İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun “İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri” başlıqlı məqaləsi ABŞ-ın “Eurasia Review” nəşri tərəfindən dərc edilib.

Məqalədə əsas diqqət İkinci Qarabağ Müharibəsinin Ermənistan üçün yaratdığı iqtisadi problemlərə yönəlib. Məqalədə ilk olaraq qeyd edilir ki, müharibə nəticəsində Ermənistanın itirdiyi hərbi texnikanın dəyəri 3.8 milyard dollardan çoxdur və bu, Ermənistanın son on ildəki ümumi hərbi xərclərinin 77%-ə qədərini təşkil edir. “Bu böyük maliyyə zərəri olmaqla yanaşı Ermənistan ordusunun döyüş potensalını tamamilə itirməsi deməkdir”,-deyə müəllif qeyd edir.

Daha sonra diqqətə çatdırılır ki, müharibə nəticəsində Ermənistanda enerji, kənd təsərrüfatı və maliyyə sahələrində də əsaslı problemlər yaranıb: “Ermənistan əvvəl işğalda olan ərazilərdə olan 36 Su Elektrik Stansiyasından 30-u üzərində nəzarəti itirib. Bu stansiyalar əvvəl işğalda olan ərazilərdə enerji tələbatının 53%-ni, Ermənistanın enerji təchizatının isə 7%-ni təşkil edirdi. Enerji istehsalı ilə yanaşı əvvəl işğalda olan ərazilərin azad edilməsi nəticəsində Ermənistan 150 min ton müxtəlif taxıl məhsullarının yetişdirildiyi 90 min hektar əkin sahəsindən də məhrum olub. Bu sahələrdə istehsal edilən taxıl məhsulları Ermənistanın yerli tələbatının 25%-ni ödəyirdi. Bu itkilər nəticəsində Ermənistan enerji və ərzaq çatışmazlığı ilə qarşı-qarşıya qalıb. Müharibə eyni zamanda Ermənistanın maliyyə sektoruna da əsaslı təsir edib. Müharibə dövründə hərbi xərclərin artması nəticəsində Ermənistan büdcə xərclərini artırıb (85 milyon dollar) və nəticədə 2020-ci ildə büdcə xərclərinin ÜDM-də payı 27%-ə, büdcə kəsrinin ÜDM-də payı isə 7.6%-ə çatıb. Artan xərcləri qarşılamaq üçün Ermənistan xarici borc cəlb etməli olduğundan dövlət borcu artaraq təhlükəli səviyyəyə- ÜDM-in 66.5%-nə çatıb. Buna görə də hazırda Ermənistan 2021-ci ilin büdcə layihəsini icra etməkdə çətinlik çəkir”.

Bildirilir ki, müharibə həm də Ermənistanda makroiqtisadi göstəricilərin pisləşməsinə yol açıb. Belə ki, 2020-ci ilin yekunlarına görə, ÜDM 8.5% azalıb və bu, regionda ən pis göstəricidir. Bundan başqa müharibə başladıqdan sonra Ermənistanın milli valyutası 8.6% ucuzlaşıbdır.  Sonda isə qeyd edilir ki, müharibənin Ermənistan üçün uzunmüddətli dövrdə ciddi iqtisadi nəticələri olacaq və onun maliyyə təhlükəsizliyini sarsıdacaq.

https://www.eurasiareview.com/18042021-economic-implications-of-second-karabakh-war-for-armenia-oped/