanın tələblərinə cavab verməlidirlər: “Birinci Dünya müharibəsi zamanı Qərbdə belə bir fikir formalaşmışdı ki, guya müsəlmanlar onlara qarşı soyqırımı həyata keçirmək, onları öldürmək istəyirlər. Lakin real həyatda biz hər zaman müsəlmanların zülmə məruz qalmalarının şahidi olmuşuq. Türkiyə bəzi ölkələrdə müsəlmanların mərkəzi elan olunmaqdadır. Türkiyə hazırda islamofobiyaya qarşı ciddi mübarizə aparır və dünyada İslama qarşı edilən alçaldıcı hərəkətlərə tez və sərt reaksiya verir. İslamofobiyanın qarşısının alınması üçün gənclər ətraflı maarifləndirilməli, dinə bağlılıq və sevgi hissi aşılanmalıdır”.

Beynəlxalq konfransın növbəti aralıq sessiyası “Fransada islamofobiya” mövzusuna həsr olunub.

Siyasi analitik, tədqiqatçı Anastasiya Lavrinanın moderatorluğu ilə aparılan müzakirələrdə çıxış edən Belçikanın Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının direktoru Brahim Laituss müsəlmanlara qarşı ayrı-seçkiliyin avropalılara da təsir etdiyini deyib. Bildirib ki, bu, Avropa üçün təhlükəsizlik baxımından çox vacib məsələdir. O, eyni zamanda qeyd edib ki, islamofobiyanın geniş vüsət almasında İslam dini ilə bağlı etibarlı məlumatların çatışmazlığının da böyük rolu vardır. Alimlər elmi tədqiqatlar zamanı İslam dini ilə bağlı axtarış apararkən müxtəlif saytlarda çoxsaylı fərqli məlumatlar ortaya çıxır. Bu da həqiqət axtarışında çətinliklər yaradır.

Politoloq və ərəbşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi Fransua Burqat bildirib ki, Fransa artıq xristian cəmiyyəti deyil, xristianlıqdan azad edilən cəmiyyətdir. Fransada siz öz inancınıza məxsus hansısa atributla gəzsəniz, bu, qeyri-qanuni hesab olunacaq. Onun sözlərinə görə, Fransada olan islamofobiyanın digər bir səbəbi “Fransa üslublu dünyəvilik”dir.

“Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir. On il əvvəl müsəlmanlarla bağlı kiçik bir mübahisə olardısa, o kriminallaşdırılardı. Artıq Fransa hökuməti hərəkətləri yox, düşüncələri kriminallaşdırır. Müsəlman vətəndaşların fikirləri kriminallaşdırılır”, - deyə politoloq əlavə edib.

Tarixçi, “İslamofobiya lüğəti” kitabının müəllifi Kamil Meziti qeyd edib ki, Fransa son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə gəlib çıxıb. Bu ölkədə Fransa Respublikası dəyərlərinə xas olmayan proseslər baş verməyə başlayıb.

Fransada müsəlmanlar üçün mühitin yaxşı olmadığını bildirən Kamil Meziti deyib: "Onlar deyir ki, müsəlmanlar Fransa cəmiyyətini zəbt edib. Müsəlmanları, eyni zamanda, potensial terrorçu kimi görür, terrorçularla eyniləşdirirlər. Terror aktları baş verdikdə müsəlmanlara işarə edilməməlidir. Nəyə görə birinci müsəlmanlar haqqında düşünülür? Biz birlikdə yaşayırıq. Hamımız birlikdə islamofobiyaya qarşı mübarizə aparmalıyıq”.

