Ermənistan son 30 il ərzində Azərbaycan torpaqlarının işğalını davam etdirməklə yanaşı, bütün vasitələrlə xalqımızın tarixi, mədəni, musiqi və mətbəx irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir. Aydındır ki, Ermənistanın bu istiqamətdə siyasətinin əsas hədəflərindən biri də işğal edilmiş ərazilərdə özünün əsassız iddialarını rəsmiləşdirmək məqsədi ilə həmin torpaqların həqiqi tarixi sakinlərinin və sahiblərinin mədəni irsini məhv etmək, bu mümkün olmadıqda isə saxtalaşdırmaqdır. Belə ki, işğal edilmiş ərazilərdəki bütün mədəni və tarixi abidələr həmin torpaqlarının həqiqi tarixi sakinlərinin və sahiblərinin kimliyi heç bir ciddi və obyektiv müşahidəçidə hansısa şübhə yaratmır.
Ermənistan KİV-nin yazdığı kimi bu dəfə Qarabağdakı qondarma rejim rəhbərliyinin məşhur Şuşa qalasını təmir etməsi ilə bağlı xəbər də bu təcavüzkar ölkənin qeyd edilən siyasətinin göstəricisidir. Azərbaycanlılar tərəfindən Şuşa qalası adlandırılan həmin tarixi abidənin əsası 1751-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş, tikinti işlərinə rəhbərliyi isə şəxsən şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif nəzarət etmişdir.
Qeyd edək ki, keçən il Şuşada yerləşən və azərbaycanlılara məxsus olan “Yuхarı Gövhər ağa” məscidi təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilmişdi. Bundan əvvəl isə Ermənistan rəhbərliyi paytaxt Yerevanda tarixi Azərbaycan memarlıq nümunələri olan 8 məsciddən 7-sini tamamilə məhv edilib. Qalan bir məscid- 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmiş məşhur Göy məscidin 4 minarəsindən 3-ü sökülüb və saxtalaşdırılaraq İran tarixi abidəsi kimi İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.
Bir daha dünya ictimaiyyətini Ermənistanın işğal etdiyi ərazilərdə atdığı bu cür addımları Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kimi qiymətləndirilməyə çağırırıq.
Nəzərə çatdırmalıyıq ki, Ermənistan hakimiyyətinin bu istiqamətdə fəaliyyəti beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn bütün normalarına və əsaslarına zidd olan hərəkətlər kimi qiymətləndirilərək dünya ictimaiyyəti tərəfindən pislənməli və məsuliyyətə çağırılmalıdır. Həmçinin, beynəlxalq ictimaiyyəti münaqişənin həlli tapılana qədər işğal edilmiş ərazilərdəki bütün tarixi abidələrin toxunulmaz və ilkin formada qalmasını təmin etmək istiqamətdə Ermənistana müvafiq təzyiq göstərməyə çağırırıq.
Qeyd etmək istərdik ki, Şuşa qalası ilə bağlı son addımlar bir daha Ermənistanın münaqişənin dinc yolla konstruktiv həllində maraqlı olmadığını və Azərbaycanı münaqişənin həlli ilə bağlı digər vasitələrdən istifadə etməyə təhrik etdiyinin göstəricisidir. Belə ki, bu cür addımlar gələcəkdə danışıqlar prosesinin pozulması ilə bağlı bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoyur.