Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun elmi işçisi Nazim Mustafanın müəllifi olduğu “İrəvan şəhəri” adlı kitabın təqdimatına həsr olunmuş "Azərbaycanın Ermənistandakı tarixi varlığı" adlı vebinar keçirilib. BMTM-in şöbə müdiri Cavid Vəliyev çıxış edərək Mərkəzin dəstəyi ilə çap olunmuş kitabda Ermənistanda Azərbaycanın tarixi varlığı və mədəniyyəti haqqında ətraflı məlumat verildiyini bildirib. Onun sözlərinə görə, kitab həm tarixi, həm də siyasi baxımdan çox əhəmiyyətli vəsaitdir. O, nəşrin erməni mənbələri əsasında yazıldığını qeyd edib.
Daha sonra çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bütün akademik işlərdə emosiyasız, faktlara əsaslanan yanaşmanın sərgilənməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İrəvan şəhərinin tarixi Azərbaycan üçün çox vacibdir və sözügedən kitab həm tarixi, həm də gələcək nəsillərin məlumatlanması baxımından önəmlidir: "Münaqişənin yekun həllindən danışırıqsa, azərbaycanlı qaçqınlar Ermənistana qayıtmalıdır – bu ədalətin tam şəkildə bərpası deməkdir. Prezident İlham Əliyevin də dediyi kimi, bizim Ermənistana qarşı ərazi iddiamız yoxdur, amma hüquqi və tarixi baxımdan oradakı irsimizə, tariximizə iddiamız var. Post-münaqişə dövrünə dair müzakirələrdə heç kim Azərbaycanın Ermənistandakı mədəni irsindən danışmır. Xarici ekspertlər, tarixçilər və siyasətçilər ermənilərin Azərbaycanda olan mədəni irsi ilə əlaqədər isə suallar qaldırırlar. Bu paradiqmanı artıq dəyişmək lazımdır".
Daha sonra kitabın müəllifi Nazim Mustafa təqdimatla çıxış edib. Onun sözlərinə görə, kitab əslinə ittiham aktı kimi də qəbul oluna bilər. Belə ki, bu qədər tarixi və mədəni irsi olan bir xalqın irsini yox etmək özu bir cinayətdir. O daha sonra İrəvanda mövcud olmuş mədniyyət abidələri, meydanlar, karvansaraylar, hamamla, dəyirmanlar və küçələr haqqında məlumat verib. Qeyd edib ki, bütün bu tarixi yerlər Azərbaycan, türk dilinə məxsus adlar daşıyıb: "1905-06-cı illərdə olan kütləvi qırğınlardan sonra ilk dəfə Cənubi Qafqazda ermənilərə məxsus anklavlar yaranıb. 1918-20-ci illərdə azərbaycanlılara qarşı törədilən soyqrımlarda təkcə İrəvan quberniyasında təqribən 135 min nəfər soydaşımız soyqırıma və deportasiyaya məruz qalıb. Firudin bəy Köçərli, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Miryusif Mirbabayev, Həbib bəy Səlimov kimi görkəmli şəxslər İrəvanda doğulublar. Bizim oradakı mədəni irsimizə qarşı vandalizm aktı törədilib. Xan sarayı, Sərdar Məscidinin 2014-cü ildə qalan qalıqları dağılıb. Göy məscid fars məscidi kimi təqdim olunur. Qalan məscidlər məhv edilib".
Müəllif bildirir ki 1828-ci ildə İrəvanda azərbaycanlı əhalinin sayı bütün əhalinin 75,6%-ni təşkil edirdi, 1989-cu ildə isə bu rəqəm 0% idi: "Nəticə kimi onu demək istərdim ki, İrəvan şəhərində Azərbaycan xalqına qarşı genocid, etnosid və kulturocid kimi aktlar həyata keçirilib".
https://www.facebook.com/aircenteraz/videos/553805085604517/