Rutgers Universitetinin Hüquq Məktəbinin hüquq və sosial ədalət üzrə tədqiqatçısı Saha Aziz diqqətə çatdırıb ki, Fransada məktəblərdə hicaba qarşı qadağa patriarxat bir qərardır. Bu qərar yalnız həmin şəxsin seçimindən asılı olmalıdır. Bu, qadınlara qarşı çox aqressiv yanaşmadır. O deyib ki, ABŞ-da belə bir fikir var ki, müsəlman azlıqlar şəriət cəmiyyəti qurmaq istəyirlər. Amma müsəlman əhalisi çoxluq təşkil edən ölkələrdə belə şəriət cəmiyyəti yoxdur.

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Rauf Məmmədov deyib ki, bu gün dünyada İslama qarşı təzyiqlər digər dinlərlə müqayisədə daha çoxdur. Fransa müsəlman əhalisi ən çox olan Avropa ölkəsidir. Belə ki, bu ölkənin əhalisinin 9 faizi müsəlmanlardır. O bildirib ki, 2020-ci ildən Fransada 89 məscid, 650-yə yaxın ibadət yeri bağlanıb, iki imam deportasiya edilib. "Fransa hakimiyyəti 1989-cu ildən başlayaraq, müsəlman əhalisi çox olan şəhərlərdə özlərinin icmalarını yaratmağa başladılar. Bu, məhdudlaşdırma siyasətinin bir parçası idi. Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti dövründə bu ölkədə islamofobiya daha da artıb. Müsəlmanlar polislər tərəfindən təqib edilir. Fransada bəzi elə qanunlar qəbul edilib ki, bütün insanların inancını tanıyır, amma müsəlmanlarınkını yox”,- deyə R. Məmmədov bildirib.

“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Korsika məsələsi və təməl insan hüquqlarının pozulması” mövzusunda QHT-lərin təşəbbüsü ilə ictimai müzakirə keçirilib.

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri Səadət Bənənyarlının moderatorluğu ilə keçirilən müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Asim Mollazadə son vaxtlar Fransada baş verənlərin təhlükəli vəziyyət yaratdığını deyib. Bildirib ki, bu, Avropa dəyərlərinin və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Belə ki, əhalisi 150 min nəfər olan əhali xalq adlanmaq hüququnu itirib.

Deputat qeyd edib ki, korsikalıların öz dillərində danışmaq hüququ var. Korsikalılar öz hüquqlarını qorumağa çalışacaqlar. Mümkün deyil ki, Avropanın mərkəzində belə bir vəziyyət olsun. “Fransa hökuməti bu məsələ olduğu halda, hansısa qondarma “artsax” məsələsi ilə məşğul olmaq istəyir. İnanıram ki, Fransa xalqı bu təhlükəli vəziyyətdən çıxış yolu tapacaq. Bu, Fransa Respublikasının azadlıq və qardaşlıq prinsiplərinin pozulmasıdır”, - deyə A.Mollazadə diqqətə çatdırıb.

İctimai müzakirədə çıxış edən “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin rəhbəri Ayaz Mirzəyev deyib ki, Korsika dilinin qadağan edilməsi Fransanın təcavüzünün daha bir bariz göstəricisidir. Bu qərar təkcə korsikalılarda deyil, beynəlxalq hüquqa hörmət edən Avropa ictimaiyyəti arasında da haqlı etirazlara səbəb olub. Fransanın Şimali Afrika və ərəb ölkələrində tarixən törətdiyi cinayətləri yadına salmaq lazımdır. Fransa tarixi müstəmləkəçilik iddialarından ayrılmaq istəmir. Bu ölkə beynəlxalq hüquq normalarına əməl etməli, mənəvi dəyərlərə hörmətlə yanaşmalıdır.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Korsika dilinin qadağan edilməsini bəşəriyyət üçün rüsvayçı hadisə kimi qiymətləndirib. Diqqətə çatdırıb ki, Fransa dünyada ən çox müstəmləkəçilik siyasəti yürüdən ölkədir. Dünyada buna son qoyulsa da, Fransa yeni müstəmləkəçilik siyasətini davam etdirir.

