BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Gürcüstan - Türkmənistan əməkdaşlığı: İkitərəfli münasibətlərin dinamikası və perspektivləri

2025-07-10 17:02

İqtisadi Əməkdaşlığın Təkamülü

Gürcüstan və Türkmənistan arasında diplomatik münasibətlər 16 iyul 1992-ci ildən qurulub. Müxtəlif dövrlərdə bu münasibətlər regional sabitlik, iqtisadi əməkdaşlıq və tranzit imkanları baxımından strateji əhəmiyyət kəsb edib. Diplomatik əlaqələrin qurulduğu dövrdən günümüzədək tərəflər arasında qarşılıqlı maraq və praktik əməkdaşlıq əsasında mühüm addımlar atılıb.

İkitərəfli səfərlər zamanı ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, investisiyalar, turizm, ikitərəfli iqtisadi müqavilə-hüquq bazasının təkmilləşdirilməsi məsələləri və digər sahələrdə əməkdaşlığın perspektivləri fəal müzakirə olunur. Türkmənistan, Gürcüstan ərazisindən yükdaşımalar və anbar infrastrukturunun inkişafı vasitəsilə regional ticarətə inteqrasiya olunmaqda maraqlıdır. Türkmənistanla qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri iri regional və beynəlxalq nəqliyyatenerji layihələrinin həyata keçirilməsidir. 2014-cü ildə Gürcüstanla Türkmənistan arasında ticarət dövriyyəsi 83,672 mln ABŞ dolları təşkil edib. 2015-ci ildə Türkmənistanla ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 52,1% artaraq 127,26 milyon ABŞ dolları olub.[1]  2024-cü ildə isə iki ölkə arasında ticarət dövriyyəsi 19,6% azalaraq 81 milyon dollar olub. Əsas ixrac məhsulları arasında quş əti, dərmanlar, avtomobillər və spirtli içkilər yer alır. 2023-cü ildəki göstəricilərə əsasən Türkmənistan Gürcüstana aviasiya yanacağı ixrac edib.[2] 2024-cü ildə Türkmənistandan Gürcüstana 2 milyon tondan çox yük daşınıb ki, bunun da 90 faizindən çoxu tranzit məqsədlər üçün olub. Dəmir yolu daşımaları 1503,2 min ton təşkil edib. Türkmənistandan əsas idxal olunan məhsullar isə neft və neft məhsulları, koks, gübrələr və gips əsaslı məmulatlar, yük maşınlarıdır.

Bu illər ərzində Türkmənistanın ölkə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi minimal və əhəmiyyətsiz olub. Məsələn, 2021-ci ildə Türkmənistandan yatırılan investisiyaların həcmi cəmi 1 milyon 136 min dollar, 2022-ci ildə isə bu ölkədən iqtisadiyyata ümumilikdə 762 min dollar sərmayə qoyulub.[3]

Turizm sektorunun inkişafında da ikitərəfli münasibətlərin təkmilləşdirilməsi məsələsi diqqət mərkəzindədir. Cari ildə Aşqabadda Gürcüstanın müstəqilliyinin 34-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı Gürcüstanın Türkmənistandakı səfiri Konstantin Sabiaşvili çıxışında Gürcüstan Türkmənistanla turizm sektorunda əməkdaşlığı genişləndirməyə, o cümlədən birbaşa uçuşların yaradılmasına hazır olduğunu, birbaşa reyslərin yaradılması da daxil olmaqla Gürcüstan üçün mühüm turizm bazarı olan Türkmənistanla gələcək əməkdaşlığın inkişafına maraqlı olduqlarını dilə gətirib.[4] Hər iki ölkənin əlverişli coğrafi mövqeyi və ümumi cəhətləri turizm sahəsində əlaqələr üçün əlverişli şərait yaradır. Türkmənistan nümayəndə heyəti 2024-cü il sentyabrın 27-də Tbilisidə keçiriləcək Ümumdünya Turizm Gününün qeyd olunmasına həsr olunmuş genişmiqyaslı tədbirdə iştirak edib. Ötən il Türkmənistandan Gürcüstana 17 546 nəfər daxil olub ki[5], bu da ötən il və 2023-cü ildə 13 179 Türkmənistan vətəndaşının Gürcüstana daxil olduğu ilə müqayisədə 33,1% çoxdur.[6]

