2023-cü ilin iyul ayında Avropa Şurasının sabiq Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş Brüssel sammitindən sonra uzun fasilə yaranmışdı. 2025-ci ilin iyul ayının 10-da Ermənistan və Azərbaycan liderləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə görüşərək sülh prosesini irəli aparmaq məqsədilə bir araya gəldilər. Son iki il ərzində onlar bir neçə dəfə görüşüblər, lakin həmin görüşlər beynəlxalq toplantılar çərçivəsində baş tutmuş və substantiv danışıqlar adətən rəsmi nümayəndələr tərəfindən bağlı qapılar arxasında aparılmışdı. Əbu-Dabi görüşü xüsusilə əhəmiyyət kəsb edir, çünki bu, son illərdə böyük gücün vasitəçiliyi olmadan, iki tərəfin birbaşa təşkili ilə keçirilən ilk ikitərəfli zirvə görüşü idi.
Əbu Dabinin məkan olaraq seçilməsi məqsədyönlü xarakter daşıyırdı. Avropa paytaxtları və ya Moskvadakı görüşlərdən fərqli olaraq, BƏƏ neytral və geosiyasi cəhətdən tərəfsiz platforma təqdim edirdi. Onun tərəfsiz diplomatik mərkəz kimi artan nüfuzu danışıqlara etibarlılıq qazandırırdı və hər iki tərəfin ənənəvi vasitəçilərin qərəzləri ilə üzləşmədən məzmuna fokuslanmasına imkan verirdi. Diplomatik mənbələrin məlumatına görə, sammitin Əbu Dabidə keçirilməsi təklifi Azərbaycandan gəlib. Bu da Bakının suverenlik və birbaşa kommunikasiyaya üstünlük verdiyini göstərir.
BƏƏ-ni görüş məkanı kimi seçməklə, Bakı və İrəvan həm Qərbə, həm də Rusiyaya aydın mesaj verdilər: onlar sülh prosesinin böyük güclər arasındakı rəqabətin qurbanına çevrilməsinə izn verməyə hazırlaşmırlar. Bu mesajın önəmi heç bir halda aşağı qiymətləndirilməməlidir. Xüsusilə, Azərbaycanın mövqeyi incə balanslaşdırılmış yanaşmanı nümayiş etdirir. Moskvanın regional dominantlığından uzaqlaşmaqla yanaşı, Bakı Rusiyaya qarşı olan hər hansı geoposiyasi blokla da ittifaqa girmir. Əksinə, strateji müstəqilliyini təsdiqləyir. Bu mövqe xüsusilə son həftələrdə Azərbaycanla Rusiya arasında münasibətlərin əvvəllər heç vaxt olmadığı qədər gərginləşdiyi bir dövrdə xüsusi əhəmiyyət kəsb edir.
Geosiyasi baxımdan, bu zaman sülhün tezliklə əldə olunması üçün çox əlverişlidir. Tarixən böyük güclərin rəqabət mərkəzi olan Cənubi Qafqazda maraqlar nadir hallarda bu qədər üst-üstə düşür. Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsi və 2024-cü ilin mayında Rusiya sülhməramlılarının Qarabağdan çıxması regional vəziyyəti köklü şəkildə dəyişib. Paşinyanın rəhbərliyi altında Ermənistan Rusiyaya asılılığını azaldır, KTMT-dən uzaqlaşır və yeni tərəfdaşlar axtarır. Ermənistan və Azərbaycanın xarici siyasətdə daha müstəqil olmağa doğru yaxınlaşması əməkdaşlıq üçün unikal fürsət yaradır. Ukraynadakı müharibə, İranla İsrail arasındakı gərginlik Cənubi Qafqazın strateji önəmini artırır və sülhü təkcə iki ölkənin yox, bütün regionun vacib məqsədinə çevirir.
*Məqalənin ingilis dilində olan tam, orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.commonspace.eu/opinion/peace-has-never-been-close-between-armenia-and-azerbaijan


