BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

II Qarabağ müharibəsi Ermənistan və Azərbaycanı necə dəyişdi?

2020-11-19 20:15

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Avropanın “Euractiv” nəşrində “II Qarabağ müharibəsi Ermənistan və Azərbaycanı necə dəyişdi?” başlıqlı məqaləsi dərc olunub. Məqalədə sentyabrın 27-dən oktyabrın 10-a kimi Ermənistan və Azərbaycanın arasında baş tutmuş müharibədən söz açılır. Vurğulanır ki,  44 günlük müharibə Ermənistanın məğlubiyyəti ilə nəticələnib və tərəflər Rusiyanın vasitəçiliyi ilə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına dair bəyanat imzalayıblar. 

Müəllif qeyd edir ki, müharibə Azərbaycanda sosial və siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişib və xalq yekdil şəkildə müharibə ilə bağlı hökumət və onun siyasətinə dəstək ifadə edib. Vasif Hüseynov yazır ki, müharibə dövründə hökumət həmçinin tənqidi mövqe sərgiləyən müxalif qüvvələrin də dəstəyini qazanıb. Lakin bildirilir ki, müharibə qarşı tərəfdə tamamilə fərqli nəticələrə səbəb olaraq Ermənistan ordusunun yenilməzliyinə  və Azərbaycan ordusu üzərində mütləq üstünlüyə sahib olduğuna inanan əhali arasında şok effekti yaradıb. Bu bir tərəfdən siyasi qüvvələrə etibarı sarsıdıb, digər tərəfdən ölkədə güclü siyasi böhrana gətirib çıxarıb. Müəllif eyni zamanda üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanda əhali tərəfindən parlamentə hücum, etiraz aksiyaları və etirazçıların həbsindən danışıb. 

Yekun olaraq müəllif bildirir ki, Qarabağdakı məğlubiyyət Ermənistanı siyasi böhrana, ətraf mühitə qarşı cinayət törətməyə sürüklədiyi halda, Azərbaycanda əhali tarixi qələbəni qeyd edir və öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqları günü gözləyirlər. 

https://www.euractiv.com/section/azerbaijan/opinion/how-did-the-second-karabakh-war-change-armenia-and-azerbaijan/