Türkmənistan-Gürcüstan əməkdaşlığının intensivləşdirilməsində İqtisadi Əməkdaşlıq Üzrə Türkmənistan Gürcüstan Hökumətlərarası Komissiyasının böyük rolunu xüsusilə qeyd etmək lazımdır. 2023-cü il Tbilisidə keçirilən komissiya iclasında tərəflər münasibətlərin yüksək səviyyədə olduğunu bir daha vurğuladılar, həmçinin iki ölkə arasında gələcək çoxşaxəli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdiriblər. Əməkdaşlığın gücləndirilməsi üçün prioritet istiqamətlər sırasında energetika, nəqliyyat, kənd təsərrüfatı sahələri qeyd edilib, ticarət-iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsi imkanları, nəqliyyat, logistika, enerji strukturunun inkişafı üzrə birgə layihələrin daha da reallaşdırılması imkanları nəzərdən keçirilib. Hökumətlərarası Komissiya elm, təhsil və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsini prioritet kimi qiymətləndirib.[7]

Gömrük məsələləri, nəqliyyat və logistika sektoru

Nəqliyyat və rabitə əməkdaşlığın perspektivli sahələrindəndir. Gürcüstan, Türkmənistan və regiondakı digər tərəfdaş ölkələrin birgə səyləri ilə Böyük İpək Yolunun dirçəldilməsi istiqamətində fəal iş aparılır. Qeyd etmək çox vacibdir ki, perspektivli layihələr bütün nəqliyyat və kommunikasiya növlərini əhatə edir.

Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi Mərkəzi Asiya üçün ən aktual olan bir sıra iqtisadi məsələlərin həlli üçün əsas elementdir. Xəzər dənizi-Qara dəniz (Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya) beynəlxalq tranzit və nəqliyyat dəhlizinin yaradılması və həyata keçirilməsinə dair saziş də iqtisadi tərəfdaşlığın, istehsal və enerji əməkdaşlığının, ticarətin, investisiyaların inkişafında böyük rol oynayacaqdır.

Təsadüfi deyil ki, 2015-ci ilin iyulun 2-3-də Türkmənistan qazının cənub dəhlizi ilə Avropaya potensial tranzitini nəzərdə tutan enerji layihələri Gürcüstanda ilk rəsmi səfərdə olan Gürcüstan liderləri və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun müzakirə etdiyi əsas məsələlərdən olub. İki prezidentin birgə bəyanatında “Türkmənistanın öz təbii qazının dünya bazarlarına tədarük marşrutlarının şaxələndirilməsinə yönəlmiş balanslaşdırılmış siyasətinin əhəmiyyəti” qeyd olunub. 2015-ci il mayın 1-də Aşqabadda Türkiyə və Azərbaycanın energetika nazirləri, Türkmənistanın karbohidrogen ehtiyatları agentliyinin rəhbəri, eləcə də Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti arasında görüş keçirilib və Türkmənistandan Avropaya təbii qaz tədarükünə dair hüquqi çərçivə sazişi üzərində işləmək barədə razılığa gəliblər.[8]

2022-ci ildə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Aşqabada səfəri zamanı Gürcüstan və Türkmənistanın nümayəndələri nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar ki, bu da ölkələr arasında hava əlaqəsinin yaradılmasına imkan verib. Nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş Aşqabada birbaşa uçuşlar həyata keçirməyə başlamaq imkanı yaradıb. Türkmənistan tərəfi ilə danışıqlar zamanı Türkmənistana ixrac edilməli olan Gürcüstan məhsulları üçün maneələrin aradan qaldırılması məsələsi qaldırılıb. Türkmənistanda inkişaf edən kimya sənayesi məhsullarının Gürcüstan vasitəsilə ixrac olunması məsələsi də müzakirə edilib. 2022-ci ilin ilk 6 ayı ərzində Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarına əsasən ölkələr arasında ticarət dövriyyəsi 112 milyon dolları ötüb ki, bu da 2021-ci ilin eyni göstəricisindən 19,2% çoxdur.[9]

2023-cü ilin oktyabr ayından Gürcüstanın “Geosky Georgian International Airlines” aviaşirkəti Tbilisi (Gürcüstan) - Çjençjou (Çin) - Türkmenabat (Türkmənistan) - Saraqosa (İspaniya) - Tbilisi (Gürcüstan) marşrutu üzrə müntəzəm yük reysləri həyata keçirir.

