Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası sülh və təhlükəsizlik üçün vacibdir

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Eurasiareview” saytında “Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası sülh və təhlükəsizlik üçün vacibdir” başlıqlı məqaləsi dərc olunub.

Müəllif yazıda qeyd edir ki, Cənubi Qafqazdakı ərazi mübahisələri və sərhəd problemləri bölgədəki sabitlik və təhlükəsizliyə ən böyük təhdiddir. O, xüsusilə Azərbaycan və Ermənistan arasındakı sərhəd məsələsini qeyd edir və bildirir ki, iki dövlət münaqişəsi səbəbindən dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlaya bilməyib: “1990-cı illərin əvvəllərində başlayan Qarabağ münaqişəsi Azərbaycanın ərazi itkiləri ilə nəticələndi. Müharibədən sonra Ermənistan  Azərbaycan ərazilərinin iyirmi faizini işğal etdi və nəticədə Azərbaycan həm Ermənistan, həm də İranla dövlət sərhədinin böyük hissəsinə nəzarəti itirdi. İşğal illərində həmin ərazilər silah və narkotik maddələrin qanunsuz dövriyyəsi üçün istifadə edilib”.

Şahmar Hcıyev qeyd edir ki, münaqişə artıq başa çatıb və müharibədən sonrakı dövrdə tərəflər nəqliyyat əlaqələrini açmaqla yanaşı, dövlət sərhədinin demarkasiyası kimi vacib məsələlərə həll yolları tapmağa çalışırlar. Müəllif yazır ki, bu proses bölgənin gələcək təhlükəsizliyi və sabitliyi üçün əhəmiyyətlidir. Qeyd olunur ki? Noyabr müqaviləsindən sonra Azərbaycan Sovet xəritələri və GPS istifadə edərək demarkasiya prosesinə başlayıb.

Müəllif sonda vurğulayır ki, sərhəd problemləri iki ölkə arasında  təhlükəsizlik və davamlı sülh üçün əsas çağırışlardan olacaq.  “Bu gün Qazax rayonunun yeddi kəndi və Naxçıvan MR-nin Sədərək rayonunun bir kəndi hələ də Ermənistanın nəzarətindədir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etmək istəyir. Ermənistan anlamalıdır ki, Qarabağ bölgəsində azərbaycanlı və erməni xalqının dinc yanaşı yaşaması Azərbaycan hökumətinin prioritetidir. Azərbaycana qarşı təbliğat aparmaq və demarkasiya / delimitasiya prosesinin başlamasının qarşısını almaq yalnız sülh prosesinə zərər verəcək. Ermənistan-Azərbaycan sərhəd mübahisəsinin uzunmüddətli həlli ərazi bütövlüyünün qarşılıqlı tanınması və bütün beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə dəstək verilməsindən asılıdır”.- deyə vurğulanır.

Daha ətraflı:  https://www.eurasiareview.com/25052021-delimitation-and-demarcation-of-state-boundaries-between-armenia-and-azerbaijan-essential-for-peace-and-security-oped/