BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

İdarə Heyətinin sədri Fərid Şəfiyevin “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” beynəlxalq konfransında çıxışı

2025-05-26 17:31

Hörmətli qonaqlar, xanımlar və cənablar,

Sizi “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən 3-cü beynəlxalq İslamofobiya ilə mübarizə konfransında  görməkdən böyük məmnunluq duyuram.

Tədbir əvvəlki illərdə olduğu kimi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və bir sıra beynəlxalq tərəfdaşların birgə təşkilatçılığı ilə keçirilir. Təşkilatçıların sayının ildən-ilə artdığını görmək bizi sevindirir. Bütün tərəfdaşlara və əlbəttə, bu gün dəyərli fikirlərini bölüşəcək iştirakçılara təşəkkürümü bildirmək istəyirəm.

Nifrət cinayətləri və müsəlman irsinə məxsus abidələrin məhv edilməsi də daxil olmaqla, müsəlman icmalarına qarşı həm dövlət tərəfindən, həm də cəmiyyət daxilində baş verən ayrı-seçkilik halları ilə mübarizə aparmaq üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsi zərurəti daha da aktuallaşır.

Bundan əlavə, biz İslamofobiya hallarının artdığını və müsəlman icmalarına qarşı dövlət səviyyəsində həyata keçirilən təzyiq və ayrı-seçkilik fəaliyyətlərinin genişləndiyini müşahidə edirik. Avropada ifrat sağçı siyasi qüvvələrin yüksəlişi İslam ənənələrini məhdudlaşdıran tədbirlərin görülməsinə səbəb olur ki, bunu da tez-tez “assimilyasiya” və ya “inteqrasiya”nı təşviq etmək bəhanəsi ilə pərdələməyə çalışırlar.

Milli diskurslar getdikcə daha çox müsəlmanları hədəf alan və onların dini kimliyini ekstremizmlə eyniləşdirən populist ritorikanın təsiri altına düşür.

Cənubi Asiyada qıcıqlandırıcı ritorika və nifrət cinayətlərinin artması dövlət səviyyəsində təşviq edilən antimüsəlman millətçiliyinin narahatlıq doğuran tendensiyaya çevrildiyini göstərir. Və bu tendensiyanı mədəni vahidliyin qorunması narrativləri ilə əsaslandırırlar.

Beləliklə, İslamofobiya qlobal sabitlik və birliyə ciddi təhlükə törədir, beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa xələl gətirir. Bu gün bizim buraya toplaşmağımızın səbəbi təkcə İslamafobiya ilə bağlı artan təhlükələri müzakirə etmək deyil, həm də bu fenomenin köklərinə varmaq, onun tarixi və mədəni əsaslarını anlamaqdır.

İslamofobiya təkcə müsəlmanlara qarşı yönəlmiş nifrət və ya qorxu deyil, həm də Qərbin Şərqə baxışını formalaşdıran və nəticədə, müsəlmanlar barədə təhrif olunmuş təsəvvürlər yaradan ideoloji strukturdur. Bu yanaşmanın əsasında Eduard Səidin ( Edward W. Said) “Orientalizm” (Şərqşünaslıq) əsəri dayanır.

Eduard Səid göstərirdi ki, Qərb Şərqi çox vaxt “geridə qalmış” və “təhlükəli” kimi təqdim edir. Bu yanaşma təkcə elm və mədəniyyətdə deyil, həm də siyasi və iqtisadi güc münasibətlərində özünü göstərir. Bu yanaşmanın məqsədi Şərqi anlamaq deyil, onu nəzarət altına almaqdır.

Bu gün həmin təhriflər yalnız akademik müzakirələrdə deyil, gündəlik həyatımızda da özünü göstərir. Biz Avropa, Cənubi Asiyada və dünyanın bir çox ölkələrində İslamofobiyanın getdikcə gücləndiyinin şahidi oluruq.

Bu, Eduard Səidin ifadə etdiyi kimi, “Orientalizm”in müasir təzahürüdür, yəni Şərqə qarşı təhrif olunmuş yanaşmaların davamıdır.  İslamofobiya yalnız fərdi nifrət və ya qorxunu ifadə etmir, bu həm də geosiyasi təhdiddir. Bu fenomen beynəlxalq münasibətlərdə gərginliklərə, münaqişələrə, hətta terrora səbəb olur və gələcəkdə də davam edə bilər.

Həmçinin vurğulamaq istəyirəm ki, radikal dini qruplar İslam mövzusunu mənimsəməyə çalışaraq, müsəlman dünyasında birliyə deyil, daha çox parçalanmalara səbəb olurlar. Bu səbəbdən, Azərbaycan kimi dünyəvi ölkələrin anitmüsəlman siyasətlərə qarşı mübarizədə mühüm rol oynaya biləcəyini hesab edirəm. Biz radikal qrupların İslamofobiya mövzusunu monopoliyaya almasına imkan verməməliyik. Bu amillər də zaman-zaman islamofobiyanın baş qaldırmasına səbəb olan problemlərdir.

Qeyd etmək istəyirəm ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahədə araşdırmalar aparmaq, eləcə də həmin tədqiqatların nəticələrinin həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə paylaşılması üçün imkanlar yaradır.

Ən önəmli məsələ İslamı təhrif edən radikal hərəkatlara qarşı mübarizə aparmaqdır. Bu radikallar İslamı öz siyasi məqsədləri üçün istifadə etməklə, həm müsəlmanların reputasiyasına zərər vurur, həm də İslamofobiyanın genişlənməsinə səbəb olurlar.

Nəticə olaraq, İslamofobiya təkcə bir dini və ya mədəni qrupun problemi deyil, bütün beynəlxalq cəmiyyətin üzləşdiyi təhdiddir.

Biz bu təhdidlə mübarizə aparmalı, dünyada sülhü və qarşılıqlı anlaşmanı təmin etməliyik.

Diqqətiniz üçün təşəkkür edirəm!