Gürcüstan türkmən qazının öz ərazisindən Türkiyəyə nəqli üçün yeni layihələri dəstəkləyir və bu layihələrdə yardım göstərməyə hazırdır. Bunu Gürcüstanın Aşqabaddakı səfiri Konstantin Sabiaşvili ölkəsinin dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünə həsr olunmuş məqaləsində yazıb.[10] Sabiaşvili qeyd edib ki, etibarlı tranzit tərəfdaşı kimi Gürcüstan bundan sonra da nəqliyyat layihələrinin həyata keçirilməsinə və inkişafına öz töhfəsini verəcək. Onların arasında o, Bakı-Tbilisi-Qars dəmir yolu, Qara dəniz-Xəzər dənizi nəqliyyat marşrutu, Lapis Lazuli nəqliyyat marşrutu, Yaşıl Limanlar layihəsi və s.

2024-cü ildə Buxarestdə Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutunun yaradılmasına dair dördtərəfli hökumətlərarası saziş imzalanıb. Bu marşrut Rumıniyanın Konstansa, Gürcüstanın Poti, Azərbaycanın Bakı və Türkmənistanın Türkmənbaşı dəniz limanlarının imkanlarına, habelə Konstansa limanı ilə Dunay çayı, daha sonra isə Avropa qitəsindəki daxili çaylar və kanallar arasında birbaşa əlaqəyə əsaslanır və Mərkəzi və Şimali Avropaya çıxış açır.[11]

2024-cü ilin iyul ayından Gürcüstan Hava Yolları Tbilisi (Gürcüstan) - Meilan (Çin) - Türkmenabat (Türkmənistan) - Tbilisi (Gürcüstan) marşrutu üzrə yük reyslərinə başlanılması Türkmənistan və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində növbəti mühüm addım olub.

Türkmənistan mühüm təkliflər, o cümlədən nəqliyyat və kommunikasiya sektorunda iri layihələrin həyata keçirilməsi təşəbbüsü ilə öz mühüm töhfəsini verir.

2025-ci il martın 7-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəsmi səfəri çərçivəsində Türkmənistan və Gürcüstan hökumətlərinin üzvləri arasında keçirilmiş geniş tərkibdə danışıqlardan sonra Türkmənistan Hökuməti ilə Gürcüstan Hökuməti arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı inzibati yardım haqqında Saziş imzalanıb. Sənəd iki ölkənin gömrük orqanları arasında gələcək praktiki qarşılıqlı fəaliyyət üçün hüquqi baza təşkil edir. İmzalanmış Sazişə uyğun olaraq, tərəflər gömrük hüquqpozmalarına, o cümlədən qaçaqmalçılığa qarşı mübarizə, sərhəddən keçirilən mallar və nəqliyyat vasitələri haqqında elektron məlumat mübadiləsi, gömrük statistikasının təhlili sahəsində qarşılıqlı fəaliyyət, gömrük risklərinin idarə edilməsi kimi geniş spektrli məsələlər üzrə qarşılıqlı fəaliyyət göstərəcək və təcrübə mübadiləsi aparacaq.[12]

Türkmənistan prezidenti və Gürcüstanın baş nazirinin cari ildə Aşqabadda apardığı danışıqlar nəticəsində tərəflər nəqliyyat və logistika sektorunda əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. Belə ki, tərəflər Türkmənistan Qara dəniz-Xəzər dənizi nəqliyyat marşrutu, Lapis Lazuli beynəlxalq dəhlizi (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) və Yaşıl Limanlar təşəbbüsü kimi layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Bu layihələr Asiya ilə Avropa arasında Xəzər və Qara dəniz vasitəsilə yükdaşımaların səmərəliliyinin artırılmasına yönəlib. Türkmənistan Prezidenti qeyd edib ki, hər iki ölkənin ikitərəfli əməkdaşlığı real imkanlara və ehtiyaclara cavab verən yeni səviyyəyə çıxarmaq üçün kifayət qədər potensial var.[13]

Nəticə:

Gürcüstan və Türkmənistan arasında ikitərəfli əməkdaşlıq son illərdə yeni məzmun və dinamikaya uyğun inkişaf edir. Statistik göstəricilər, imzalanmış sazişlər və həyata keçirilən birgə layihələr bu münasibətlərin gələcəkdə daha da dərinləşə biləcəyini göstərir.

Cənubi Qafqaz regionunda Gürcüstanın tranzit ölkə kimi rolu və Türkmənistanın enerji və yükdaşımalar sahəsində artan potensialı iki ölkə arasında əməkdaşlığı daha da əhəmiyyətli edir. Gürcüstanın Qara dəniz limanlarına çıxışı və Türkmənistanın Xəzər sahilində yerləşməsi, həmçinin enerji ehtiyatları və nəqliyyat-logistika imkanları bu əlaqələri geniş regional səviyyəyə daşıyır.

