BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Fərid Şəfiyev “Əli və Nino: Romanın etnoqrafiyasına və müəllifə şəxsi bağlılıq” mövzusunda təqdimat keçirib

2022-12-16 10:55

Dekabrın 15-də BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev “Əli və Nino: Romanın etnoqrafiyasına və müəllifə şəxsi bağlılıq” mövzusunda təqdimat keçirib. Təqdimatın məqsədi əsərin müəllifinin kim olmasına dair araşdırmaları təqdim etmək, onun Azərbaycan tarixindəki rolu barədə danışmaq və Fərid Şəfiyevin əsərin sujetinə ailəvi bağlıqlıqlarını çatdırmaqdan ibarət olub. Təqdimat zamanı Fərid Şəfiyev bildirib ki, "Əli və Nino" əsəri ədəbiyyat nümunəsi olmaqla yanaşı, həm də siyasi tərəflərə malikdir. Onun sözlərinə görə, ilk növbədə əsər Azərbaycanın Rusiya imperiyası və 1918-1920-ci illərdə müstəqillik zaman baş vermiş hadisələri özündə əks etdirir: "Digər tərəfi isə əsərdə multikulturalizm  ənənəsinin əks olunmasıdır. Azərbaycan ətrafında bu gün mürəkkəb geosiyasi proseslər gedir, təzyiqlər var.  Lakin buna baxmayaraq Azərbaycan öz daxili və xarici siyasətini davam etdirir. Multukulturalizm və dinlərarası dialoq xarici siyasətinizdə vacib yer tutur. Bu hər zaman belə olub".

Fərid Şəfiyev bildirib ki, əsərə şəxsi, ailəvi bağlılıqları da var. Onun sözlərinə görə, əsərin müəllifi haqqında müxtəlif fikirlər səsləndirilir: "Əsasən Qərb tərəfindən qəbul olunmuş nəzəriyyə var ki, əsərin müəllifi Lev Nissimbaumdur. Əsər Qurban Səid təxəllüsü ilə yazılıb. Həmin təxəllüs isə rəsmi olaraq avstriyalı baronessa Elfrida fon Ehrenfelsiyə məxsusdur. O isə Lev Nissimbaumla şəxsi münasibətlərə malik olub. 

Amerikada araşdırmaçı Betti Bleyrin araşdırmasına görə isə  əsərin ən azından materialları Yusif Vəzir Çəmənzəminli tərəfindən toplanıb. Bunun  araşdırılmasında şəxsən iştirak etmişəm".  

Fərid Şəfiyev deyib ki Çəmənzəminli onun ulu babası azərbaycanlı Əlipaşa Əliyev və həyat yoldaşı gürcü Aleksandranın qonşusu olub. Onların qızının adı Tamara olub və əsərdə də Əli və Ninonun qızının adı Tamardır. Bu səbəbdən əsərin sujetinin bu ailəyə əsasən yazıldığı düşünülür".