31.01.2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda beynəlxalq konfrans keçirilib.
Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev ikitərəfli münasibətlərdə soyuqluq yaradan tərəfin Fransa olduğunu diqqətə çatdırıb.
O bildirib ki, Azərbaycan hər zaman Fransa ilə konstruktiv əlaqələr qurulması, enerji və digər sahələrdə əməkdaşlıqda maraqlı olub.
"Hazırkı böhran Fransa tərəfindən yaradılıb. Burada Fransada olan erməni diasporunun fəaliyyəti ilə yanaşı, hazırkı administrasiyanın fəaliyyəti və bir sıra digər amillər rol oynayıb”, - deyə o qeyd etdi.
F.Şəfiyev ikitərəfli münasibətlərdəki böhrana baxmayaraq, akademik sahədə əlaqələrin inkişafının, Fransa ilə bağlı araşdırmaların davam etdirilməsi və fransız dilinin öyrənilməsinin vacibliyini vurğuladı.
BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayevanın moderatorluğu ilə keçirilən "Fransanın Ermənistan-Azərbaycan münaqişəsində rolu" mövzusuna həsr olunan birinci panel sessiyada Lazur Sahili Universitetinin (“Côte d'Azur”) ictimai hüquq üzrə professoru Kristian Vallar, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tural Gəncəliyev, “Conflicts” jurnalının direktoru Gil Mihaeli və Bakı Dövlət Universitetinin professoru Məmmədağa Baxışovun çıxışları dinlənildi.
İkitərəfli münasibətlərin qısa xronikasına nəzər salan Gülşən Paşayeva Fransanın uğursuz və nəticəsiz yekunlaşan ATƏT-in Minsk qrupunun həmsədrliyinə diqqət çəkdi:
"Azərbaycan keçmiş münaqişənin diplomatik yollarla həllinə çalışsa da, rəsmi Parisin vasitəçi olduğu müddətdə aparılan danışıqlar nəticə vermədi. Bununla da, İkinci Qarabağ müharibəsi baş verdi və Azərbaycan ədaləti təmin edərək torpaqlarını işğaldan azad etdi".
Gülşən Paşayeva, həmçinin 2020-ci ildən əvvəlki və sonrakı dövrlərdə Fransa-Azərbaycan münasibətlərində müşahidə olunan qeyri-konstruktiv məqamlarda erməni diasporunun xüsusi rola malik daxili amil olduğunu bildirdi.
İctimai hüquq üzrə professor Kristian Vallar Fransanın Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan və diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğunu qeyd etdi.
"Son illərdə baş verən hadisələrə baxmayaraq, Fransa keçmişdə bitərəf qalmağa, beynəlxalq hüquq normalarına riayət etməyə, iqtisadi və mədəni sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirməyə çalışıb".
Professor qeyd edib ki, 2020-ci ildə Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra vəziyyət dəyişdi.
“Bu, Fransanın kəskin reaksiyasına, bir çox qərar və qətnamələrin qəbuluna səbəb oldu”.
Milli Məclisin deputatı Tural Gəncəliyev Prezident Emmanuel Makronun dövründə rəsmi Parisin anti-Azərbaycan mövqe tutmasına və ənənəvi praqmatizmi tərk etməsinə diqqət çəkdi.
“Azərbaycanın güclənməsi Fransada bəzi dairələri ciddi narahat edir. Erməni diasporunun isə elitaya birbaşa təsir gücü var. 2020-ci ilə qədər Fransa Ermənistana gizli şəkildə dəstək göstərirdisə, İkinci Qarabağ müharibəsindən sonra Fransa anti-Azərbaycan münasibətini açıq şəkildə nümayiş etdirməyə başladı".
“Conflicts” jurnalının direktoru Gil Mihaeli bildirib ki, erməni diasporunun güclənməsindən sonra Azərbaycanla Fransa arasında münasibətlər korlanmağa başladı.
"1990-cı illərdən sonra erməni diasporu Fransa siyasətçiləri ilə əlaqələri gücləndirərək siyasi və sosial sahədə öz gündəmini fəal şəkildə təbliğ etməyə başladı. Lobbi qrupları gücləndi, geosiyasi vəziyyət daha da pisləşdi", - deyə o bildirdi.
Bakı Dövlət Universitetinin professoru Məmmədağa Baxışov Fransanın Ermənistana birmənalı dəstəyinin ikitərəfli münasibətlərin korlanmasının başlıca səbəbi olduğunu və bunun Cənubi Qafqazın təhlükəsizliyi üçün yaratdığı təhdidlər barədə çıxış etdi.
BMTM-in şöbə müdiri Vasif Hüseynovun moderatorluğu ilə keçirilən ikinci sessiyada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə, müstəqil araşdırmaçı, “EurasiaPeace” beyin mərkəzinin təsisçisi Morgan Kalley, Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun baş tədqiqatçısı Robert Katler və Strasburq Vəkillər Kollegiyasının hüquqşünası və Fransadakı Mədəniyyət Araşdırmaları İnstitutunun həmtəsisçisi Jan Emmanuel Medinanın çıxışları dinlənildi.
V. Hüseynov İkinci Qarabağ müharibəsindən sonra Fransanın birbaşa və aşkar Ermənistanyönümlü mövqeyinin, 2020-ci ildən öncəki neytrallıq yanaşmasından imtinası səbəblərinin təhlil etməyin vacibliyini bildirdi.
Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun baş tədqiqatçısı Robert M. Katler qeyd etdi ki, Ermənistanın 2020-ci il müharibəsindəki zəifliyi, Rusiyanın Cənubi Qafqazda zəifləyən təsir gücü Fransanı bölgədəki məhdud roluna yenidən nəzər salmağa vadar etdi:
“Fransanın addımları regional aktorlarla yanaşı, qeyri-region aktorlarda müəyyən suallar yaradır. Avropa İttifaqı onun bəzi təşəbbüslərini dəsətəkləsə də, rəsmi Parisin regiona yönəlik diplomatik və hərbi təşəbbüslərinin əksəriyyəti birtərəflidir. Qısamüddətli perspektivdə bu, geosiyasi qeyri-stabilliyə səbəb ola bilər. Sonrakı mərhələdə isə vəziyyət digər regional aktorların necə reaksiya verməsindən asılı olacaq”.
Milli Məclisin deputatı Asim Mollazadə Fransanın Cənubi Qafqaza yönəlik qərəzli siyasətinin əsasında erməni diasporunun olması ilə bağlı çıxış etdi.
“EurasiaPeace” beyin mərkəzinin təsisçisi Morqan Kalley Azərbaycan və Fransanın tarixi mədəni əlaqələrinə nəzər salaraq hazırkı Fransa administrasiyasının siyasətinin Cənubi Qafqazda sülh üçün təhlükəli olduğunu qeyd etdi.
Strasburq Vəkillər Kollegiyasının hüquqşünası və Fransadakı Mədəniyyət Araşdırmaları İnstitutunun həmtəsisçisi Jan Emmanuel Medina Fransanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəkdən bəhs etdi, ölkəsinin ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, ABŞ və Rusiya ilə birlikdə keçmiş münaqişənin sülh yolu ilə həlli üçün 30 il ərzində fəal şəkildə çalışdığını və bu mövqeyini konkret diplomatik təşəbbüslərlə ortaya qoyduğunu diqqətə çatdırdı.