BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Ermənistanın ritorikası Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırdı

2020-10-15 14:24

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Eurasia Review” nəşrində “Ermənistanın ritorikası Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırdı” başlıqlı məqaləsi dərc olunub. Yazıda ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin vasitəçiliyi ilə aparılan diplomatik danışıqlar, 2007-ci ildə təklif olunan Madrid prinsipləri daxil olmaqla münaqişənin həlli üçün təklif edilən  mexanizmlərdən bəhs olunur, lakin Ermənistanla Azərbaycan arasında müharibənin davam etdiyi və birbaşa və ya dolayı yolla kütləvi insan tələfatına səbəb olduğu vurğulanır. 

Müəllif yazır ki, Ermənistanda 2018-ci ildə hökumət dəyişikliyindən sonra münaqişənin həlli üçün bir ümid yaranmışdı, çünki atəşkəsin kövrək olduğu və hər hansısa bir eskalasiyanın geniş miqyaslı hərbi əməliyyatlara keçə biləcəyi hiss edilirdi: “Ermənistan Müdafiə naziri David Tonoyan tərəfindən 2019-cu ilin martında elan edilmiş yeni hərbi doktrina “yeni ərazilər üçün yeni müharibə” açıq şəkildə ermənilərin məqsədini üzə çıxardı. Ermənistan Baş naziri Nikol Paşinyanın  Madrid prinsiplərini  şübhə altına salması  münaqişə tərəfləri arasındakı gərginliyi daha da artırmış oldu. 12 iyulda Ermənistan-Azərbaycan sərhədindəki Tovuz eskalasiyasından sonra, 27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən Azərbaycana qarşı daha bir genişmiqyaslı hərbi hücum baş verdi. Bu hücum 1990-cı illərdən bəri ən şiddətli və ciddi hərbi əməliyyatlara çevrildi”.

Qeyd edilir ki, Ermənistanın Azərbaycanın uğurlu hərbi əməliyyatlarını dayandırmaq üçün bütün vasitələrdən istifadə edir. Müəllif bu baxımdan   4 oktyabr tarixində Ermənistanın Azərbaycanın Mingəçevir elektrik stansiyasına raket hücumu barədə qeyd edir və bildirir ki, Mingəçevirdə ən böyük su anbarı yerləşir və onun dağıdılması ekoloji problemlərə və bir çox mülki insanın ölümünə səbəb ola bilər.

Həmçinin yazıda Gəncə şəhərinə edilən raket hücumları da qeyd olunur. “Gəncənin bombardman edilməsinə isə işğalçı rejimin başçısı Arayik Harutyunyan əmr vermişdi. İmzalanmış atəşkəsə baxmayaraq ermənilər bu  aktı həyata keçirdilər və hücum nəticəsində dördü qadın olmaqla ən azı 9 mülki insan həlak oldu və 34 nəfər yaralandı”, deyə müəllif bildirir. 

Sonda ermənilərin təcavüzünün həmçinin regionda enerji layihələrinə də təhdid təşkil etdiyi vurğulanır: “Azərbaycan Xəzər qazını Avropaya çatdırmaq üçün Cənub Qaz Dəhlizi layihəsini uğurla həyata keçirir. Qeyd etməliyik ki, hər hansısa bir hücum Azərbaycanın Avropanın enerji bazarına qaz ixrac etməsinə mane ola bilməz. Bu gün Azərbaycan bölgənin mühüm enerji oyunçusudur və ölkə Avropanın enerji təhlükəsizliyini dəstəkləyir”.

Daha ətraflı: https://www.eurasiareview.com/13102020-how-armenias-rhetoric-sparked-the-nagorno-karabakh-conflict-oped/