BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Fərid Şəfiyev: “Azərbaycan və Ermənistan artıq “post danışıqlar dövrü”nə qədəm qoyub”

2019-09-28 00:00

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sentyabrın 24-də keçirilən görüşü formal xarakter daşıyırdı. Aydındır ki, biz artıq “post danışıqlar dövrü”nə qədəm qoymuşuq. Bu isə Ermənistanın baş naziri Nikol Paşinyanın son bir neçə ayda səsləndirdiyi radikal və populist açıqlamalar fonunda gözlənilən idi. 

Sentyabrın 22-də, yəni, planlaşdırılan danışıqlar ərəfəsində azərbaycanlı hərbçinin təmas xəttində öldürülməsi belə bir təəssürat yaradır ki, erməni rəhbərliyi bütün gücü ilə genişmiqyaslı hərbi toqquşmanın baş verməsinə can atır. Görünən odur ki,  Ermənistanda dərin daxili siyasi böhran - həm Paşinyan partiyasının əvvəlki ölkə rəhbərliyi ilə mübarizəsi, həm güc strukturlarının istefasından sonra partiyadaxili mübahisələr, həm də erməni kilsəsi daxilində gedən parçalanma fonunda baş nazir cəmiyyəti xarici düşmənlə mübarizəyə səfərbər etmək məqsədi ilə yeni müharibə arzusundadır. “İnqilab”a verilən kredit tükənib və beynəlxalq ictimaiyyət demokratikləşmə şüarı arxasında gizlənən və qonşu ölkənin ərazisinin ilhaqını elan edən Ermənistan rəhbərliyinin əsl niyyəti ilə bağlı yanılmamalıdır.

“Post-danışıqlar dövrü” nə ilə nəticələnə bilər? Əsas məqsədi ATƏT-in Minsk qrupunun mandatına uyğun olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusunu müəyyən etmək olan danışıqlar artıq mahiyyətini itirir. Bu şərtlər altında problemin digər yolları barədə düşünməyə ehtiyac yaranır.

2016-cı ilin aprel hadisələri Azərbaycanın artan hərbi potensialını nümayiş etdirdi, bununla yanaşı onun genişlənən iqtisadi potensialı və regional və qlobal müstəvidə etibarlı və uzunmüddətli tərəfdaş statusunun möhkəmlənməsi fonunda dəyişməsi mümkün olan bir sıra geosiyasi maneələrin olduğunu göstərdi.

Danışıqlarda aparılmasını mənasız hesab edən bir ölkə öz hərbi potensialını, iqtisadi gücünü, diplomatiya və elm sahəsi də daxil olmaqla insan resurslarını bundan sonra da gücləndirməyə davam edəcək. Ermənistanın dərinləşən təcridi fonunda Azərbaycanın təşəbbüsü ilə regional layihələrin coğrafiyasının genişlənməsi Yerevanın öz xalqının gələcəyini düşünməyə və 20-ci əsrin ortalarına xas olan milliyyətçi layihələrdən əl çəkməyə  sövq etməli olan daha bir faktordur.  

Bu layihələr keçmişdə öz yaradıcılarını məhv etdi və bu, gələcəkdə də belə olacaq.