“Təəssüf ki, Fransa bu gün, sözün həqiqi mənasında, dini müstəmləkə siyasətinin mərkəzi kimi çıxış edir. Fransanın milli azlıqlara qarşı əsas prinsipləri pozması, bu yöndə cinayətlərin törədilməsi geniş vüsət alıb. Hesab edirəm ki, Korsika məsələsi məhz bu yöndə həyəcan təbilidir. Bütün bunların fonunda Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın suveren ərazisində qondarma bir “dövlət”in qondarma “haqlarını” müdafiə edir. Fransa ölkələrin daxili işlərinə qarışır. Fransa bu gün Qarabağda yaşayan ermənilərin də separatizmə meyl etməsi üçün dəstək verir”, - Milli Məclisin deputatı bildirib.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə diqqətə çatdırıb ki, Fransa Korsikaya qarşı linqvistik ayrı-seçkilik siyasəti yürüdür. Tarixən Fransa korsikalıları fransız dilində danışmağa məcbur edib və onların dialektlərinin rəsmi istifadəsini qadağan edib. Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa tərəfdar çıxdığı beynəlxalq sənədlərin tələblərini pozub. Bu sənədlər arasında 1789-cu il böyük fransız inqilabının ən mühüm sənədi olan və fərdi insan hüquqlarını müəyyən edən İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi var. Bastia Məhkəməsinin son qərarı, eləcə də Fransanın korsikalılara qarşı ayrı-seçkilik siyasəti ilk növbədə Bəyannamənin 11-ci maddəsinin pozulmasıdır.

O.Qəhrəmanzadə deyib ki, Fransa hökumətinin həyata keçirdiyi müstəmləkəçilik və assimilyasiya siyasəti beynəlxalq hüquqa hörmət edən ictimaiyyət tərəfindən daha sərt şəkildə qınanmalıdır.

Milli Məclisin deputatı Kamal Cəfərov Fransanın Korsikaya qarşı qeyri-insanı siyasət yürütdüyünü söyləyib. Qeyd edib ki, korsikalılar öz dilində danışmaq istəyir, lakin fransızlar tərəfindən buna icazə verilmir. Fransa korsikalıların bu davranışını özlərinə zidd hesab edirlər. Korsika dili 150 min insan tərəfindən danışılır. İngilis dilində təhsil almağa icazə verilir, lakin Korsika dilinə icazə yoxdur.

Çıxışlardan sonra sessiyalarda müzakirələr aparılıb, suallar cavablandırılıb.

Beynəlxalq ictimaiyyət müsəlman və qeyri-müsəlman ölkələrindən olan qaçqınlara münasibətdə kəskin fərqlərin olduğunu müşahidə edir və qarışıq dini əhaliyə malik münaqişə və postmünaqişə zonalarında bu cür tendensiyaların olması barədə məlumatlar gəlir. Ən dərin narahatlıq isə son vaxtlar kəskin sıçrayışla ən yüksək həddə çatmış islamofobiya təzahürlərinin davamlı artımı ilə bağlıdır. Xüsusilə Avropanın bəzi ölkələrində müsəlmanların yadelli kimi təqdim olunmasından yaranan bu cür stereotiplər Avropa mədəniyyət və dəyərlərinə zidd olaraq bu damğalamanın (stiqmatizasiya) kəskinləşməsinə və izolyasiya siyasətinə gətirib çıxarır.

Son illər beynəlxalq təşkilatların çağırışlarına və islamofobiya ilə mübarizəyə dair bir sıra qətnamələrin qəbuluna baxmayaraq, antiislam məzmunlu qanunların irəli sürülməsi və ya qəbuluna, həmçinin milli maraq və dəyərlərə əsaslanan demokratik dəyərləri qorumaq və gücləndirmək adı altında etiqad azadlığının açıq şəkildə pozulmasına dair ziddiyyətli proseslər baş verir və bu qanunlar islamofobiya və digər növ irqçilik və ayrı-seçkiliyin artması üçün baza formalaşdırır. Bununla yanaşı, nifrət nitqi mediada daha geniş yayılmağa və təhlükəli şəkil almağa başlayıb və İslam dininin terrorizmlə eyniləşdirilməsi və ya cəmiyyətə müqayisəli şəkildə təqdim edilməsi inklüziv cəmiyyətlərin bünövrəsinin sarsılmasına gətirib çıxarır.

Nəticədə müxtəlif ölkələrin islamofobiya ilə mübarizəyə dair qəti fəaliyyət planının olmaması mütəmadi və davamlı əsasda beynəlxalq konfransın bazasının yaradılmasını və alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının bu işə cəlb olunmasını labüd edir. Bakının ev sahibliyi etdiyi “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Konfransın ikinci günündə bir plenar və üç aralıq sessiyası keçirilib.

“Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” mövzusunda plenar sessiyaya Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib.

İraqın Strateji Araşdırmalar üzrə Respublika Mərkəzinin sədri Mutəzz Muhi Əbdülhəmid tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilər tərəfindən məscidlərin dağıdıldığını, bəzi ibadət yerlərinin donuz fermasına çevrildiyini demişdi. “Mən həmin torpaqlara səfər edərkən bunu gözlərimlə görmüşəm. Biz bəzi ərəb mətbuat nümayəndələrinin ikili hərəkətlərini qəbul edə bilmərik. Ermənilərin Qarabağda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları ermənilərin necə qəddar olduqlarını göstərir. Ermənilər mülki insanların üzərinə bomba yağdırırdı, müharibəyə yaraşmayan hərəkətlər nümayiş etdirirdi. Erməni tərəfi dünya mediasına həqiqətləri əks etdirməyən məlumatlar verirdi”, - deyən Mutəzz Muhi Əbdülhəmid Azərbaycanla çox möhkəm əlaqələrinin olduğunu qeyd edib.

Dünya Müsəlman İcmaları Şurasının baş katibi Məhəmməd Beçəri bildirib ki, müsəlmanlara qarşı yönəlmiş ikili siyasət bir çox ölkələrin əsas prinsiplərinə çevrilib. İslam peyğəmbərinin karikaturalarının çəkilməsi, müsəlmanlara qarşı təzyiqlər qəbuledilməzdir. Müsəlman cəmiyyətlərində mədəni və dini aspektlərdə qarşılıqlı hörmətə əsaslanan əlaqələr inkişaf etdirilməli, alçaldıcı hərəkətlərə yol verilməməlidir.

Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri Seymur Nəsirovun sözlərinə görə, müsəlmanların öz dininə bağlılığı bir çox ölkələrdə narahatlıqlar yaradır. Ermənilər də daim müsəlmanlar arasında fitnə yaradıblar, onlara qarşı məkrli hərəkətlər nümayiş etdiriblər. Müsəlman ölkələrində xristianlar daim sülh içində və rahat yaşayıblar. Bu da İslam dininin tərbiyəsindən irəli gəlir. Qeyd edilib ki, bu gün bir çox ölkədə xüsusilə Fransada müsəlmanlara qarşı qəddar siyasət həyata keçirilir və tarixən fransızlar hər zaman müsəlmanlarla bu cür qeyri-insani rəftar ediblər. Misirdə, Əlcəzairdə edilən hərəkətlər buna sübutdur.

“Wilfrid Laurier” Universiteti, Sosiologiya və Müsəlmanşünaslıq üzrə professor Jasmin Zin qeyd edib ki, islamofobiya hazırkı günümüzdə dözülməz həddə gəlib çıxıb. Dünyanın bir çox yerində müsəlmanlar güllələnir və ya digər alçaldıcı hərəkətlərə məruz qalırlar. Xüsusilə qadınlar daha çox hədəf götürülüb. Müsəlmanlar Fransa və bəzi ölkələrdə neqativ insanlar kimi göstərilir. Gender məsələsində, həmçinin müsəlman qadınlarının geyimləri terrorist geyimi olaraq qələmə verilir və cəmiyyətə aşılanır. Bu da təbii ki, yolverilməz haldır.

Sinqapur “Nanyanq” Texnoloji Universitetinin dosenti Kamaluddin Mohamed Nasir isə nitqində dünyada islamofobiya ilə mübarizə üsullarında musiqi janrı sayılan "Hip-Hop"un effektiv olduğunu vurğulayıb. Bu tərzdə fikirləri çatdırmağın daha da effektiv olduğunu iştirakçıların diqqətinə çatdırıb. İnsan hüquqları, mülki hüquqlardan bəhs edən musiqilərə insanlar tərəfindən də böyük rəğbət olduğu qeyd edilib.

Beynəlxalq konfrans çərçivəsində “İslamofobiya və mediada nifrət çağırışları” mövzusunda aralıq sessiya keçirilib.

Azərbaycan Televiziyasının sədr müavini Rüfət Həmzəyevin moderatorluğu ilə keçirilən aralıq sessiyada çıxış edən “TRT World” Araşdırma Mərkəzinin direktoru Tarık Çerkaui son 30-40 il ərzində islamofobiya sahəsində çox tədqiqatların aparıldığını deyib. Bildirib ki, bu tədqiqatlar faydalı olması ilə yanaşı, məhdud idi. İslamofobiya indi geniş vüsət alıb. Artıq biz tam fərqli səviyyəyə çıxmalıyıq. İslamofobiyanın mövcudluğu artıq faktdır. Tədqiqatlarda biz məhz medianın bunu necə qələmə verdiyinə baxmalıyıq.

Tarık Çerkaui, həmçinin bildirib ki, mövcud çərçivələr dərin kök salmış inanclar üzərindən qurulub. İnanc və miflər istənilən cəmiyyətdə formalaşıb. Zaman keçdikcə əsas çərçivə müəyyən prinsiplərə bağlı olur. Bunlar insanların şüurunda dərin kök salır. “Azərbaycanda və digər ölkələrdə islamofobiya ilə mübarizə istiqamətində müxtəlif tədbirlər keçirilir. Amma, eyni zamanda, bununla bağlı media sahəsindəki insanlarla təlimlər təşkil edilməlidir", - deyə Tarık Çerkaui qeyd edib.

Qlobal media və kommunikasiya üzrə professor İdil Osmanın sözlərinə görə, 11 sentyabr terror aktları Qərb mediasında İslam dini ilə bağlı düşüncələri alt-üst elədi. İslam dini fərqli şəkildə qələmə verildi. Müsəlmanların Qərbi məhv etmək, onun mədəniyyətini dağıtmaq istədikləri düşünülür. Onlar fikir azadlığına bir təhdid kimi görülür.

İslamofobiyaya qarşı mübarizə yolları barədə fikirlərini səsləndirən İdil Osman qeyd edib ki, qeyri-müsəlman icmaları ilə daha çox əməkdaşlıq etmək lazımdır. Eyni zamanda, müsəlman cəmiyyətləri ilə də əlaqələr daha da genişləndirilməlidir: "Praktiki olaraq daha çox müsəlman mediasının nümayəndələri Qərbə getməli, orada çalışmalıdırlar. Bu məsələdə sosial media plaftormalarının da əhəmiyyəti olduqca böyükdür. Bundan maksimum faydalanmalıyıq. Müsəlman icmaları ilə kütləvi şəkildə işlənilməlidir", - deyə İdil Osman vurğulayıb.

Qətərdən olan Baş araşdırma mütəxəssisi Kərim Məcri müxtəlif ölkələrdə islamofobiyaya qarşı mübarizədə daha çox qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Deyib ki, bu, daha səmərəli yanaşma hesab olunur. İnsanların inancları başqalarının inancları ilə müqayisədə aşağılanmamalıdır. Ona hörmətlə yanaşılmaldır.