Eyni zamanda Azərbaycan bu əlaqələrdə strateji körpü rolunu oynayır. Gürcüstan və Azərbaycan üzərindən Türkmənistanın Avropaya çıxışı təmin edilir. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Xəzər-Qara dəniz nəqliyyat marşrutları və Lapis Lazuli kimi beynəlxalq layihələr Türkmənistan üçün alternativ və sabit yollar yaradır, eyni zamanda Gürcüstan və Azərbaycanın regional nəqliyyat və enerji qovşağı kimi rolunu gücləndirir.

Türkmənistanın son illərdə göstərdiyi fəallıq, turizm sektoruna diqqət, gömrük və logistika sahəsində islahatlar bu ölkənin Cənubi Qafqazla əlaqələrini yalnız iqtisadi deyil, həm də geosiyasi müstəviyə daşıyır. Bütün bunları nəzərə alaraq, Gürcüstan–Türkmənistan münasibətləri təkcə ikitərəfli çərçivədə deyil, həm də regional əməkdaşlığın və sabitliyin təmin olunmasında strateji rol oynayan bir platforma kimi dəyərləndirilə bilər. Qarşıdakı dövrdə enerji, rəqəmsal tranzit, yaşıl texnologiyalar və iqlim dəyişiklikləri kimi yeni sahələrdə də tərəflər arasında əməkdaşlıq imkanları mövcuddur. Bu isə münasibətlərin gələcəyə yönəlik və çoxşaxəli inkişafını təmin edə bilər.

*Məqalə Gürcüstanın "Kvira" nəşrində dərc edilib:

https://kvira.ge/1022083


[1] თურქმენეთი საქართველოში ინვესტირებითაა დაინტერესებული 27.01.2016   https://netgazeti.ge/news/92058/

[2] Сколько авиатоплива импортировала Грузия из Азербайджана? 29.07.2023 https://news.day.az/economy/1585099.html

[3] ინვესტიციები, ვაჭრობა, ტურიზმი - როგორია საქართველო-თურქმენეთის ეკონომიკური კავშირები რიცხვებში? 06.06.2023 https://bm.ge/news/investiciebi-vachroba-turizmi---rogoria-saqartvelo-turqmenetis-ekonomikuri-kavshirebi-ricxvebshi/135705

[4] Грузия готова к открытию прямых авиарейсов с Туркменистаном – посол Сабиашвили 27.05.2025 https://turkmenportal.com/blog/91484/gruziya-gotova-k-otkrytiyu-pryamyh-aviareisov-s-turkmenistanom--posol-sabiashvili

[5] ლევან დავითაშვილმა თურქმენეთის მთავრობის წევრებთან ორმხრივი სავაჭრო-ეკონომიკური თანამშრომლობის საკითხები და მათი განვითარების პერსპექტივები განიხილა 07.03.2025 https://www.economy.ge/?page=news&nw=2672

[6] კობახიძე ოფიციალური ვიზიტით აშხაბადშია - როგორია საქართველო-თურქმენეთის ეკონომიკური კავშირი? 06.03.2025 https://bm.ge/news/kobakhidze-ofitsialuri-vizitit-ashkhabadshia-rogoria-saqartvelo-turqmenetis-ekonomikuri-kavshiri

[7] საქართველოსა და თურქმენეთს შორის რიგით მეოთხე მთავრობათაშორისი ეკონომიკური კომისიის სხდომის ოქმი გაფორმდა 07.06.2023 https://rustavi2.ge/ka/news/257628

[8] საქართველოს და თურქმენეთის პრეზიდენტებმა ორმხრივი ურთიერთობები განიხილეს 02.07.2015 https://civil.ge/ka/archives/154262

[9] Грузия и Туркмения договорились об установлении прямого авиасообщения 20.07.2022  https://tass.ru/ekonomika/15263523

[10] Статья посла Грузии в Туркменистане опубликована в газете «НТ» 25.05.2024 https://www.turkmenportal.com/blog/78510/statya-posla-gruzii-v-turkmenistane-opublikovana-v-gazete-nt

[11] Грузия Откроет Турменистану Окно В Европу 23.07.2024  https://spress.ge/59944/

[12]Туркменистан и Грузия подписали Соглашение о сотрудничестве и взаимной помощи в таможенных делах 07.03.2025 https://customs.gov.tm/ru/news/976

[13] Туркменистан и Грузия договорились о развитии транспортных коридоров 08.03.2025 https://www.inform.kz/ru/turkmenistan-i-gruziya-dogovorilis-o-razvitii-transportnih-koridorov-49ba49