BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

2024-08-07 10:29

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq” sərlöhvəli məqaləsi Ceymstaun Fondunun “Eurasia Daily Monitor nəşrində dərc edilib.

Məqalədə Ermənistanın Rusiyadan uzaqlaşmaq, ondan hərbi və iqtisadi sahədə asılılığını zəiflətmək məqsədilə Fransa, Hindistan, hətta İran daxil olmaqla bir sıra dövlətlərlə müqavilə bazasını genişləndirmək istiqamətində atdığı addımlara nəzərə salınır.

“İyulun 31-də ABŞ Dövlət Departamenti Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Vaşinqtonun Azərbaycan və Ermənistandan keçməklə quru ticarət marşrutunun yaradılmasında maraqlı olması ilə bağlı fikirlərini bir daha təsdiqləyib. O bəyan edib ki, bu marşrut Mərkəzi Asiya ölkələri üçün alternativ yol deməkdir və onların dünya bazarlarına çıxmaq üçün Rusiya və Çindən olan asılılığını azaldacaq.  O’Brayn bildirib ki, bu strategiya Ermənistana özünü Rusiyadan uzaqlaşdırmaq üçün şərait yaradacaq. Onun sözlərinə görə,  Ermənistan iqtisadiyyat və enerji baxımından, demək olar ki, tamamilə Rusiyadan asılıdır. Bu səbəbdən, ABŞ Ermənistan Baş naziri Nikol Paşinyanın diversifikasiya ilə bağlı cəsarətli addımlarını dəstəkləyir”.

Təhlükəsizlik siyasətinin diversifikasiyası məqsədilə bir sıra ölkələrlə silah təchizatı sahəsində müqavilələr imzalandığına diqqət çəkən V. Hüseynov qeyd edir ki, bu, Ermənistan və Azərbaycan arasında həssas olan vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq.

“Paralel olaraq, Avropa İttifaqı Ermənistana birbaşa hərbi dəstək göstərib. İyulun 22-də Avropa İttifaqı Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro yardım göstərilməsi ilə bağlı qərar qəbul edib”.

Yekunda vurğulanır ki, rəsmi Bakı artmaqda olan hərbiləşdirmə siyasəti ilə bağlı narahatlığını ifadə edib və son addımların Ermənistanda qisasçılıq meyillərinin güclənməsinə səbəb olacağını qeyd edib.

*Aşağıdakı linkə keçid edərək məqalə ilə ətraflı tanış olmaq olar:

https://jamestown.org/program/military-supplies-to-armenia-escalate-tensions-in-south-caucasus/