"Düşünürəm ki, gənc müsəlmanlara daha çox dəstək vermək lazımdır. Onlar media sahəsində daha aktiv olmalıdırlar. Müsəlmanlar hazırkı günümüzdə bir çox ölkədə yaxşı vəzifələr tutmağa başlayıblar. Etik jurnalist düzgün və dürüst reportaj hazırlamalıdır. Jurnalistlər məlumatı araşdırmalı, dəqiqliyə əmin olmalıdırlar. Media nümayəndələri savadsızlıq nümayiş etdirməməlidirlər. Yaydıqları məlumatların nə kimi nəticələr verəcəyini öncədən müəyyənləşdirməlidirlər. Jurnalistlər öz xidmətlərinin məsuliyyətini başa düşməlidirlər”, - deyə Kərim Məcri diqqətə çatdırıb.

ADA Universitetində Media və Kommunikasiya üzrə proqram direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, Azərbaycanda din dövlətdən ayrıdır, buna baxmayaraq, dinlə məşğul olan adamlar dövlətə daim ehtiramını bildirib, ona sadiq olublar. Son illər ərzində Azərbaycan dinlə bağlı fəaliyyətlərini davam etdirməsi üçün dindarlara hər bir şəraiti yaradıb.

Onun sözlərinə görə, Qərb mediasında 2011-2015-ci illərdə hansısa təcavüzü müsəlman törətsəydi bu beş dəfə daha çox qabardılırdı və cəmiyyətdə müsəlmanlara qarşı gərginliklər yaradırdı bu sahədə ekspertlər iş görməli, təhlillər aparmalıdırlar. "Qurani-Kərim"in yandırılması, Məhəmməd peyğəmbərin karikaturalarının çəkilməsinə fikir azadlığı demək olmaz. İfadə azadlığı qorunarkən digər insanların haqları alçaldıla bilməz. Təhqiramiz hərəkətlər mütləq cəzalandırılmalıdır.

Şəfəq Mehrəliyeva, həmçinin müsəlman jurnalistlərin daha çox maariflənmələrinin və tədqiqatlar həyata keçirmələrinin vacibliyini qeyd edib.

Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar Qərbi azərbaycanlıların türk və müsəlman olduğuna görə öz dədə-baba yurdlarından ermənilər tərəfindən qovulduğunu vurğulayıb. Qeyd edib ki, azərbaycanlılar indiki Ermənistan ərazisindən bir neçə dəfə didərgin salınıb, öldürülüb, işgəncələrə məruz qalıblar. İslamofobiyaya misal olaraq Qərbi Azərbaycanda 300-ə yaxın dağıdılmış məscidi göstərmək olar. "Didərgin düşmüş insanlar sülh yolu ilə öz torpaqlarına qayıtmaq istəyirlər. Bununla bağlı dünya ictimaiyyətinə, həmçinin Ermənistan baş naziri Nikol Paşinyana müraciət ünvanlamışıq. 1988-ci ildə 300 min azərbaycanlının 11 gün ərzində Qərbi Azərbaycandan qovulması sadəcə dəhşətdir. Ermənistan bu insanların öz yurdlarına qayıtmasını istəmir və insan hüquqlarının pozulduğunu nümayiş etdirir, onların mediası da səhv məlumatlarla Qərb ictimaiyyətini yanlış yönləndirir”, - deyə Ülviyyə Zülfiqar diqqətə çatdırıb.

Konfrans çərçivəsində “İslamofobiyaya qarşı mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu” mövzusunda ikinci aralıq sessiyası təşkil olunub.

Sessiya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) müşaviri Aytən Qəhrəmanın moderatorluğu ilə keçirilib.

Çıxış edən İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Əli Acıkgül qeyd edib ki, dünyanın bir sıra ölkələrində İslam dünyasına nifrət dolu çıxışlar, onların müsəlmanların müqəddəslərinə qarşı təhqiramiz hərəkətləri qəbuledilməzdir. Bəzi kinolarda və şəkillərdə müsəlmanlar terrorist kimi göstərilir. Bu isə qərb ölkələrinin ikiüzlülüyüdür. O bildirib ki, bir sıra ölkələrdə dini inanclar alçaldıcı rəftara məruz qalırlar. İfadə azadlığı çərçivəsində digər insanların həyat tərzini və dini inancını alçaltmaq olmaz.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham iştirakçıların diqqətinə çatdırıb ki, islamofobiya dünyada əsas problemlərdən biridir. Müsəlmanlar elmi biliklərini artırmalı, əlaqələrini daha da genişləndirməlidirlər.

Səfir, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Tasnim Aslan qeyd edib ki, islamofobiyanın yayılma səbəblərini bilmək lazımdır. Tarixdə bir çox qərb ölkələri tərəfindən müsəlmanların təbii sərvətləri və torpaqları barbar şəkildə talan edilib. İslam dünyası və qərb ölkələri arasında hər zaman rəqabət olub. Bir çox ölkələrdə 20 ildir antiislam kitablar yazılmaqdadır və bu, davam edir. Təəssüflər olsun ki, müsəlmanlara qarşı alçaldıcı hərəkətlər getdikcə artır və bəzi hökumətlər buna göz yumur. Maariflənmiş müsəlmanlar irəli çəkilməli və beynəlxalq təşkilatlarda aktiv iştiraka təşviq edilməlidir.

Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin tədqiqat üzrə rəhbəri Bülənt Aras islamofobiya və müsəlmanlara qarşı postmüstəmləkə dövrünün tarixindən danışıb. O bildirib ki, islamofobiya bəzi ölkələri bürümüş ağır xəstəlikdir. Müsəlman ölkələri arasında olan münasibətlər daha da gücləndirilməli, sağlam əlaqələr qurulmalıdır.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə keçirilən sonuncu aralıq sessiyada çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə dünyada bənzəri olmayan dinlərarası həmrəyliyin mövcud olduğunu deyib. Qeyd edib ki, dünyəvi demokratik Azərbaycanda müxtəlif dinin nümayəndələri qardaşlıq, dostluq şəraitində yaşayırlar. Onlar dövlət qayğısı ilə təmin olunublar.

İslam Peyğəmbərinin təhqir olunması hallarının davam etdiyini vurğulayan şeyxülislam bildirib ki, xüsusilə Fransada antiislam meyilləri getdikcə kəskinləşir. Erməni terror şəbəkəsinin də təməlinin məhz Fransada qoyulduğunu vurğulayan Allahşükür Paşazadə deyib: “Din adından sui-istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, milyonlarla insan üçün təhqir hallarının qarşısının alınması olduqca zəruridir. Dini zəmində qarşıdurmaya çağırış hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən qınanmalıdır”.

Misirin Baş Müftisinin baş müşaviri, Ümumdünya Fətva Orqanlarının baş katibi İbrahim Negm çıxışında bildirib ki, islamofobiya tarix boyu olub və gələcəkdə də mövcud olacaq. İslamofobiya ilə mübarizədə səylərin birləşdirilməsinin önəmini qeyd edən İ.Negm deyib: “Bakıda keçirilən bu konfrans birliyimizi dünyaya göstərə biləcəyimiz bir vasitədir. İnanıram ki, bu konfransın sonunda konkret tədbirlər planı qəbul ediləcək və biz onun icrası ilə islamofobiyanın qarşısını ala biləcəyik”.

İndoneziyanın Müasir Dini Məsələlər üzrə Fətva Şurasının nümayəndəsi xanım İffatul Umniati İsmayıl Bakı konfransında iştirakdan məmnunluğunu ifadə edərək diqqətə çatdırıb ki, Avropa və digər cəmiyyətlərdə islamofobiya hallarının artmasına bəzən müsəlmanların həmin ölkələrin mədəniyyətlərinə lazımi səviyyədə adaptasiya ola bilməmələri də təsir göstərir. “Biz islamofobiyaya qarşı mübarizə üçün müasir yanaşma və dəyərləri qəbul etməliyik. Eyni zamanda, müsəlmanlar öz dəyərlərinə də sadiq qalmalıdırlar. Burada təsiredici amillər mövcuddur. İslam haqqında düzgün imic formalaşdırmaqla islamofobiyaya qarşı ciddi mübarizə apara bilərik. Bu işdə diplomatların da üzərinə böyük məsuliyyət düşür”, - deyə xanım İffatul Umniati İsmayıl əlavə edib.

Türkiyənin Diyarbəkir-Mardin mitropoliti Saliba Özmən əvvəlcə ölkəsində və Suriyada baş vermiş zəlzələdən, onun nəticələrindən bəhs edib, bu cür fəlakətlər zamanı dünyanın birliyinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, hər bir ölkənin inancı onun gözəlliyidir. Başqalarının dininə, inancına hörmətsizlik insanlığa qarşı düşmənçilikdir. Saliba Özmən Mardin şəhərinin sosial, dini və mədəni müxtəlifliklərlə zəngin bölgə olduğunu vurğulayıb.

EULEMA Avropa Müsəlman Liderləri Şurasının sədri, İtaliyanın COREIS Dini İcmasının vitse-prezidenti, ICESCO-nun Dialoq üzrə səfiri Yahya Pallaviçini qeyd edib ki, “İslamafobiya” kimi elmi termin yoxdur. Onun sözlərinə görə, bu, patologiya və ya psixoz deyil. İslamın patologiya və psixozla heç bir əlaqəsi yoxdur. Avropa təsisatları bu terminə yenidən baxmaq qərarına gəliblər. Yahya Pallaviçini bildirib ki, 2008-ci ildə başlayan “Bakı prosesi”ndə mədəniyyətlər və dinlərarası yeni yanaşma, əməkdaşlıq, dialoq formalaşdı. İslamofobiya tədqiq edilərkən Qərb və Şərq arasında hansısa münasibətlər araşdırılır. Bunun nəticəsində qütbləşmə yaranır. Bir tərəf pislənir, digəri təriflənir. Bu qütbləşmə nəticəsində İslam dinini pisləməyə çalışırlar. “Bakı prosesi” Şərq və Qərb arasında əməkdaşlığı, hörməti və barışığı formalaşdırmağa çalışırdı.

Tbilisi İlahiyyat Akademiyası və Seminariyasının rektoru Georgi Zviadadze diqqətə çatdırıb ki, bu gün dini liderlərin proseslərə təsiri artmaqdadır. Siyasətçilər başa düşür ki, dini liderlərə böyük ehtiyac var. Dini liderlərin iştirakı sivilizasiyalararası dialoqun formalaşmasında olduqca əhəmiyyətlidir. Sülh şəraitində, birlikdə yaşamaq üçün bu proses olduqca vacibdir. “Bütün dinlərdə radikal qruplar var. Onların hərəkətləri müəyyən münaqişələrə gətirib çıxarır. Belə hallarda dini liderlərin rolu unudulur, lakin bu nəzərə alınmalıdır”, - deyən Georgi Zviadadze vurğulayıb ki, islamofobiya sərhəd tanımır, amma o qəbuledilməz mənfur bir prosesdir. Terrorçuluğu heç bir dinlə, xalqla eyniləşdirmək olmaz. Bu, düzgün deyil, islamofobiyanın əsasları yoxdur. Ona yalnız sülh vasitəsilə cavab vermək lazımdır.

Sonda Birgə Kommünike qəbul olunub.

Mənbə: azertag.az