Fərid Şəfiyev “Mən Azərbaycan haqqında nə bilirəm?” yazı müsabiqəsinin qalibləri ilə görüşüb

23 Avqust 2019 - 00:00

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) xarici ölkələrdə tələbələr arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” yazı müsabiqəsinin qalibləri ilə görüş olub. Görüş zamanı BMTM-nin sədri Fərid Şəfiyev Azərbaycanın xarici siyasət prioritetlərindən və ölkənin balanslı xarici siyasət yürütməsindən danışıb. Mərkəz sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu siyasətin mərkəzində duran əsas məsələlərdən biri olduğunu qeyd edib və münaqişənin həlli istiqamətində atılan addımlar barədə xarici tələbələri məlumatlandırıb. O, həmçinin əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycanın dünyəvi ölkə olduğunu, lakin eyni zamanda burada bütün etnik və dini azlıqlara hörmətlə yanaşıldığını qeyd edib.

Fərid Şəfiyev həmçinin yeni yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyət istiqamətləri və  gələcək planlar barədə qonaqları məlumatlandırıb.

Qeyd edək ki, “Mən Azərbaycan haqqında nə bilirəm?” yazı müsabiqəsi 2011-ci ildən Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. İndiyə kimi 60 ölkədən 600-ə yaxın qalib Azərbaycanda olub. Hazırda 10 ölkədən 43 tələbə Azərbaycana gəlib. Avqustun 25-dən sentyabrın 2-nə kimi Azərbaycanda olduqları müddətdə onlar ölkənin görməli yerlərini, muzeyləri gəzəcəklər.