Ermənistanda iqtisadi böhran dərinləşir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Orxan Bağırovun “Eurasia Review” nəşrində “Ermənistanda iqtisadi böhran dərinləşir” adlı məqaləsi çap edilib.  

Məqalədə qeyd edilib ki, iyunda Ermənistanda baş tutmuş parlament seçkilərindən sonra bu ölkədə siyasi vəziyyətin düzəlməsi ilə iqtisadi vəziyyətin də sabitləşəcəyi gözlənilsə də, bunun əksi baş verir. Belə ki, iyul ayında Ermənistanın Milli Statistika Xidmətinin elan etdiyi məlumatlara əsasən, inflyasiya 8.2 faiz səviyyəsinə çatıb. “Qiymət artımı daha çox ərzaq məhsullarında müşahidə edilib və iyun ayı ilə müqayisədə 4.9 faiz artaraq 13.9 faiz səviyyəsinə çatıb. Ayrı-ayrı ərzaq məhsullarının qiymətinə baxdıqda isə aydın olur ki, istehlak səbətinə daxil olan ərzaq məhsullarının böyük hissəsinin qiyməti artıb ki, bu da əhalinin rifah halına və sosial vəziyyətinə əsaslı şəkildə təsir edir”,- deyə müəllif yazır. 

Daha sonra qeyd edilir ki, Ermənistanda qida məhsullarının qiymət artımına təsir edən əsas faktor 44 günlük müharibədən sonra Ermənistanın əvvəl işğal etdiyi ərazilərdə istismar etdiyi kənd təsərrüfatı ehtiyatlarının əldə çıxmasıdır. Bildirilir ki, bu ehtiyatların əldən çıxması ərzaq çatışmazlığı yaradaraq idxalın artmasına və bu da qiymətlərin yüksəlməsinə səbəb olub. 

Daha sonra məqalədə Ermənistanda iqtisadi böhranın dərinləşməsini sübut edən  faktorlar kimi əhalinin emiqrasiyası və ölkədən kapital axının baş verməsi göstərilib.  Diqqətə çatdırılıb ki, 2021-ci ilin yanvar-mart aylarında 63.7 min Ermənistan vətəndaşı ölkəni tərk edərək geri dönməyib: “Cari ilin ilk beş ayında isə sərnişin dövriyyəsi 368 min nəfər olub ki, onun da 25 faizi geri dönməyib. İlin ilk yarısında isə 21.9 min Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı alıb. Emiqrasiya ilə paralel ölkədən kapital axını da baş verməkdədir. Kapital axınına təsir edən əsas faktor ölkəni tərk edən əhalinin maliyyə vəsaitlərini özləri ilə aparmasıdır. Cari ilin ilk beş ayında Ermənistandan başqa ölkələrə göndərilmiş pul vəsaitlərinin həcmi 70 milyon dollar və ya 17.6 faiz artaraq 467 milyon dollar çatıb. Son üç ildə isə Ermənistandan 4 milyard dollar həcmində kapital çıxarılıb”. 

Sonda isə qeyd edilib ki, 44 günlük müharibənin mənfi iqtisadi nəticələri Ermənistanda iqtisadi və sosial vəziyyətə hələ də təsir etməkdədir. “Ermənistanın təxribatları nəticəsində əsgərlərin sərhəddə ölməsi, siyasi qeyri-sabitlik, ölkənin inkişaf perspektivlərinə olan inamın azalması qarşıdan gələn illərdə emiqrasiyanı və kapital axınını sürətləndirməyə davam edəcək. Ona görə də ölkənin gələcək iqtisadi inkişafı üçün Ermənistan Azərbaycanla sərhəddə təxribatlara və aqressiv davranışa son qoymalı, noyabr razılaşmasının müddəalarını, o cümlədən Zəngəzur Koridorunun açılmasının həyata keçirməlidir. Ermənistanın iqtisadi baxımdan sağ qalmaq üçün yolu qonşularla iqtisadi və siyasi əlaqələrin normallaşdırılması və iqtisadi blokadadan azad olmaqdır. Əks halda iqtisadi böhranı idarə etmək mümkün olmayacaq”,- deyə müəllif bildirib.

Daha ətraflı:   https://www.eurasiareview.com/29082021-the-economic-crisis-deepens-in-armenia-oped/