BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

III Şuşa Qlobal Media Forumu: Süni intellekt dövründə informasiya və media dayanıqlığının gücləndirilməsi

2025-07-23 12:13

2025-ci ilin 19-21 iyul tarixlərində Azərbaycanın mədəniyyət beşiyi və post-münaqişə dövründə bərpa prosesi ilə simvolik əhəmiyyət daşıyan Şuşa şəhərində III Şuşa Qlobal Media Forumu keçirildi. Forumda 52 ölkədən təxminən 140 xarici nümayəndə olmaqla ümumilikdə 255 nəfər iştirak etdi. Onların arasında xarici media nümayəndələri, azərbaycanlı jurnalistlər, media ekspertləri və dövlət rəsmiləri yer alırdı. 

Forumun əsas mövzusu “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” idi. Tədbirdə sürətlə dəyişən rəqəmsal mühitin və süni intellekt texnologiyalarının qlobal mediaya təsiri geniş şəkildə müzakirə olundu. Üç gün ərzində iştirakçılar dezinformasiyaya qarşı mübarizə, yeni texnologiyalardan düzgün istifadə, beynəlxalq əməkdaşlıq və etibarlı, şəffaf informasiya mühitinin qurulması kimi aktual məsələlər ətrafında fikir mübadiləsi apardılar. Forumun Azərbaycan Milli Mətbuat Günü ilə eyni vaxta təsadüf etməsi isə tədbirin ölkənin media sahəsindəki inkişafa verdiyi önəmi daha da artırdı.

Prezident İlham Əliyev forumu rəsmi şəkildə açdı və tədbir boyunca iştirakçılarla birbaşa ünsiyyət quraraq Azərbaycanın açıq dialoqa verdiyi önəmi vurğuladı. Açılış nitqində o, qonaqları Qarabağda salamlayaraq bildirdi ki, Şuşa Forumu artıq yalnız media məsələlərini deyil, həm də qlobal problemləri müzakirə edən ənənəvi platformaya çevrilib. Süni intellektin informasiya istehsalı və yayılmasında böyük dəyişikliklər yaratdığını vurğulayan İlham Əliyev həm dövlətlərin, həm də media qurumlarının bu yeniliklərə vaxtında uyğunlaşmasının vacib olduğunu qeyd etdi. Onun açıq və sağlam dialoqu təşviq edən çağırışı forumun əməkdaşlıq və irəliyə yönəlik ruhunu müəyyənləşdirdi.

Prezident İlham Əliyevin forumdakı iştirakı yalnız rəsmi çıxışı ilə məhdudlaşmadı. Sual-cavab sessiyasında o, müxtəlif suallara cavab verib, eləcə də, Azərbaycanın iqlim diplomatiyası, xüsusən də Bakıda keçirilən COP29-a qədərki fəaliyyəti və strateji tərəfdaşlıqları, o cümlədən Azərbaycan-Çin münasibətlərinin dərinləşməsini xüsusi vurğuladı. Onun açıqlamaları, həmçinin Ermənistanın Zəngəzur dəhlizinə mane olmağa davam etməsi və Azərbaycanın son təyyarə insidentinə görə Rusiyaya qarşı hüquqi tədbirlər görmək niyyəti kimi mürəkkəb geosiyasi problemlərlə birbaşa üzləşməyə hazır olduğunu əks etdirir. Bu bəyanatlar göstərdi ki, forum media dayanıqlılığı mövzusunda təşkil olunsa da, eyni zamanda Azərbaycanın regional və beynəlxalq siyasət prioritetlərini ifadə etmək üçün mühüm bir platforma rolunu oynayır.

Prezident İlham Əliyevin mesajı əsasında digər yüksək vəzifəli Azərbaycan rəsmiləri forumun daha geniş strateji əhəmiyyətini vurğuladılar. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tədbirin “Azərbaycan mədəniyyətinin beşiyi” hesab olunan Şuşada keçirilməsinin önəmini qeyd etdi. O, bu şəhəri postmünaqişə bərpasının simvolu və yumşaq güc diplomatiyasının təzahürü kimi təqdim etdi. Forumun məhz Şuşada keçirilməsi məqsədli idi və bu, Azərbaycanın qlobal informasiya məkanında öz hekayəsini və təsirini geri qaytarmaq istədiyini göstərirdi. Rəsmi şəxslər Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq medianın uzun müddət təhrif olunmuş məlumat yaymasına diqqət çəkərək Azərbaycan milli media strategiyasının indi bu yanlış təsvirləri açıq dialoq, etibarlı jurnalistika və Şuşa Forumu kimi platformalar vasitəsilə düzəltməyə üstünlük verdiyini bildirdilər.

*Məqalənin ingilis dilində olan tam və orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.eurasiareview.com/22072025-iii-shusha-global-media-forum-strengthening-information-and-media-resilience-in-the-age-of-ai-oped/