BMTM-in baş məsləhətçisi Yunis Qurbanovun “Vaşinqtonun gedişi: ABŞ Cənubi Qafqazın geosiyasətini yenidən necə şəkilləndirir?” sərlövhəli məqaləsi “Geopolitical Monitor” nəşrində dərc edilib.
Məqalədə qeyd edilir ki, ABŞ paytaxtında dialoqu genişləndirmək və davamlı sülhü möhkəmləndirmək məqsədi daşıyan birgə bəyanatın imzalanması həm vasitəçilik formatında dəyişiklik, həm də bölgədə təsir balansının yenidən qurulması kimi qiymətləndirilə bilər.
“Cənubi Qafqaz uzun illərdir müxtəlif güclər - Rusiyanın ənənəvi geosiyasi təsiri, Türkiyənin artan rolu, Avropa İttifaqının ehtiyatlı diplomatiyası və ABŞ-nin selektiv yanaşması - arasında rəqabət meydanına çevrilmişdi. Lakin Vaşinqton danışıqları göstərdi ki, Cənubi Qafqaz artıq təkcə post-Sovet periferiyası kimi deyil, qlobal strateji planlamalarda əhəmiyyətli bölgə kimi qiymətləndirilir. Rusiyanın bölgədəki əvvəlki dominant mövqeyi isə artıq həm regional, həm də beynəlxalq aktorlar tərəfindən getdikcə daha çox mübahisə predmetinə çevrilir.
ABŞ-nin ev sahibliyi etdiyi görüş təkcə simvolik xarakter daşımır. Bu həm də ABŞ-nin regiondakı münaqişələrin daha genişmiqyaslı qeyri-sabitliyə çevrilməsinin qarşısını almağa artan marağını əks etdirir. Üslubu ehtiyatla seçilmiş birgə bəyanatda isə davamlı sazişin təməl prinsipləri olan suverenlik, ərazi bütövlüyü və qarşılıqlı tanınma məsələləri xüsusi vurğulanıb.
Vaşinqtonun bölgəyə cəlb olunması (involvement) mübahisəli regionlarda tətbiq edilən geniş strateji modelin tərkib hissəsidir. Belə ki, bu yanaşma münaqişələrin qarşısının alınmasını ticarət yollarının təhlükəsizliyi, enerji təchizatının qorunması və müttəfiq ölkələrin sabitliyinin möhkəmləndirilməsi ilə uzlaşdırır. Cənubi Qafqaz bu strateji kontekstdə əhəmiyyətli mövqe tutur. O, təkcə Mərkəzi Asiyaya çıxış qapısı kimi deyil, həm də ənənəvi darboğazlardan (chokepoints) yan keçərək enerji ixracının həyata keçirildiyi strateji dəhliz kimi qiymətləndirilir. Regionda təsirini bərpa etmək istiqamətində Rusiyanın atdığı addımlar isə bu proseslərlə kəskin ziddiyyət təşkil edir. Moskva regional aktorların artan müstəqilliyinə baxmayaraq, nəqliyyat marşrutları və siyasi təsir dairələri üzərində mövqeyini qorumağa çalışır.
ABŞ-nin təşəbbüsü Ermənistan-Azərbaycan sülh prosesinin diplomatik strukturuna yeni məzmun əlavə edir. Avropa İttifaqı uzun illərdir danışıqlar təşkil etsə də, Vaşinqton görüşü vasitəçilərin koordinasiyalı fəaliyyətinin sülhə nail olmaq prosesini sürətləndirə biləcəyini nümayiş etdirir. Bu çoxtərəfli diplomatiya modeli tərəflərə əlavə təsir və çeviklik imkanı verir, müəyyən aktorlardan asılılığı azaldır və Moskvanın regiondakı ənənəvi vasitəçilik dominantlığının zəifləməsinə gətirib çıxarır. ABŞ-nin mövcudluğunu artırması isə Rusiya Federasiyasının uzun müddət əsas vasitəçi kimi oynadığı rola meydan oxuyur və Cənubi Qafqazda təsir balansının köklü şəkildə dəyişdiyini göstərir”.
*Məqalənin ingilis dilində dərc edilmiş orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:


