BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Enerji və nəqliyyat sahəsində Türk oxu: Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı

2025-08-26 15:59

Zəngəzur Dəhlizinin mühüm tərkib hissəsi olan Qars-Dilucu dəmir yolunun təməlqoyma mərasiminin baş tutduğu 2025-ci il avqustun 22-də Türk dünyası üçün əhəmiyyət kəsb edən ikinci bir hadisə Xəzərin şərq sahilində -Türkmənistanda baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov arasında üçtərəfli görüş keçirildi. Liderlərin mətbuata verdiyi birgə bəyanatdan və imzaladıqları üçtərəfli sənəddən də göründüyü kimi, görüşün əsas mövzusu nəqliyyat, enerji, turizm, ticarət və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi oldu. Lakin müzakirə olunan məsələlər arasında xüsusilə nəqliyyat və enerji əməkdaşlığına dair verilən açıqlamalar və imzalanan razılaşmalar diqqət mərkəzində oldu.

Üç ölkənin nəqliyyat marşrutlarının birləşdirilməsi

Bu üç ölkə dənizə çıxışı olmayan quru ölkələridir və açıq dənizlərə çıxmaq üçün qonşu ölkələrlə əməkdaşlıq imkanları təhlükəsizlik və sanksiyalar səbəbindən məhduddur. Hər üç dövlətin əməkdaşlıq üçün bir-birini seçməsinin başlıca səbəbi isə aralarındakı etimaddır. Bu müsbət mühitin formalaşmasında son illərdə Azərbaycan və Türkiyənin “Türküstan acılımı” siyasətinin, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) artan rolunun mühüm təsiri olub.

Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə Cənubi Qafqazda nəqliyyat və daşımalar sahəsində əməkdaşlıq imkanları əhəmiyyətli dərəcədə artıb. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiyalar və müharibənin yaxın perspektivdə başa çatma ehtimalının görünməməsi, Çin və Türküstan bölgəsindəki ölkələrin Orta Dəhlizə yönəlməsinə səbəb olmuşdur.

Bu səbəbdən uzun müddətdir, üç ölkənin milli nəqliyyat marşrutlarının inteqrasiyası istiqamətində işlər aparılır. Xüsusilə tarif siyasəti, beynəlxalq bazarlara çıxış zamanı ortaq logistik mərkəzlərin yaradılması və Xəzər dənizində yükdaşımaların həyata keçirilməsi məsələləri üzrə danışıqlar davam etdirilir.

Son hadisələrlə əlaqədar Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəldilmiş, Bakı Beynəlxalq Dəniz Limanının gücü isə 15 milyon tona çatdırılmışdır. Son olaraq, Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşma ilə Zəngəzur dəhlizinin Ermənistan hissəsinin açılması ehtimalı güclənib. Bu da Xəzər regionu ölkələrinin həmin marşrutdan istifadə etməsini cəlbedici edir.

Belə olan halda, Xəzərin şərq sahilində yerləşən türk dövlətləri Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa önəm verirlər. Liderlərin görüşündən sonra Özbəkistan nəqliyyat naziri İlham Mahkamov Özbəkistan, Azərbaycan və Türkmənistan arasında nəqliyyat, logistika və özəl sektor sahələrində ortaq şirkətlərin yaradılmasını nəzərdə tutan üçtərəfli sazişin imzalandığını açıqladı. Özbəkistan Xəzər dənizində dəniz nəqliyyatına qoşulmaq üçün Azərbaycan və Türkmənistandan gəmi almağı və Xəzər dənizində öz bərələrini işlətməyə başlamağı planlaşdırır.

Son dövrdə bu üç ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığı sürətləndirən digər mühüm hadisə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi ilə bağlı əməkdaşlıqdır. 2024-cü il iyunun 6-da sözügedən ölkələr dəmir yolunun inşasına dair saziş imzalamış, 26 iyulda isə Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu Şirkəti yaradılmışdır. Ardınca, 2024-cü il dekabrın 21-də tərəflər arasında dəmir yolu investisiya sazişi imzalanmış və 27 dekabrda layihənin təməlqoyma mərasimi keçirilmişdir. Bu dəmir yolu Çinin Avropa bazarlarına çıxışında Rusiya marşrutuna nisbətən 900 kilometr və ya 7 gün daha qısa yol təqdim edir.

Ekspertlər Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun illik 15 milyon tona qədər yükdaşıma qabiliyyətinə malik ola biləcəyini proqnozlaşdırırlar. Özbəkistan və Qırğızıstan bu dəmir yolu vasitəsilə daşınan yüklərın Türkmənistan-Xəzər dənizi-Azərbaycan marşrutu ilə davam etməsini istəyirlər. Bu o deməkdir ki, Çin yükü bir marşrutla Qazaxıstan üzərindən, digər marşrutla isə Türkmənistan vasitəsilə Xəzər dənizini keçərək Azərbaycana daşınacaq.

Türkmənistandan təbii qaz əvəzinə elektrik enerjisinin idxalı

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadiyyat Komissiyasının məlumatlarına görə, 13,6 milyard kubmetr təbii qaz ehtiyatı ilə Türkmənistan dünya təbii qaz ehtiyatlarının 7,2 faizinə sahibdir. Türkmənistanın regionda, o cümlədən Çin də daxil olmaqla, müxtəlif ölkələrlə təbii qaz sahəsində əməkdaşlığı mövcuddur. Lakin Azərbaycan vasitəsilə Türkiyə və Avropa bazarına çıxış qiymət və bazar şaxələndirilməsi baxımından Türkmənistan üçün əlverişli imkan yaradır.

Xəzər dənizində, Azərbaycan yaxınlığında yerləşən Türkmən təbii qaz quyularından çıxarılan qazın Azərbaycan təbii qaz boru kəmərlərinə qoşularaq Qərb bazarlarına çatdırılması tərəflər arasında müzakirə olunan məsələlərdəndir.

Digər tərəfdən, son dövrlərdə Qərbdə təbii qazla yanaşı, elektrik enerjisinə olan tələbat da artmaqdadır. Bu kontekstdə Azərbaycan Türküstan coğrafiyasındakı ölkələrlə birlikdə bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsinə dair razılaşmalar imzalayıb və bu istiqamətdə infrastruktur işləri davam etdirilir.

Bu proseslər çərçivəsində Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoya bilər. Türkmənistan təbii qazından istehsal olunacaq elektrik enerjisi elektrik xətləri vasitəsilə Xəzər dənizi üzərindən Azərbaycan və Qərbə ötürülə bilər. Yəni, Xəzərdən türkmən təbii qazı boru xətti yox, türkmən təbii qazından istehsal olunan elektrik enerjisi xətti keçə bilər. Beləliklə, İran və Rusiya tərəfindən “ətraf mühit səbəblərinə görə” etirazla qarşılanan Trans-Xəzər Təbii Qaz Boru Kəməri məsələsi də həll edilmiş olacaq.

Digər tərəfdən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanla enerji sahəsində yeni əməkdaşlığa başlayıb. İmzalanan müqavilə çərçivəsində SOCAR Özbəkistanda neft axtarış işləri aparır. Prezident İlham Əliyevin açıqlamasına görə, yaxın gələcəkdə SOCAR-ın Özbəkistanda apardığı bu işlərdə böyük neft quyusunun kəşf olunması mümkündür. Bu kəşf həm Özbəkistanın enerji təhlükəsizliyinə töhfə verəcək, həm də iki ölkə arasındakı enerji əməkdaşlığını yeni səviyyəyə qaldıracaq.

Nəticə etibarilə, Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı Xəzər dənizi boyu türk dövlətləri arasında əlaqələri daha da gücləndirmiş və Türkmənistanın bu prosesə fəal şəkildə qoşulması prosesi sürətləndirmişdir. Bu dəyişikliklər Türk oxunun Mərkəzi Asiyada təsirini, həmçinin bu ölkələrin Şərq və Qərb arasında tranzit rolunu və geostrateji əhəmiyyətini artırır. Xəzərin hər iki sahilindəki türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi Türkiyənin enerji təhlükəsizliyinə töhfə verəcək və nəqliyyat sahəsində körpü funksiyasını möhkəmləndirəcəkdir.

*Məqalənin türk dilində dərc edilmiş orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

 https://www.aa.com.tr/tr/analiz/enerji-ve-tasimacilikta-turk-ekseni-azerbaycan-turkmenistan-ozbekistan-uclu-isbirligi/3668325