BMTM-in şöbə müdiri Vasif Hüseynovun “İranın dron hücumları Bakı və Tehran arasındakı gərginliyi artırdı” adlı məqaləsi “Jamestown” nəşrində dərc edilib.
Məqalədə deyilir:
“Martın 5-də ABŞ və İsrailin İrana qarşı davam edən hərbi əməliyyatları fonunda İran ərazisindən buraxılan bir neçə pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəfə aldı. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, Naxçıvan istiqamətində yönəldilmiş dörd pilotsuz uçuş aparatından biri hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmiş, digər aparatların isə bir qismi mülki obyektlərin yaxınlığında, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanı ətrafında düşərək partlayıb.
Pilotsuz uçuş aparatlarından digəri isə dərs vaxtı orta məktəbin yaxınlığında partlayıb. Hadisə zamanı şagirdlərin binada olması nəzərə alınarsa, aparatın birbaşa məktəbə düşməsi böyük faciə ilə nəticələnə bilərdi. Hücum nəticəsində infrastruktur zədələnib, bir neçə mülki şəxs xəsarət alıb. Hadisə Azərbaycan rəsmiləri tərəfindən kəskin şəkildə pisləndi.
Hücumlar Azərbaycanın son müharibə zamanı tutduğu neytral mövqeyə baxmayaraq, reallaşdırıldı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında pilotsuz uçuş aparatları ilə törədilən hücumlara sərt reaksiya verdi. Hadisəni qəsdən törədilmiş təcavüz aktı kimi qiymətləndirən Prezident bildirdi: Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir.
Prezident İlham Əliyev Tehran davranışlarına görə məsuliyyət daşımasını tələb edərək vurğuladı ki, Azərbaycan bunlara dözməyəcək. “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”. O, eyni zamanda cavab tədbirlərinin mümkünlüyünə də işarə edərək qeyd etdi ki, hücuma görə məsuliyyət daşıyanlar “buna görə peşman olacaqlar” və Azərbaycan düşmən xarakterli addımlara qarşı öz gücünü nümayiş etdirməyə hazırdır.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan ərazisinin qəsdən hədəfə alındığına dair iddiaları təkzib edərək, İranın qonşu dövlətlərin suverenliyinə hörmətlə yanaşdığını bildirdi.
Eyni zamanda, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı zamanı İranın “bütün ölkələrin, xüsusilə müsəlman və qonşu dövlətlərin suverenliyinə hörmət etdiyini” vurğulayaraq hadisə ilə bağlı İran tərəfinin araşdırmalara başladığını qeyd etdi.
Azərbaycan bu təkzibləri qəbul etmədi. İran tərəfinin iddialarına cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarının İran ərazisindən buraxıldığını sübut edən kifayət qədər dəlillərin mövcud olduğunu bildirdi. Nazirlik qeyd etdi ki, texniki müşahidə vasitələri tərəfindən dörd pilotsuz uçuş aparatının İrandan Naxçıvan istiqamətinə yönəldildiyi dəqiq müəyyən edilib. Azərbaycan tərəfi, həmçinin, Tehrandan rəsmi üzrxahlıq gözlədiyini və gələcəkdə bu cür hadisələrin təkrarlanmaması üçün konkret tədbirlərin görülməsini tələb etdiyini açıq şəkildə bəyan etdi.
Naxçıvana edilən dron hücumları beynəlxalq aləmdə geniş rezonans doğurmuş, bir sıra dövlətlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə etmişdir. Türkiyə ən sərt mövqe nümayiş etdirən ölkələrdən biri olmuş, hücumu qətiyyətlə pisləyərək üçüncü ölkələrə qarşı zərbələrin davam edən regional münaqişənin genişlənməsi riskini artırdığını vurğulamışdı. Türkiyə Xarici İşlər Nazirliyi Türkiyənin hər zaman olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyini bəyan etdi.
Digər regional tərəfdaşlar da oxşar mövqe sərgilədi. Gürcüstan hücumu pisləyərək regional sabitliyin qorunmasının vacibliyini vurğulamış, Pakistan və Birləşmiş Ərəb Əmirlikləri də Azərbaycanla həmrəylik ifadə etmişdir.
Bir sıra Avropa rəsmiləri zərbələri tənqid edərək bu cür addımların münaqişənin Yaxın Şərq hüdudlarından kənara yayılması riskini artırdığını bildirdi. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycan xarici işlər nazirinə zəng edərək dron hücumlarından sonrakı vəziyyətlə bağlı müzakirə aparıb.
Pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar, gizli təhlükəsizlik təhdidləri və artan sərt ritorikanın vəhdəti Bakı ilə Tehran arasında münasibətlərin yeni və təhlükəli mərhələyə qədəm qoymasına səbəb oldu. Diplomatik təmasların davam etməsinə və İran tərəfinin hadisə ilə bağlı araşdırmaya başlamasına baxmayaraq, iki tərəf arasında etimadsızlıq getdikcə dərinləşir.
İran, İsrail və ABŞ-nin cəlb olunduğu daha geniş regional qarşıdurmanın davam etdiyi bir şəraitdə Azərbaycan-İran münasibətlərində yaranmış böhran getdikcə daha qeyri-sabit xarakter alır. Gərginlik diplomatik kanallar vasitəsilə qısa müddətdə azaldılmadığı təqdirdə, vəziyyətin gözlənilməz istiqamətdə inkişaf etməsi və eskalasiyanın artması riski yüksək olaraq qalır.
*Məqalənin ingilis dilində dərc edilmiş tam və orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://jamestown.substack.com/p/irans-drone-attacks-strain-tensions


