BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Əhməd əl-Şaraanın Bakı səfəri: Suriya-Azərbaycan əlaqələrində yeni dövr

2025-07-15 09:34

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa 12 iyul tarixində Azərbaycana işgüzar səfər etdi. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Əhməd Əl Şaraa  arasında Suriya Respublikasının problemlərinin həllində Azərbaycanın göstərə biləcəyi dəstək barədə müzakirələr baş tutub.

Səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Türkiyə üzərindən Suriyaya təbii qazın tədarükü, enerji və neft axtarışı sahələrində əməkdaşlıq və əlaqələndirməni nəzərdə tutur. Tərəflər, həmçinin enerji infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər. Bu səfər çərçivəsində yalnız enerji sahəsində anlaşma imzalanmasına baxmayaraq, Suriyanın yenidən qurulması, təhsil və mədəniyyət kimi digər sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır. Həmçinin, suriyalı tələbələrin təqaüdlə Azərbaycanda təhsil almaları məsələsində razılıq əldə olunmuşdur.

Səfər gözlənilməz olmadı

Əslində, prosesi yaxından izləyənlər üçün Əhməd əl-Şaraanın Azərbaycana səfəri gözlənilməz olmadı. Azərbaycan əvvəldən etibarən Dəməşqdə formalaşan yeni hakimiyyəti dəstəkləyərək Suriyanın sabitliyinə, beynəlxalq aləmdə tanınmasına və təcriddən çıxmasına konkret töhfələr vermişdir. Azərbaycan Xarici İşlər Nazirliyi Bəşər Əsədin devrilməsindən sonra verdiyi açıqlamada Suriya xalqını təbrik etmiş, ölkənin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini ifadə etmişdir.

2024-cü ilin dekabr ayında Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Suriyaya səfər edərək Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb. Görüş zamanı Azərbaycanın Suriyada formalaşmış yeni hakimiyyətə dəstəyi ifadə olunmuş, nazir Şeybani rəsmi şəkildə Azərbaycana dəvət edilmişdir.

Bundan əlavə, 30 dekabr 2024-cü il tarixində Azərbaycandan yola çıxan 10 humanitar yardım yükü Türkiyə üzərindən Suriyaya çatdırılmışdır.

Suriyada vətəndaş müharibəsi zamanı fəaliyyətini dayandırmış Azərbaycan səfirliyi 2025-ci il fevralın 17-də yenidən fəaliyyətə başladı. Bundan öncə, 29 yanvar tarixində Əhməd əl-Şaraa Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti seçildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev ona təbrik məktubu göndərmiş, Suriyaya lazım olan dəstək və yardımı göstərməyə hazır olduğunu bildirmişdir.

Əhməd əl-Şaraa da 1 aprel tarixində Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamışdır.

11–13 aprel tarixlərində keçirilən Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Prezident İlham Əliyev və Əhməd əl-Şaraa arasında görüş baş tutdu. Görüş zamanı Prezident Əliyev Azərbaycanın Suriyanın yenidən qurulmasında dəstək göstərməyə hazır olduğunu bildirmişdi. Əhməd əl-Şaraa isə enerji, infrastruktur və təhlükəsizlik sahələrində Azərbaycandan dəstək istədi.

2025-ci ilin may ayında Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyanın yeni hakimiyyəti ilə ikitərəfli münasibətləri gücləndirmək və ölkənin yenidən qurulması prosesinə dəstək vermək məqsədilə Dəməşqə səfər etmişdi. S. Şərifov, həmçinin Prezident İlham Əliyevin Suriya lideri Əhməd əl-Şaraaya Azərbaycana dəvət məqsədi ilə rəsmi məktubunu təqdim etmişdir.

Beləliklə, Azərbaycan və Suriya arasındakı münasibətlər 2024-cü ilin dekabrından etibarən mərhələli şəkildə inkişaf etmiş və Əhməd Əl Şaraanın səfəri ilə konkret nəticələr əldə olunmuşdur.

Türkiyə ilə koordinasiya

Azərbaycan Suriyanın yeni hökumətinə dəstəyini daim Türkiyə ilə əlaqələndirib və Türkiyənin Suriyadakı roluna xüsusi diqqət yetirib. Prezident İlham Əliyev yeni hökumət işə başlayandan sonra Türkiyənin dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümid etdiyini ifadə edib, Suriya xalqının qarşılaşdığı humanitar problemlərin aradan qaldırılmasında dəstək verməyə hazır olduğunu bildirib.

2025-ci ilin 18 yanvar tarixində Bakı şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Hakan Fidanın birgə mətbuat konfransında Azərbaycan tərəfindən Suriyaya humanitar yardımların davam etdiriləcəyini və Suriyanın beynəlxalq sistemin aktiv iştirakçısına çevrilməsi istiqamətində Türkiyə ilə birgə dəstək veriləcəyini açıqladı.

Azərbaycan 12 iyul tarixində enerji sahəsində imzalanmış əməkdaşlığı da Türkiyə ilə əlaqələndirib. Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitindən qayıdarkən Azərbaycan tərəfindən Suriyaya təbii qaz tədarük olunacağı barədə məlumatı Əhməd əl-Şaraaya çatdıracağını bildirdi. Məhz bu açıqlamadan sonra isə Əhməd əl-Şaraanın Azərbaycana səfəri gerçəkləşdi.

Digər tərəfdən, Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyev ilə Əhməd əl-Şaraa arasında keçirilən görüşdə Azərbaycan-Türkiyə-Suriya üçtərəfli əməkdaşlıq mexanizmi müzakirə edildi. Beləliklə, Azərbaycan Suriyaya siyasətini Türkiyə ilə əlaqələndirməklə yanaşı, Türkiyənin Suriyadakı roluna xüsusi diqqət yetirir və onu dəstəkləyir.

Azərbaycanın dəstəyi Suriyanın beynəlxalq aləmdə tanınmasına və ölkənin yenidən qurulması prosesinə xidmət edir. Suriya Azərbaycandan uzaq bölgə olsa da, keçmişdə Suriyada baş verən hadisələr həm geosiyasi, həm də siyasi baxımdan Azərbaycana mənfi təsir göstərib. Suriya Rusiya və İran ittifaqının Azərbaycan-Türkiyə ittifaqı əleyhinə nəzarət etdiyi ərazilərdən biri olmuşdur. Məsələn, Bəşər Əsəd hakimiyyəti İkinci Qarabağ Müharibəsində Ermənistanın işğalına dəstək vermişdi.

Bir vaxtlar Bəşər Əsəd hakimiyyətinin müttəfiqləri olan İran və Rusiyanın hərbi müdaxiləsi nəticəsində xarabalığa çevrilmiş Suriya hazırda Azərbaycan və Türkiyənin əməkdaşlığı ilə yenidən dirçəlməyə çalışır. Azərbaycan və Türkiyənin İkinci Qarabağ Müharibəsində əldə etdiyi konkret nəticələr, Qarabağın bərpası, enerji sahəsində qazandırılan uğurlar Suriyanın yenidən qurulması, təhlükəsizliyinin təmin olunması və enerji ehtiyaclarının qarşılanmasına mühüm təsir göstərir. Beləliklə, sabit Suriya Azərbaycan və Türkiyənin regional siyasətləri üçün böyük əhəmiyyət kəsb edir.

*Məqalənin türk dilində dərc olunmuş orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.aa.com.tr/tr/analiz/ahmed-saranin-baku-ziyareti-suriye-azerbaycan-hattinda-yeni-donem/3630235