Sentyabrın 30-da Fransa Prezidenti Emmanuel Makron tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verilən bəyanat və orada ifadə olunan fikirlər təəssüf ki, Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir. Bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi icra etdiyi funksiyasını ciddi şəkildə şübhə altında qoyur. Hesab edirəm ki, Fransanın müvafiq rəsmi dairələri bu ölkənin vasitəçi kimi hansı mövqedən fəaliyyətini davam etdirəcəyi barədə açıqlama verməlidir.
Eyni zamanda son günlər bir sıra Qərb media vasitələri, o cümlədən BBC, “Reuters” “Guardian” tərəfindən guya Suriyadan Azərbaycana muzdlu əsgərlərin gəlməsi barədə uydurma və heç bir tutarlı mənbələrə əsaslanmayan xəbərlər yayılır. Təəssüf ki, bəzi Qərb mediası Azərbaycana qarşı bu qərəzli mövqeyi 100 ildir ki, nümayiş etdirir. Hələ 1905-ci ildə Çar Rusiyası zamanı ermənilərlə azərbaycanlılar arasında çaxnaşmalar başlayan zaman həmin hadisələrlə bağlı Qərb mediasında islamofobiya və türkofobiya yönümlü tendensiya müşahidə olunmuşdu. Qərb media nümayəndələri yaxşı bilir ki, Azərbaycan dünyəvi ölkədir. Terrora qarşı ABŞ və digər ölkələrlə sıx əməkdaşlıq edir və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsində Azərbaycanın töhfəsi tutarlıdır. İndiki halda, yəni Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz işğal olunmuş torpaqlarını azadetmə əməliyyatları apardığı zamanda ölkəmizə qarşı belə qərəzli mövqe Qərb institutları, o cümlədən media qurumlarının fəaliyyətini, onların peşəkarlığı və obyektivliyini şübhə altına alır.
Digər bir məsələ ondan ibarətdir ki, bir sıra beynəlxalq qurumlar və ölkələr Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar səsləndirir. Bu məqamda sual olunur: Hansı danışıqların bərpasından söhbət gedir? Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar formatının dəyişdirilməsi barədə tələb irəli sürür. 10 ildən çoxdur müzakirə olunan və razılaşdırılmış Madrid Prinsiplərini rədd edir. Belə olan halda, deyə bilərik ki, bu günki gərgin vəziyyətlə bağlı bütün məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşür.