BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Ermənistandakı seçkilərin nəticələri sülh prosesi barədə mühüm məqamları üzə çıxarır” sərlövhəli məqaləsi “The Jamestown Foundation” tərəfindən dərc olunub.
Məqalədə müəllif iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinə nəzər salaraq qeyd edir ki, bu seçkilər ölkədaxili idarəetmə məsələləri baxımından xüsusi əhəmiyyət daşımırdı.
“Bu seçkilər, bir tərəfdən, ölkənin gələcəyini Azərbaycanla sülhün bərqərar olunması, Türkiyə ilə münasibətlərin normallaşdırılması və Qərb institutları ilə inteqrasiyanın dərinləşdirilməsi istiqamətində müəyyənləşdirmək, digər tərəfdən isə Rusiya ilə zədələnmiş müttəfiqlik münasibətlərini yenidən canlandırmaq və Ermənistanı təcrid vəziyyətində qoymuş irredentist siyasətə qayıtmaq arasında geosiyasi seçim xarakteri daşıyırdı”.
Məqalədə, həmçinin seçkilərin nəticələrinə beynəlxalq reaksiyalara diqqət yetirilir. Qeyd edilir ki, ABŞ və Türkiyə nəticələri müsbət qarşılayaraq Paşinyanı və sülh gündəliyini dəstəkləyib. Rusiya isə seçkilərdən əvvəl təzyiq və informasiya kampaniyaları vasitəsilə prosesə təsir göstərməyə çalışsa da, nəticələrdən sonra mövqeyini yumşaltmağa məcbur qalıb.
“Azərbaycanla sülh prosesinin seçkilərdən sonra da davam edəcəyinə dair ən aydın siqnal seçkidən cəmi bir həftə sonra - iyunun 14-də verildi. Həmin gün Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirildi. Tərəflər sülh gündəliyində yer alan məsələləri müzakirə edib, ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə, həmçinin cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb və növbəti görüşün Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub.
Bu görüş təkcə məzmununa görə deyil, keçirildiyi vaxta görə də diqqət çəkir. Çünki seçkilərin nəticələri ətrafında mübahisələrin davam etdiyi, müxalifətin etirazlarını sürdürdüyü bir vaxtda Bakı və İrəvan yüksək səviyyəli birbaşa təmasları bərpa ediblər. Bu isə sülh prosesinin seçkilərdən sonrakı dövrdə də gündəmdə qaldığını və tərəflərin dialoqu davam etdirmək niyyətində olduqlarını göstərən mühüm siqnal kimi qiymətləndirilə bilər”.
Yekunda müəllif bildirir ki, normallaşma prosesində əsas maneə olan Ermənistan Konstitusiyasına dəyişiklik məsələsi hələ də qalmaqdadır. Azərbaycan sülh sazişinin imzalanması üçün bu dəyişikliklərin həyata keçirilməsini tələb edir. Lakin referendumun keçirilməsi zərurəti və daxili siyasi müqavimət səbəbindən bu, mürəkkəb proses olaraq qalır. Nəticə etibarilə, seçkilər sülhə doğru istiqaməti gücləndirsə də, yekun sülh sazişinin imzalanması konstitusiya ilə bağlı maneələr səbəbindən hələ tam reallaşmayıb.
*Məqalənin ingilis dilində dərc edilmiş tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://jamestown.org/armenias-election-results-telling-for-azerbaijan-peace-process/


