BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Fərid Şəfiyev noyabrın 22-23-də Qətərdə səfərdə olub

2021-11-24 10:38

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qətərdəki səfirliyinin təşkilatçılığı ilə noyabrın 22-23-də Qətərin paytaxtı Dohaya səfər edib. Səfər zamanı Qətərdə yerləşən Corctoun Universitetinin nəzdində fəaliyyət göstərən Regional və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbərliyi ilə də görüşlər keçirilib. Görüş zamanı enerji, ətraf mühit, təhlükəsizlik və digər regional və regionlararası məsələlərə dair birgə akademik tədqiqat həyata keçirilməsi, elmi tədqiqatçıların qarşılıqlı səfərlər etməsi barədə razılıq əldə edilib.

Noyabrın 23-də Əl-Cəzirə Araşdırmalar Mərkəzində görüş baş tutub. Görüş zamanı həm Cənubi Qafqaz, həm də Yaxın Şərq və Şimali Afrika regionundan baş verən geosiyasi vəziyyəti balanslaşdırılmış şəkildə tədqiq edərək media və ictimaiyyətə çatdırmaq üçün araşdırma metod və bacarıqlarının inkişaf etdirilməsi və müvafiq sahədə ekspert təcrübəsinin mübadiləsinin əhəmiyyətinə toxunulub. Qlobal medianın dünyada siyasi prosesləri işıqlandırması üsulları və yeni tendensiyalar müzakirə edilib. Bu xüsusda 44 günlük müharibə və ondan sonrakı dövrdə dünya mediasının bir çox hallarda Azərbaycana qarşı qərəzli mövqe tutması F.Şəfiyev tərəfindən vurğulanıb.

Eyni zamanda səfər zamanı Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzinin direktoru Sultan Barakat ilə də görüş keçirilib. F.Şəfiyev Azərbaycanın uzun illər humanitar böhrandan əziyyət çəkdiyini, xüsusilə 1990-cı illərin əvvəllərində Ermənistanın işğal faktı nəticəsində bir milyona yaxın azərbaycanlının (o dövrdə hər yeddi azərbaycanlıdan biri) qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin ölkə üçün böyük fəlakət yaratdığını bildirib. S.Barakat da ərəb dünyasının, son vaxtlar isə Əfqanıstanda yaranmış humanitar böhranlar haqqında fikirlərini bölüşüb. Bütün dünyadakı böhranların idarəedilməsi üçün beynəlxalq ictimaiyyətin birgə çalışmasının vacibliyi ifadə edilib. Görüşdən sonra F.Şəfiyev Münaqişə və Humanitar Tədqiqatlar Mərkəzində akademik dairələr və Qətərdə akkreditasiya olunmuş bəzi diplomatik missiyaların nümayəndələri qarşısında mühazirə ilə çıxış edib.

F.Şəfiyev səfər çərçivəsində həmçinin “Əl-Cəzirə Mübaşər” televiziyasına Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı müsahibə verib.